ATV-nin “Parlaq imzalar”la birgə “ATV Kitab" seriyasının layihəsi çərçivəsində silsilənin növbəti 11-cu nəşri- gənc yazar İlqar Kamilin “Tanrı tənhalığı“ şeirlər və esselər toplusu işıq üzü görüb.
“Tanrı tənhalığı“ seriyanın çağdaş milli ədəbiyyatımızdan çap olunan üçüncü şeir kitabıdır…
“ATV Kitab" seriyasının rəhbəri Səlim Babullaoğlunun sözlərinə görə İlqar Kamil müasir ədəbiyyatımızda, ədəbi mühitimizdə öz oxucu auditoriyasını formalaşdırmış istedadlı nasirdir: “İndiyədək biz onu daha çox məhz nasir kimi, oxucular arasında populyarlıq qazanmış “Ayrılıq”, “ Anam üçün” romanlarının müəllifi kimi tanıyırdıq. “Tanrı tənhalığı“ İlqarı ilk dəfə həm şair kimi, həm də esseist kimi təqdim edəcək və bizə xoşdur ki, bu “ATV Kitab" seriyasında baş verəcək. Əslində, fikrimcə İlqarın bir çox esseləri elə onun şeirlərinin davamıdır, onun şeirin qəliblərinə sığışdıra bilmədiyi, sığışdırmadığı düşüncələridir. Dərin və dərin olduğu qədərdə aydın, duru cümlələrlə ifadə elədiyi düşüncələri. İlqar Kamilin həm şeirlərinin, həm də esselərinin bir başlıca cəhəti var. Bu da həmin bədii yazıların insanlara əməli şəkildə dəstək olmaq, yardım etmək yanğısıdır. Əsas xüsusiyyəti yalnız öz təəssürat və təcrübəsini bölüşmək olan çağdaş ədəbiyyatımızda məhz bu cür mətnlərin yeri görünür. Əminəm ki, İlqar Kamilin “Tanrı tənhalığı” oxucu baxımından tənha qalmayacaq...”
“Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariq ilk olaraq onu dedi ki, biz artıq “ATV Kitab" seriyasının və əməkdaşlığımızın 1 yaşını qeyd elədik. Ötən 2016- cı ildə biz 10 kitab nəşr elədik. Bu da çox yaxşı göstəricidir. İndi isə 2017-ci ilin seriyadan ilk kitabını təqdim edirik ki, İlqar Kamil də oxucular tərəfindən sevilərək oxunan bir müəllifdir: “ Və bizim nəşriyyatın köhnə dostu, daimi müəllifidir. Çox yaxşı ki, indi o “ATV Kitab” seriyasında da oxucularına doğru yürüş edəcək. Özü də bu dəfə romanların heç də az seviləyən şeirləri və düşüncə yazıları, esseləri ilə. Onun şeirlərindəki xəfif təbəssüm, gileyli ayrılıq, metafizik olaylara fərqli baxış insanı özünə çəkir və düşündürür. Fikrimizcə, bu kitab yazıçı və şair İlqar Kamilin obrazının bütünləşməsi üçün vacib kitab olmaqla yanaşı oxucuların da masaüstü kitabına çevriləcək...”

Qeyd edək ki, “ATV kitab” seriyası ilə “Parlaq imzalar” nəşriyyatının birgə layihəsi əsasında nəşr olunan kitabların redaksiya heyətinə Vüqar Qaradağlı (sədr), Məsiağa Məhəmmədi, Cavanşir Yusifli, İlqar Fəhmi, Etibar Babayev, Səlim Babullaoğlu (layihə rəhbəri), Seyfəddin Hüseynli və Dilman Şahmərdanlı da daxildir. Kitaba və seriyaya informasiya dəstəyi www.news.atv.az tərəfindən verilir. Kitabı şəhərin əksər kitab dükanlarından əldə etmək olar. Eyni zamanda internet üzərindən www.parlaqimzalar.az saytından və 055 259 72 59 telefon nömrəsi ilə də sifariş edə bilərsiz.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə