“Ulduz” jurnalının yanvar sayı bugünlərdə çapdan çıxıb. 

Nəşrin bu sayı filologiya elmləri doktoru Abid Tahirlinin “Yeni səsli, yeni imzalı ədəbi qüvvələrin sorağında...” sərlövhəli ekspert yazısı ilə açılır. 

Müəllif 50 yaşını qeyd edən “Ulduz”un profilinə nəzər salır, onun yarım əsr ərzində ədəbiyyat üçün gördüyü işlərə münasibət bildirir.

Dərgidə növbəti yazı İkinci Mahmudun “Özümlə söhbətin mümkünsüzlüyü” essesi və “Bəkir kompleksi” hekayəsidir.

“Şeir vaxtı” rubrikasında Taleh Mansurun iki şeiri yer alıb.

Aybəniz Əliyarın, Günay Həsənlinin, Roma Xosrovun, Sevincin, Nəzakətin, Sərəstan Gurun şeirləri də bu sayda verilib.

“Tənqid” bölməsində ədəbiyyatşünas Vaqif Yusiflinin “Gənc şairlər, sözüm sizədir..” adlı silsilə məqaləsinin üçüncüsünü oxuyuruq. O, yazısında gənc qələm sahiblərinə öz tənqid və iradlarını bildirir, Vəfa Mürsəlqızı, Xatirə Nurgül, Ruzbeh Məmmədin şeirlərini təhlil edir.

“Nəsr”də Şəhla Aslanın “Quran”, Vüsal Oğuzun “Nisyə” hekayələri, Əli Şirin Şükürlünün “Dördlük” povesti var.

Ayişə Nəbi “Əriyən durna bəyazlığında” yazısı ilə böyük türk ədibi Ahmet Hamdi Tanpınarın yaradıcılığına işıq tutur.

“Tərcümə saatı”nda Məhəmməd Nurinin tərcüməsində Füruğ Fərruxzadın şeirləri yer alıb.

“Hücrə”də Qəşəm Nəcəfzadə “Bir dəqiqəm bir saatdır Saatlıda” sərlövhəli yazısında gənc şair Allahşükür Ağanın yaradıcılığına nəzər salıb.

“Debüt”də Cəmilə Məmmədlinin “Dəli” hekayəsi, Leyla Namazovanın, Aysel Kərimin şeirləri verilib.

Elkin Kərimlinin “Adsız”ı, Əli Hacılının “Salfetə yazılmış hekayə”si də bu saydadır.

“Məqam”da Dilarə Əliyeva Elçin Hüseynbəylinin yaradıcılığından bəhs edir.

“Esse”də Firuz Abdullanın “Baş əydiyim tər qoxusu”, “Nostalji”də İntiqam Qasımzadənin “Bir fotoşəklə önsöz” yazıları dərc olunub. “Dərgidə kitab” isə bu dəfə Vaqif Bayatlı Odər üçün ayrılıb.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə