Dekabrın 21-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında tanınmış tənqidçi Əsəd Cahangirin “Təhsil” nəşriyyatında dərc olunmuş “On üçüncü gecə” adlı kitabının təqdimatı keçirilib.

Yeni nəşrdə müəllifin Elçin Əfəndiyevin yaradıcılığı haqqında yazdığı məqalələr toplanıb. Müxtəlif vaxtlarda dövrü mətbuatda dərc olunan, Elçinin ayrı-ayrı bədii əsərlərinə, məqalələrinə həsr olunan yazılardan ibarət yeni nəşr müəllifin dördüncü kitabıdır.
Təqdimatdan əvvəl qonaqlar kitabxananın foyesində Elçinin kitablarından ibarət sərgiyə baxıblar. Sərgidə E.Əfəndiyevin əsərləri, xarici dillərə tərcümə olunmuş kitabları, xarici dillərdən tərcümə etdiyi əsərlər, tərtib etdiyi, “Ön söz” yazdığı, redaktoru olduğu, layihə rəhbəri olduğu nəşrlər nümayiş olunub.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcid Ə.Cahangirin yaradıcılığı haqqında məlumat verib. Yeni kitabın dəyərindən danışan R.Məcid deyib ki, müəllifin “Qədim türk ədəbiyyatının linqvistik poetikası”, “Ağ saç, qara saç”, “Kim yatmış, kim oyaq” kitablarından sonra ərsəyə gələn bu məqalələr toplusunda edilən analiz və təhlillər, əsərə yanaşma tərzində səmimilik xüsusilə təqdirəlayiqdir.
Tədbirdə Milli Məclisin deputatı Aqil Abbas, professor Qəzənfər Paşayev, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Aslan Cəfərov, AYB-nin katibi İlqar Fəhmi, AYB-nin Bədii Tərcümə Mərkəzinin direktoru Səlim Babullaoğlu, Yazıçılar Birliyinin Qarabağ şöbəsinin müdiri Ənvər Əhməd, AYB-nin cənubi Azərbaycan redaksiyasının müdiri Sayman Aruz, tərcüməçi Yaşar Əliyev, kitabın redaktoru Mustafa Çəmənli və başqaları görkəmli ictimai xadim, Xalq Yazıçısı Elçinin əsərlərinin təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da tanındığını, böyük maraq və sevgi ilə oxunduğunu bildiriblər.
Çıxışlarda vurğulanıb ki, ədəbi gəncliyin mənəvi-tərbiyəvi həyatında Elçinin yaradıcılığı böyük əhəmiyyət kəsb edir. Çağdaş milli nəsrimizin və dramaturgiyamızın istedadlı nümayəndəsi, görkəmli ictimai xadim, dünya şöhrətli Xalq Yazıçımız Elçinin bədii əsərləri təkcə Azərbaycanda deyil, həm də dünya ölkələrində sevilə-sevilə oxunur, əldən-ələ gəzərək neçə-neçə oxucu nəsli arasında mənəvi körpü yaradır. 60-cı illərin əvvəllərində ədəbiyyata gələn istedadlı qələm sahibi elə ilk hekayələrindən fərdi üslubu, özünəməxsus yazı manerası, həyat hadisələrinə orijinal baxışı ilə diqqəti cəlb edib.
Diqqətə çatdırılıb ki, Xalq Yazıçısının əsərlərindən söz açan müəllif onun son romanı olan “Baş”ın qəhrəmanı general Sisianovun ruhu, yəni metafizik varlıq olduğunu bildirir. Romanın əsasında milli, ümumbəşəri və ilahi vəhdət, yəni tövhid ideyası dayandığını deyən natiqlər əsəri postmodernist plüralizmin gətirdiyi xaosdan sonra monist təfəkkürlə şərtlənən nizama qayıdış adlandırıblar. “Baş” öz müəllifinin sadəcə bədii yox, həm də intellektual qələbəsi olduğu bildirilib.
Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.(azərtac)

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə