Son xəbərlər

 

Dekabrın 21-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında tanınmış tənqidçi Əsəd Cahangirin “Təhsil” nəşriyyatında çap edilmiş “On üçüncü gecə” adlı kitabının təqdimatı olub.

 

Nəşrdə müəllifin Xalq yazıçısı Elçin Əfəndiyevin yaradıcılığı haqqında yazdığı məqalələr toplanıb. Müxtəlif vaxtlarda dövrü mətbuatda dərc olunan, Elçinin ayrı-ayrı bədii əsərlərinə, məqalələrinə həsr olunan yazılardan ibarət yeni nəşr müəllifin dördüncü kitabıdır.

Təqdimatdan əvvəl qonaqlar kitabxananın foyesində Elçinin kitablarından ibarət sərgiyə baxıblar. Sərgiyə E.Əfəndiyevin əsərləri, xarici dillərdəki kitabları, tərcümə etdiyi əsərlər, tərtibçisi, redaktoru, layihə rəhbəri olduğu, “Ön söz” yazdığı nəşrlər çıxarılıb.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcid Ə.Cahangirin yaradıcılığı haqqında məlumat verib. Yeni kitabın əhəmiyyətindən danışan R.Məcid deyib ki, müəllifin “Qədim türk ədəbiyyatının linqvistik poetikası”, “Ağ saç, qara saç”, “Kim yatmış, kim oyaq” kitablarından sonra ərsəyə gələn bu məqalələr toplusundakı analiz və təhlillər, əsərə yanaşma tərzində səmimilik xüsusilə təqdirəlayiqdir.

Tədbirdə Milli Məclisin deputatı Aqil Abbas, professor Qəzənfər Paşayev, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Aslan Cəfərov, Əli Əmirli, İlqar Fəhmi, Səlim Babullaoğlu, Ənvər Əhməd, Sayman Aruz, Bəhram Osmanov, Yaşar Əliyev, Mustafa Çəmənli, Yaqub Babayev, Bəsti Əlibəyli, Feyruz Hilaloğlu və digər ədiblər, alimlər, sənət adamları Elçinin yaradıcılığı, Ə.Cahangirin yeni kitabı barədə fikirlərini bölüşüblər. Onlar Xalq yazıçısının ölkəmizin hüdudlarından kənarda da tanındığını, böyük maraq və sevgi ilə oxunduğunu bildiriblər, yeni kitabın onun yaradıcılığının təhlilinə yönəlmiş maraqlı nəşr olduğunu deyiblər.

Diqqətə çatdırılıb ki, Ə.Cahangirin kitabında Elçinin “Baş” romanının metafizik qatlarından söz açılır, əsərin qəhrəmanı general Sisianovun və digərlərinin obrazları bu baxış bucağından təhlil edilir. Romanın əsasında milli, ümumbəşəri və ilahi vəhdət, yəni tövhid ideyası dayandığı barədə Ə.Cahangirin fikirlərinə şərik olan natiqlər bu əsərin postmodernist plüralizmin gətirdiyi xaosdan sonra monist təfəkkürlə şərtlənən nizama qayıdış adlandırılması ilə də razı olduqlarını ifadə ediblər. “Baş” romanı öz müəllifinin sadəcə bədii yox, həm də intellektual qələbəsi olaraq səciyyələndirilib.

 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə