Son xəbərlər

 

Bugünlərdə "Ulduz" jurnalının iyul sayı işıq üzü görüb. 

Qeyd edək ki, jurnalın bu sayını Ulucay Akifin redaktorluğu ilə Gənc Ədiblər Məktəbinin (GƏM) üzvləri hazırlayıblar.

Jurnal ənənəvi "Ekspert rəyi" ilə açılır. Yazıda şair Əjdər Ol ötən nömrənin poeziya və nəsr bölmələrini xüsusi diqqətlə təhlil edib: "Ulduzun" bu sayında çap edilən əsərləri ədəbi prosesimizin bu ildəki altıncı dalğası hesab edirəm. Sevimli jurnalımızda həmişə maraqlı əsərlərlə qarşılaşmışıq. Yenə ondan gözləntilərimiz var və olacaq..."

Bu yazını Elçin Toranın "Ölü kəpənəklər" hekayəsi izləyir. Yazar hekayədə balaca bir oğlanın fəlsəfi axtarışlarını verib. Uşaq valideynlərinə, ətrafındakı əşyalara, oyuncaqlarına özünəməxsus  yozumlar gətirir, obyektlərin gerçək mahiyyətini çözməyə çalışır.

Orxan Cuvarlı öz yazısında Nobel mükafatçısı Con Maksvell Kutzeenin həyat və yaradıcılığından, "Maykl K.-nın həyatı və zəmanəsi" romanından bəhs edib.

İspan yazıçısı Jordi Sierra i Fabranın yaradıcılığı, "Kafka və səyyah oyuncaq" hekayəsi Dəniz Pənahovanın türkcədən çevirdiyi "Tapılmayan məktub" yazısında öz əksini tapıb. Fabranın "Kafka və səyyah oyuncaq" kitabı iki dəfə "Protagonista Jove" mükafatına layiq görülüb: "Beləliklə, Kafkanın həqiqətən yazdığı, amma balaca bir qızda qalıb heç bir zaman tapılmayan məktubları Jordi Sierra i Fabranın qələmində həyat qazanır".

Ağalar Qəribov "Ədəbiyyat və fəlsəfənin suqovuşanı - Kamünün absurd metafizikası"ndan yazıb.

Yadigar Ələkbərovun "Dilənçinin bir günü", Cavid Qədirin "Qapı", Şəfaqət Cavanşirzadənin "Apriori", Ləman Azərin "Pandoranın ümidi", Ziya Aların "Arzu gəmisi" və Günel İbrahimlinin "İki kölgə arasında" hekayələri də jurnalın bu sayında yer alıb.

Müşfiq Şükürlü və Ləman Azərin "Bir rəssamın tarixçəsi" reportajında tanınmış rəssam Rauf Əbdülhüseynoğlunun bioqrafiyası əks olunub.

"Müzakirə klubu"nda Müşfiq Şükürlü gənc yazarlar Ağalar Qəribov, Anar Əlizadə və Elçin Hüseynlinin ədəbi polemikasını təqdim edib.

Səidə Əfqanqızı "Füzulinin "Su" qəsidəsinin mifoloji və dini məzmunu, janr xüsusiyyətləri"ni araşdırıb.

Professor Cahangir Məmmədli "Qadın şeirə yerləşməz...Qadın şeirin özüdür" başlıqlı yazıda gənc şair Ulucay Akifin şeirlərindən söz açıb: "Masamın üstündə elə bu anda maraqla oxuduğum bir kitab, şeirin əksəriyyətində istedadlı bir şairin yaradıcılığı var və bu yaradıcılıq sabah daha parlaq, daha işıqlı olacağını vəd edir".

"Uçmağı özün öyrən" adlı müsahibədə Müşfiq Şükürlü tənqidçi İradə Musayeva ilə söhbətləşib.

Emin Akif, Ceyhunə Mehmanqızı, Rəsul Mirzə, Anar Əlizadə, Şəhriyar Seyidoğlu, Hikmət Fərzəliyev, Gülnarə İsrafil, Mahmud Məmmədov və Qafar Şövqinin şeirləri də bu sayda dərc olunub.

"Dərgidə kitab" layihəsinin qonağı gənc yazar Çinarə Ömraydır.

Jurnalı alanlar Azər Fəraqinin "Hər şey odur" şeirlər kitabını hədiyyə kimi əldə edəcəklər.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə