Son xəbərlər

 


Mayın 2-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı-tərcüməçi Kamran Nəzirlinin “Dördüncü möhür” romanının təqdimatı keçirilib. Tədbiri Birliyin katibi İlqar Fəhmi açaraq  K.Nəzirlinin yaradıcılıq uğurlarından söz açıb: “Kamran Nəzirlini təqdim etməyə ehtiyac yoxdur, məncə. O, uzun zaman Azərbaycan ədəbiyyatında külüng çalan yazarlardan biridir. Onun əsərləri oxucular tərəfindən daim maraqla qarşılanıb. Bu gün isə onun “Dördüncü möhür” romanının təqdimatına yığışmışıq”.

 

AYB-nin sədri, Xalq yazıçısı Anar çıxış edərək K.Nəzirlinin yaradıcılığı haqda fikirlərini dilə gətirib: “Kamranı mətbuatdan ayrı-ayrı hekayələri ilə tanıyıram. Bununla yanaşı o peşəkar tərcüməçidir. Həm İngiliscədən  Azərbaycan dilinə, həm də Azərbaycancadan İngilis dilinə tərcümə etmək həqiqətən çətin və məharətli bir işdir”.

Yazıçı-tərcüməçi Yaşar Əliyev yazıçının yaradıcılıq xronikası və nəsrdəki bədii ustalığından danışıb: “Kamranı ilk dəfə şeirləri ilə tanımışam. Onun çox hissiyatlı, məni heyran edən şeirləri var idi. Sonradan isə tamamilə nəsrə keçid etdi. Onun nəsrinin xüsusi özəllikləri var. O, təkcə mövzunu təqdim etmir, həm də problemdən çıxış yolları göstərir. Bununla yanaşı Kamran istisna tərcüməçilərdəndir ki, tərcümələri çılpaq prozadır. Kamranın prozası publisistika ilə nəsrin sərhədlərindədir, bu mənada olduqca aktualdır”.

Tənqidçi Vaqif Yusifli yazıçının yaradıcılığı ilə bağlı təhlillərini bölüşüb: “Kamran Nəzirlinin özünəməxsus təhkiyə tərzi, həmçinin öz müstəvisindən baxış, xüsusi müşahidə səriştəsi var. Adətən yazıçılar yaradıclığa hekayə ilə başlayırlar. Hekayədə bişəndən sonra isə roman janrına keçid edirlər. Kamran Nəzirilidə də eyni yaradıcılıq yolunu görürük. Onun hekayələrində bir gözlənilməzlik var... Mən Kamran Nəzirlinin hekayələri haqda məqalə də yazmışam. “Dördüncü möhür” romanı isə Kamran Nəzirlinin roman poetikasına yaxşı bələd olduğunu sübut edir. Bu roman çox böyük hadisələri əhatə edir. Romanda üç ailənin və yurddaşlarımızın, ümumilikdə Azərbaycanın taleyi diqqəti cəlb edir. Biz Kamran Nəzirlidə publisistika ilə nəsrin qovuşmasını müşahidə edirik. Bəzən isə publisistika nəsri üstələyir, ancaq romandakı hadisələr bir qədər də bunu tələb edir. Romanın qəhrəmanlarına gəldikdə isə Kamran Nəzirlinin obrazları təqdim etmə bacarığı xüsusilə güclüdür”.

AYB-nin sədr müavini Nazim İbrahimov, tərcüməçi Qılıncxan Bayramov, şairlər Oqtay Rza, Kəmalə Abiyeva, Ramiz Məmmədzadə və başqaları da yazıçının yaradıcılığı barədə çıxş edərək fikirlərini paylaşıblar. Sonda K.Nəzirli çıxış edib və tədbir təşkilatçılarına, çıxışçılara minnətdarlığını bildirib.

 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə