Son xəbərlər

 


AYB.az saytı xəbər verir ki, yanvar ayının 27-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Osman Qazi Universitetinin professoru Tamilla Aslanxanlının Türkiyə türkcəsinə uyğunlaşdırdığı “Bayraqlarda hilalımız”, “Mübarizim bir dünya”, “Ömrüm saralmış yarpağa bənzəyir” kitablarının imza günü keçirilib.

 

    “Bayraqlarda hilalımız” kitabında Azərbaycanın şair qadınlarından bəzilərinin yaradıcılıqlarından nümunələr yer alıb. Kitabda Fəridə Ləman, Sona Çərkəz, Salatın Əhmədli, Firuzə Məmmədli, Telli Pənahqızı, Nəzakət, Fəridə Hacıyeva, Aşıq Ulduz Sönməz, Cığatel İsaqızı, Güləmail Murad, Sevda Qasımovanın şeirləri Tamilla Aslanxanlının tərcüməsində Türkiyə oxucularına çatdırılıb.

    Tamilla Aslanxanlının Türkiyə türkcəsinə uyğunlaşdırdığı  Fəridə Ləmanın  “Mübarizim bir dünya” kitabı Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunub. 

    “Ömrüm saralmış yarpağa bənzəyir” kitabında Nəzakətin şeirləri yer alıb.

   Təqdimat mərasimini giriş sözü ilə açan şairə Fəridə Ləman qonaqları salamladıqdan sonra Tamilla Aslanxanlının həyat və yaradıcılığı haqqında iştirakçılara məlumat verib: “Osman Qazi Universitetinin professoru Tamilla xanımı Türkiyədə Azərbaycanın mədəniyyət elçisi kimi tanıyırlar”.

    Tədbirdə çıxış edən Firuzə Məmmədli Tamilla xanıma gördüyü işlərə görə təşəkkür edib: “Tamilla xanımı görəndə düşünürəm ki, o bizim ədəbiyyat bayrağımızı Türkiyədə dalğalandırır”.

    İmza günündə Telli Pənahqızı, Aşıq Ulduz, Oqtay Rza, Sona Çərkəz, Güləmail Murad, Salatın Əhmədli, Nəzakət, Cığatel İsaqızı və başqaları çıxış edərək Tamilla Aslanxanlıya Azərbaycan ədəbiyyatını, poeziyasını qardaş Türkiyədə təbliğ etdiyinə görə təşəkkür ediblər, ona fəaliyyətində uğurlar diləyiblər.

    Tədbirdə həmçinin Tamilla Aslanxanlının tərcümə etdiyi Salatın Əhmədlinin “Heydər Əliyevin dil siyasəti”, “Analar köç edərkən”, Aslan Kəmərlinin “Bu yollardan Nazim keçdi”, Nüsrət Kəsəmənlinin                                                               “Mənsiz qalan dünya” kitabları da oxuculara təqdim olunub.

    Mərasimin sonunda çıxış edən Tamilla Aslanxanlı tədbirin keçirilməsinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara təşəkürünü bildirib.

 

AYB.az

Məlahət Qənbərova  

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə