Son xəbərlər

 

Son illər Moskvada Xalq yazıçısı Anarın bir çox əsəri nəşr olunmuşdur. «Veçe» nəşriyyatı «Navajdenie» («Vahimə») adlı povest və hekayələr toplusunu, Mərcani evi «Dədə Qorqud» kinodastanını nəşr etmişlər. «Biblioteka «Oqonka» populyar seriyasında 40 min tirajla «Ya, tı, on i telefon» hekayələr kitabı çapdan çıxmış, «Drujba narodov» jurnalının iki müxtəlif sayında «Ağ qoç, qara qoç» və «Göz muncuğu» povestləri dərc olunmuşdur.

Bu il isə Moskvanın iki nüfuzlu nəşriyyatı Anarın kitablarını buraxmışdır. «Xudojestvennaya literatura» nəşriyyatının çap etdiyi iki cildliyə yazıçının nəsr əsərləri daxildir. Çingiz Aytmatovun ön sözüylə açılan Birinci cilddə hekayələri və «Əlaqə», «Otel otağı» povestləri verilmişdir. İkinci cilddə «Ağ liman», «Beşmərtəbəli evin altıncı mərtəbəsi», «Dantenin yubileyi», «Macal», «Ağ qoç, qara qoç», «Göz muncuğu» roman və povestləri toplanmışdır. İkinci cildin sonunda filologiya doktoru Əbuzər Bağırovun Anar haqqında bioqrafik məlumat yazısı verilmişdir.

«Vremya» nəşriyyatının buraxdığı «Bez vas» («Sissiz») kitabına isə eyni adlı xatirə-roman, «Parisdə höcət» («Bunin və Banin») kinopovesti, Vladimir Mayakovski, Dmitri Şostakoviç, Konstantin Simonov, Yuri Trifonov, Yevgeni Yevtuşenko, Vasili Aksyonov, Vladimir Amlinski, Rimma Kaşakova haqqında esselər və «Gecə düşüncələri»nin tam mətni daxildir.

İyunun 14-ə Moskvada Millətlər evində kitabların təqdimatı keçirilmişdir. Təqdimatı «Ocaq» cəmiyyətinin sədri professor Tofiq Məlikli aparmışdır. Tədbirdə çıxış edən Xalq rəssamı Tahir Salahov, moskvalı ədəbiyyatçılar - nasir və tənqidçi Lyudmila Lavrova, şair- tərcüməçi Mixail Sinelnikov, «Drujba narodov» jurnalının baş redaktoru Aleksandr Ebonaidze, «Xudojestvennaya literatura» nəşriyyatının müdiri Qeorqi Pryaxin və başqaları rus oxucusunun Azərbaycan yazıçısıyla bu yeni görüşünün xalqlarımız, ölkələrimiz arasında ədəbi, mədəni əlaqələrin inkişafında böyük əhəmiyyətindən danışmışlar. Gecənin sonunda Anar naşirlərə, çıxış edənlərə və bu təqdimatın təşkilatçılarına, iştirakçılarına təşəkkürünü bildirmişdir, kitablarına çox sayda avtoqraflar imzalamışdır.

 

 AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə