Son xəbərlər

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Bahadur Fərman (Abdullayev Bahadur Fərman oğlu) 77 yaşında dünyasını dəyişib. Mərhum bu gün Gəncə şəhərində dəfn ediləcək. 

AYB.az Bahadur Fərmanın şeirlərini oxucuclara təqdim edir.

Bahadur Fərman “Anamın laylası”, “Dörd cığır”, “Durnalar köçür”, “Ömrün dolayları”, “Əmanətdir ürəyim” kitablarının müəllifidir.






Salam, ulu yurdum

   
Salam, ulu yurdum, balaca kəndim,
Sənsiz çıraq kimi yandım, tükəndim.
Doğru danışmağı səndən öyrəndim,
Həqiqət süd əmib düzümdən mənim.
   
Böyürtkən kolları yolumu kəsdi,
Xoş idi məramı, xoş idi qəsdi.
Yel vurdu çəməndə lalələr əsdi,
Biçənək boy verdi dizimdən mənim.
   
Gümüşü bulaqlar çağladı axdı,
Güneylər, quzeylər qınaqla baxdı.
Böyüyən qəbristan yandırdı-yaxdı,
Mirvari süzüldü gözümdən mənim.
   
Qoy uçum göyündə quşuna dönüm,
Enim torpağına daşına dönüm.
Məni unutmadın, başına dönüm,
Məni sən qorudun özümdən mənim.
   
Çəhlimlər, cığırlar yüyrək oldular,
Qayalar yumşalıb ipək oldular.
Gəzərgi buludlar kövrək oldular,
Öpdü nur damlalar üzümdən mənim.
   
Ayrılıq tez gəldi, kövrəlib ürək,
Yoluma düzüldü gül ləçək-ləçək.
Hər bahar gələndə məhəbbətim tək
Bənövşə bitəcək izimdən mənim.


   
Bahar həsrəti
   
Sizə qurban olum, tər bənövşələr,
Yazdan soraq verin, qış uzanmasın.
İnamım, ümidim buz içindədir,
Bahar həsrətiylə can usanmasın.
   
Bilmirəm inamdır, yoxsa təsəlli,
Qəlbimdə ümidə bükülən qübar?
Bir zərif, bir incə tər bənövşənin
Ləçəyi üstündə gəlirmi bahar?
   
Günəşdən nur əmib hey zərrə-zərrə
Gül açsın gülümüz, çiçəyimiz də.
Bu çirkin dünyanı gözəlləşdirən
Sevgilər göyərsin ürəyimizdə.
   
Bahar istəyirəm, təzə-tər bahar,
Oyanan torpağın nəfəsi gəlsin.
Ömrünün qışını yaşayanların
Təzədən yaşamaq həvəsi gəlsin.
   
Tez açın, tez gəlin, sıxıldı könlüm,
Yolda ləngiməyin, yolda qalmayın.
Sizə qurban olum, tər bənövşələr,
Siz Allah, sözümü yerə salmayın...


   
Gəzərlər səni
                           Özümə

Şaxtaya tablamaz hər zərif çiçək,
Vaxt olar quzeyə düzərlər səni.
Bir azca sərtlik də öyrənmək gərək
Ürəyi yumşaqsan, əzərlər səni.
   
Zəhərə bal qatıb kimsə iç deyir,
Hər şey yaxşı deyil, hər şey xoş deyil.
Hamıya inanmaq düzgün iş deyil,
Söz olar-bez olar bəzərlər səni.
   
Dünyanı dərk edən hissə qapılmaz,
Nə qədər qaya var çapsan çapılmaz.
Görünmək istəsən, görən tapılmaz,
Sonra çıraq alıb gəzərlər səni.   
 

Üzümün üstə
   
Saralır, tökülür gün puçur-puçur,
İllər ömrümüzə təzə don biçir,
Gəl inad eləmə, ömür-gün keçir,
Yerin boş qalmasın gözümün üstə.
   
Qoy hicran sel kimi axıb gəlməsin,
Siz Allah, göz qoyun, baxın, gəlməsin.
Rəqibə deyin ki, yaxın gəlməsin,
Yazıqdır, yanacaq közümün üstə.
   
Adımı görəndə qara çəksələr,
Hara çağırsalar, hara çəksələr,
Lap məni yüz dəfə dara çəksələr,
Ölsəm də, duracam sözümün üstə.
   
Dərdimi sulayır gözümdəki nəm,
Açıb söyləmir ki, nə istəyir qəm?
Sənə duaçıyam, mənim bir dənəm,
Torpaq tökülüncə üzümün üstə.    

 

Torpaqdan özgə

Fikirlər içində yoruldu beyin,
Bu necə tilsimdi, açılmır düyün.
Ayrı qiblə seçsəm, haramdı deyin,
Mənə doğma olan ocaqdan özgə.

İnamın yoxdusa sözümə - heç nə,
Çəksən yaxşılığı üzümə - heç nə.
İşıq verən deyil gözümə heç nə,
Evimdə nur saçan çıraqdan özgə.

Bəlkə varlığımla yoxluğum birdi,
Bu necə hikmətdi, bu necə sirdi?
Dünyaya gəlişim kimə nə verdi?
Bir zad ki deyilmiş, maraqdan özgə.

İşlərim yarımçıq, yapa bilmədim,
Dərdim qaya kimi, çapa bilmədim.
Rahat yer aradım, tapa bilmədim
Anamın yatdığı torpaqdan özgə.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə