Tanınmış İran yazıçısı Mustafa Məstur Səlim Babullaoğlu barədə

Bəzən öz ədəbiyyatımızı və ədiblərimizi daha yaxşı tanımaq üçün kənar fikrə, qıraq gözə və sözə ehtiyac olur.Bu yaxınlarda Bakıda qonaq olan tanınmış İran yazıçısı Mustafa Məsturun Səlim Babullaoğlu ilə ünsiyyəti, Babullaoğlunun ingilis dilindəki şeirləri ilə tanışlığının və bu tanışlıqdan doğan şifahi, yazılı reaksiyalarının bilavasitə şahidi olurdum. Bakıda olduğu günlərin birində Səlim bəyə iki kitab hədiyyə edir Mustafa Məstur və kitabların birinin titul vərəqinə yazır: “Bu kiçik kitabın qara kəlmələri yalnız bu ithafın şövqü ilə zehnin qaranlığından kağızın işığına qaçdılar. O insandan ötrü ki, təbii olaraq qədri bilinmədi- çünki çox böyük idi... Əziz Səlim Babullaoğlu, bu qara sözlərin yorğunluğunu, acizliyini və acılığını öz böyüklüyünüzə və sevincinizə bağışlayın...” O biri kitaba daha qısa yazır Mustafa bəy: “Böyük şair və mükəmməl dost, sözü, işığı və mənanı tanıyan Səlim Babullaoğlu üçün...” Səlim bəy kitabları məmnuniyyətlə alır və məndən bu kitablara nə yazıldığını soruşur. Mən də çevirirəm. Sanki bir az pərt şəkildə gülümsünür və məndən Mustafa bəy üçün tərcümə etməmi xahiş edir. Deyir: “Əziz Mustafa bəy, mən bəlağət sənətinə, söz sənətinə sizin qədər vaqif deyiləm, odur ki, ola bilsin, sizə eyni qədər böyük sözlərlə təşəkkür edə bilmirəm, amma çalışacam haqqımda dediyiniz o böyük sözlərə az da olsa layiq olum...” Mustafa Məstur ola bilsin, bunu pafosa, qeyri-səmimiliyə eyham kimi qəbul edir deyə tez reaksiya verir: “Peşəm bu illər ərzində mənə əsas bir şeyi - düşündüyüm, hiss etdiyim kimi, dürüst yazmağı və danışmağı öyrədib...”
Axşamüstü Qala divarlarının yanı ilə İçərişəhərə, otelə qayıdırıq. Mustafa bəylə biz arxadayıq, Səlim Babullaoğlu irəlidədi. Qəfil gözləmədiyim halda Mustafa Məstur məni saxlayır və deyir: “Ariz, Səlim bəy şərafətli insandır. Onun daxili dərinliyi mətnlərinə də sirayət edir. Mən onun şeirlərində özümə yaxınlıq hiss etdim. Əgər onun yazdıqları şeirləri mən də yazmaq məcburiyyətində olsaydım, elə onun qədər yazardım. Mən yazıçıyam. Sözləri mum kimi qəliblərə, şəkillərə salmaqdır mənim işim. Amma Səlim haqqında danışan zaman sözü şəkilləndirmək bir müşkülə çevrilir. Ona görədə susmaq istəyirəm. Qoy sükut mənim yerimə hər şeyi desin...”

Ariz Tarverdiyev

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə