Son xəbərlər

 

Bugünlərdə “Azərbaycan” jurnalının sentyabr sayı nəşr olunub. 

“Poeziya”da Vaqif Bəhmənli, Fərid Hüseyn, Sabir Yusifoğlu, Tahir Taisoğlu, Nofəl Ümid, Avtandil Ağbaba, Dəyanət Osmanlı və İsmayıl İmanzadənin şeirləri verilib.

“Qabil-90” adlı xüsusi rubrikada Vaqif Yusifli Xalq şairi Qabilin yaradıcılığından bəhs edir: “Qabilin şeirlərində yetkin bir azərbaycanlı obrazı var. Tam qətiyyətlə söyləyə bilərik ki, bu obraz elə Qabilin özüdür. Vətənini sevən, xalqına, millətinə, onun yaşarı adət-ənənələrinə, tarixinə, Nizamisinə, Füzulisinə, Nəsimisinə, Sabirinə - söz dünyasına bütün varlığı ilə bağlı olan Qabilin şəxsində məhz belə bir azərbaycanlı ilə qarşılaşırıq”.

“Nəsr”də Kamran Nəzirlinin “Sarışın mələk”, “Şəkil haqqında ballada”, Aydın Talıbzadənin “Memi” hekayələri və Elçin Hüseynbəylinin “Yenə iki od arasında” əsəri yer alıb. Müəllifin “Səkkizinci Qarabağnamə” adlandırdığı bu əsər görkəmli Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminliyə həsr olunub.

Vilayət Hacıyevin tərcüməsində Haynrix Böllün “Və bircə kəlmə də demədi” romanın son hissəsi jurnalın “Yeni tərcümələr” bölümündə təqdim edilib.

Məzahir Süleymanzadənin “Yazıçılar haqqında xatirələr”i (Əzizə Cəfərzadə, Süleyman Rüstəm, Xəlil Rza Ulutürk, Tofiq Bayram və Rəsul Həmzətov barədə), Vahid Məhərrəmovun “Qarabağ müharibəsi nəsrimizdə” yazısı da bu saydadır.

“Tənqid və ədəbiyyatşünaslıq”da Aynurə Mustafayeva “İki mininci illər dramaturgiyası”ndan yazıb. Vaqif Yusiflinin Ruslan Dost Əli, Akif Amal və Bahadur Fərmanın şeirləri haqda düşüncələri isə “Tanıtmalar” rubrikasında öz əksini tapıb.

Müşfiq ŞÜKÜRLÜ

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə