İyunun 21-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şairə Mina Rəşidin “Baxmaqla görmək ayrıdı” kitabının imza günü keçirilib. Tədbiri Birliyin katibi Rəşad Məcid açıb: “Bu gün Mina xanımın kitabının təqdimatına yığışmışıq. Mina Rəşid istedadlı şair və publisistdir. Onun publisistik yazıları uzun illər “525-ci qəzet”in səhifələrində çap olunub. Şeirlərindəki fərqlilik və özünəməxsusluq, yazılarındakı ictimai mövzular, daxildən gələn təbii etiraz, üsyankarlıq yaradıcılığının əsas özəllikləridir”.

 

Tədbirin aparıcısı publisist Sevinc Nuruqızı M.Rəşid qələminin incəliklərini qeyd edib: “Mina Rəşid yaxşı və pis haqqında eyni zərifliklə yazır. O sözdən o qədər məharətlə istifadə edir ki, söz büllurlaşır. Üsyanını və məhəbbətini ifadə edərkən poeziyanın qeyri-adiliyini bizlərə göstərə bilir”.

Dramaturq Əli Əmirli şairənin şeirlərindən və publisistikasından danışıb: “Mina Rəşidlə xeyli vaxtdır tanışıq. Ancaq bu daha çox qiyabi tanışlıqdır. Onun yazılarını tez-tez mətbuat səhifələrində görür və oxuyuram. Hiss edirəm ki, onun son dönəm yaradıcılığında xüsusi bir dərinlik yaranıb. Bu, dini biliklərlə bağlıdır. Biliklər əsərin arxitekturasını zənginləşdirir. Nəticədə, poeziyaya dini biliklər gətirmək maraqlı bir mənzərə yaradır. Onu da deyim ki, jurnalistika ilə poeziyanı birləşdirmək o qədər də asan deyil. Mina Rəşid bunu layiqincə bacarır”.

Şairə Fəridə Hacıyeva M.Rəşidin şəxsi məziyyətlərindən söz açıb: “Minada ən çox sevdiyim xüsusiyyət səmimliyidir. Şəxsiyyət olmasa, istedadlı şair belə cılızlaşır. Mina şəxsiyyət olaraq işıqlı, nurlu bir qadındır”.

Əməkdar artist Azad Şükürov, şairlər Emil Tahiroğlu, Ağalar Mirzəli, İlham Qəhrəman və başqaları çıxış edərək şairənin yaradıcılğı haqda düşüncələrini bölüşüblər. Sonda M.Rəşid çıxış edərək tədbir iştirakçılarına və təşkilatçılara minnətdarlığını bildirib.

 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə