Son xəbərlər

 

  İyunun 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda görkəmli yazıçı Qərib Mehdinin 80 illik yubileyinə həsr olunmuş  tədbir keçirilib. Tədbiri AYB-nin Birinci katibi, Xalq şairi Fikrət Qoca açıb: “Qərib şəxsiyyət olaraq üstün xüsusiyyətlərə malik bir insandır və yaradıcılığında da həmin keyfiyyətlər var”.

 

Tədbirin aparıcısı professor Elçin İsgəndərzadə yubilyarın əsərlərinin həmişə maraqla qarşılandığını vurğulayıb: “Bu gün hamının sevərək oxuduğu vicdanlı bir yazıçının yubileyidir. O, Məmməd Araz və Həsən bəy Zərdabi mükafatlarına, BMT-nin “Şərəf və vicdan” ordeninə və əməkdar jurnalist fərxri adına layiq görülmüşdür”.

Xalq şairi Nəriman Həsənzadə Q. Mehdini yaradıcı şəxsiyyət kimi yüksək qiymətləndirib: “İnsanların məhəbbətini qazanmaq, onların qəlbinə yol tapmaq o qədər də asan deyil. Qərib hər bir yaxşı yazıçının özündə toplaya biləcəyi bütün bu müsbət məziyyətlərin daşıyıcısıdır”.

Xalq şairi Sabir Rüstəmxanlı yubilyarın Gəncə ədəbi mühitinin yetişdirdiyi ən parlaq simalardan biri olduğunu deyib: “Qərib Mehdi Nizami, Məhsəti Gəncəvi ilə başlayan böyük ədəbi məktəbin sonuncu mogikanlarından biridir. Gəncə ədəbiyyatımızın əsas mərkəzlərindəndir. Bu mənada Qərib Mehdi ötən əsrdə Gəncədəki ədəbi mühitin yetişdirdiyi ən parlaq simalardandır. O, elə ilk hekayəsindən ədəbi hadisəyə çevrildi... Qərib Mehdinin “İşıq” kitabı nəşr olunanda, o kitabla bağlı “İşıq həsrəti” adlı bir yazı yazmışdım. Qısa hekayələrində parlaq obrazlar, unudulmaz sujetlər yaratmışdı. Qərib özü işıqlı bir insan olduğuna görə bu işıq, nur onun sonrakı kitablarında da daima yaşayır”.

Tənqidçi Vaqif Yusifli yazıçının yaradıcı xüsusiyyətlərindən söz açıb: “Qərib çox planlı, üslublu yazıçıdır. Həmçinin çox gözəl, lirik povest və hekayələr müəllifidir. Onun yaradıcılığı barəsində vaxtilə Mir Cəlalın söylədiyi kimi “yazılarında zəngin poetik hisslər” vardır. Qəribdə hətta musiqiyə, muğama bağlılıq güclüdür və bunu onun mətnlərdə duya bilirik”.

Şairlər Qəşəm Nəcəfzadə, Xəzangül, əməkdar jurnalist İttifaq Mirzəbəyli, alim-pedaqoq Sahib İbrahimli və başqaları da çıxış edərək yubilyarın həyat və yaradıcılığı ilə bağlı düşüncələrini bölüşüblər. Sonda yubilyar çıxış edərək tədbir iştirakçılarına və təşkilatçılara minnətdarlığını bildirib.

 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə