Son xəbərlər

 




Mayın 3-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda gənc şair Gülnar Səmanın aybKitab layihəsi çərçivəsində çap olunan “Gül” şeirlər kitabının təqdimatı keçirilib. Tədbiri şair Əkbər Qoşalı açaraq G. Səmanın şeirlər kitabından söz açıb: “Bu gün Gülnarın günüdür. Onun “Gül” kitabının təqdimatına toplaşmışıq. “Gül” sözünü istər isim kimi, istərsə də fel kimi anlamaq olar. Mən inanıram ki, bu “Gül”ün ətri, rayihəsi daha geniş arealda yayılacaq və bizi həmişə riqqətə gətirəcək... Gülnar öz ədəb-ərkanı, təmkinliliyi ilə seçilir. Şeirləri daha çox gənclərin ruhları ilə səsləşir”.

 

Tənqidçi Vaqif Yusifli gənc şairin elmi fəaliyyətlə məşğul olduğunu və bu işin öhdəsindən də uğurla gəldiyini vurğulayıb: “Gülnar mənim doktorantımdır. Onun “Müasir ədəbiyyatımızın ideya və bədii xüsusiyyətlərinin inkişaf yolu” adlı dissertasiya işi də var. Elmi yaradıcı fəaliyyəti də qaneedicidir. Ancaq elmi dili daha da püxtələşməlidir. Elmi fəaliyyətlə bədii yaradıcılıq bir-birinə qətiyyən maneə olmur. Şeirdə elmilik obrazlı ifadələrdir. Bu mənada elmi fəaliyyəti onun yaradıclığı üçün xüsusi bir avantajdır”.

Birliyin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza aybKitab layihəsinin gənc yazarlar və oxucular üçün mühüm bir proyekt olduğunu qeyd edib: “Bu gün həm də türkçülük bayramıdır. Kitabın təqdimatının belə bir günə təsadüf etməsi sevindiricidir. İstedadlı şair və tərcüməçi Gülnar Səmayla artıq ikinci imza günü keçiririk. “Gül” şeirlər toplusundan öncə Gülnar Səmanın dilimizə tərcümə etdiyi Mehmet Nuru Parmaksızın “Həsrət, eşq və sükut” kitabının da təqdimatını keçirmişdik. aybKitab layihəsinin bu uğurlu fəaliyyəti davam edir və gənc imzaların tanıdılmasında, oxucuların kitaba marağının artırılmasında önəmli rol oynayır”.

“Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, şairlər Oqtay Rza, Fərqanə Mehdiyeva, yazar Şəhla Aslan və başqaları da çıxış edərək şairin şeirləri barədə fikirlərini bölüşüb və ona yaradıcılıq uğurları arzulayıblar. Sonda G.Səma oxuculara imzalı kitablarını təqdim edib.

 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə