Bugünlərdə elm və ədəbiyyat dərgisi "İLESAM"ın birinci sayı işıq üzü görüb.

Jurnalın naşiri tanınmış türk şairi və ədəbiyyatçısı Mehmet Nuru Parmaksızdır.

Dərgi professor Nurullah Çətinin "Düşüncə və sənətə yeni bir qapı" giriş yazısı ilə açılır. Yazıda qeyd edilir ki, jurnal hələlik 3 ayda bir dəfə nəşr olunacaq. İLESAM-a (Türkiyə Elm Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) üzv olan, yaxud olmayan şəxslərin milli və mənəvi dəyərlərimizə - türklüyümüz və müsəlmanlığımızla ziddiyyət təşkil etməyən bütün yazıları dərgidə çap edilə bilər. Eyni zamanda, məqalə, hekayə, şeir, səfər yazıları, kitab tanıtımı kimi müxtəlif janrlarda olan nümunələrə yer veriləcək. Girişdə o da qeyd edilir ki, ilk sayın ana mövzusu "Milli birliyi yenidən inşa"dır. Bunu Türkiyənin, ümumilikdə türklüyün sarsılmaz birlik halına gəlməsi yolunda atılan addım kimi dəyərləndirmək olar. Dərginin növbəti saylarında da eyni xəttə sahib qalınacaq.

M.N.Parmaksızın "Birlik və bərabərlik" sərlövhəli məqaləsində Türkiyədə baş verən 15 iyul hadisələrindən bəhs edilir.

"Milli birliyi yenidən inşa" məqaləsində professor Ahmet Bican Ercilasun türk tarixindən söz açır.

"Bənzəyərək birləşmək, şüurla bütünləşmək" adlı yazıda professor Sadiq Kamal Tural Türkiyə Cümhuriyyətinin qurulması dönəmini, bir neçə dövlətlə paralel aparılan müharibəni diqqət mərkəzinə çəkir, eyni zamanda, türk ziyalısının ümumi portretini cızmağa çalışır.

Dərgidə Mine Tokyüreyin təqdimatında professor Nurullah Çətinlə maraqlı bir söhbət yer alıb.

"Milli şüurun tarixi-sosioloji qaynaqları və 15 iyul çevriliş cəhdi" başlıqlı növbəti yazıda professor İsmail Doğan türk tarixindən bəhs etməklə yanaşı hərbi çevrilişə cəhdin səbəb və nəticələrindən söz açır.

Professor Əbdülqədir Yuvalı "Fərdiləşmə-müasirləşmə milli birliyə gedən yolun açarıdır" məqaləsində çağdaş Türkiyənin, eləcə də dünyanın üzləşdiyi problemlər və onların həlli yollarından bəhs edir.

Professor Ülkü Eliuz "Milli birliyin yenidən inşası" adlı yazıda ümumilikdə türk millətinin bəlli bir amal uğrunda birləşməsinin verəcəyi faydaları göstərir.

Dosent Ləvənd Bayraqdar "Milli varlıq ya da millilik üzərinə" məqaləsində fərd və cəmiyyət anlayışının izahına çalışır.

Bundan başqa, dərgidə doktor Hüseyn Yeniçəri, Hayrettin İvgin, doktor Hüseyn Ağca, Yəhya Akengin, Bekir Yeğnidemir, Hanifi Işık, professor Saim Sakaoğlu, doktor Tayfun Atmaca, Köksal Özençin məqalə və resenziyaları, Mehmet Emin Önder (Avşaroğlu), Bestami Yazgan, Sündüs Arslan Akça, Ahmet Divriklioğlu, Seyit Ahmet Uzun, İsmail Özmel, Zeynel Yeşilayın şeir, hekayə və təəssüratları yer alıb.

Cavid QƏDİR

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə