Yanvarın 26-da Səbail rayon MSK-nın 3 saylı filialında görkəmli türk şairi və dramaturqu Nazim Hikmətin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

 

AzərTAc xəbər verir ki, “Dünya poeziyasının türk şahzadəsi” adlı tədbir şairin anadan olmasının 115 illiyi çərçivəsində gerçəkləşib.

Tədbirdə əvvəlcə Nazim Hikmətin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Səbail rayon MSK-nın 3 saylı filialının müdiri Çərkəz Əliyeva tədbirin əhəmiyyətindən danışaraq Nazim Hikmət yaradıcılığından söz açıb. Bildirilib ki, Nazim Hikmət yaradıcılığına və şəxsiyyətinə hər zaman Azərbaycanda sayğı göstərilib.

Şairin “Günəşi içənlərin türküsü” adlı ilk şeirlər kitabının Bakıda nəşr olunduğunu deyən natiq onun XX əsr türk şairləri arasında ən sevilən poeziya ustalarından biri kimi tanındığını vurğulayıb.

Filologiya elmləri doktoru, professor Aqşin Babayev çıxış edərək N.Hikmətin həyat və yaradıcılığından söz açıb.

Böyük türk şairinin türk dünyası ilə yanaşı, dünya ədəbiyyatı tarixində görkəmli söz adamı kimi xidmətlərindən danışan A.Babayev qeyd edib ki, o, eyni zamanda, dramaturq, romançı və memuar ustası kimi tanınıb.

Diqqətə çatdırılıb ki, N.Hikmət siyasi düşüncələrinə görə dəfələrlə həbs olunmasına baxmayaraq, həyata və insanlığa olan münasibəti onu yazıb-yaratmaq eşqindən heç zaman ayıra bilməyib. Novator şair N.Hikmət türk ədəbiyyatını yeni forma və mütərəqqi məzmunla zənginləşdirərək türk poeziyasına sərbəst vəznli şeiri gətirib. Onun poeziyasına kəskin publisistika ilə yanaşı, dərin lirizm xasdır.

Nazim Hikmət yaradıcılığının türk poeziyasına güclü təsirindən bəhs edən tədqiqatçı alim bildirib ki, ədibin əsərləri bir sıra dünya dilinə tərcümə olunmaqla yanaşı, əksər ölkələrdə tamaşaya qoyulub.

A.Babayev şairin yaradıcılığının tədqiqatçısı kimi çıxış edərək onun əsərlərinin sanballılığından, məna və məzmun cəhətdən mükəmməlliyindən danışıb. Şairlə bağlı xatirələrini bölüşən A.Babayev deyib: “Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. O, hər dəfə Bakıya gələndə Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dostluq etməyə üstünlük verirdi. Nazim Hikmətin Azərbaycana həsr olunmuş şeirləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri vardır. Şairin əsərləri ölkəmizdə dönə-dönə nəşr olunmaqla yanaşı, pyesləri tamaşaya qoyulur. Bəstəkar A.Məlikov şairin “Məhəbbət əfsanəsi” pyesi əsasında eyniadlı balet yazıb, Azərbaycanın digər bəstəkarları şeirlərinə romanslar bəstələyiblər. Bir sözlə, Nazim Hikmət xalqımızın və ədəbiyyatımızın yaxın dostu olaraq qalacaq”.

Tədbirdə Mədəniyyət və Turizm Nazirinin sektor müdiri Səbinə Məmmədova, filologiya elmləri doktoru, professor Tofiq Məlikli, ədəbiyyatşünas Müzəyyən Ağabəyova çıxış edərək Nazim Hikmət yaradıcılığından və dünya ədəbiyyatında böyük türk şairinə olan sevgidən danışıblar.

Çıxışlarda Azərbaycan ədəbiyyatşünaslarının şairin həyat və yaradıcılığına olan diqqəti xüsusi vurğulanıb.

Tədbir 49 nömrəli “İntellekt” liseyinin şagirdlərinin təqdim etdikləri ədəbi kompozisiya ilə davam edib.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə