Son xəbərlər

 

 “Yeni Müsavat” qəzetində (15 sentyabr 2016) “Yazıçılar Birliyində Rüstəm Behrudi fırtınası qopdu” sensasiya başlıqlı yazıyla tanış oldum.

 

İlk əvvəl onu demək istərdim ki, bu məsələylə bağlı Birliyimizdə heç bir fırtınadan əsər-əlamət yoxdur. İkincisi, bir də təkrar etmək istəyirəm ki, Rüstəm Behrudi istedadlı şairdir. Amma heç bir istedadlı şairə - özü dediyi kimi “şeirləri türk dilli xalqlar arasında dillər əzbəri olan, kitabları xarici dillərə çevrilən” adama başqa bir istedadlı şair - “şeirləri dillər əzbəri olan, kitabları xarici dillərə çevrilən” Fikrət Qoca haqqında etikadan kənar, ədəbsiz sözlər yazmağa haqq vermir.

Rüstəm Behrudi 30 il üzv olduğu və təbrik umduğu təşkilata ehtiyac olmadığını iddia edir və hələ 1996-cı ildə mərhum Prezident Heydər Əliyevlə görüşdə bu barədə dediyini xatırlayır. Amma onu unudur ki, elə həmin görüşdə H.Əliyev Yazıçılar Birliyinin mövcudluğunu çox vacib saymış və təşkilatın fəaliyyətini yüksək qiymətləndirmişdir. Əlbəttə, mərhum Prezidentimizin fikri daha əhəmiyyətlidir.

Mən, 30 ilə yaxındır, Yazıçılar Birliyinin rəhbəriyəm. Ancaq indiyəcən bilmirdim ki, Birliyin hər üzvünü hər il ad günündə təbrik etmək lazım imiş. Lap Qurban bayramında, Novruz bayramında olduğu kimi. İndiyəcən həmişə xoş münasibətlərimiz olan Rüstəm Behrudinin gələn il 60 yaşını da lazımi səviyyədə qeyd etmək istəyirdik. Amma görünür, səbri çatmayıb.

“Ədəbiyyat tüccarları ya tüccarların qohum-qardaşı” haqqında sözlərinə isə qoy Rüstəm Behrudi öz vicdanı qarşısında cavab versin.

Bununla belə, Rüstəm Behrudinin Birlikdən ayrılmaq niyyətinə təəssüf edirəm. Birlikdən rəsmi çıxmaq üçün ərizə yazılmalıdır. Ümid edirəm ki, Rüstəm düşünüb, daşınıb belə bir ərizəni yazmayacaq, Birliyin üzvü olaraq qalacaq və inşallah, gələn il 60 yaşını xoş məramla qeyd edəcəyik.


ANAR

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri 

15 sentyabr 2016

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə