Son xəbərlər

 


Martın 17-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Güney Azərbaycanın görkəmli yazıçısı Səməd Behrənginin xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AYB Güney Azərbaycan şəbəsinin müdiri Sayman Aruz Səməd Behrənginin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Sonra söz Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anara verilib. Xalq yazıçısı çıxışı zamanı Səməd Behrənginin önəmli yazıçı olduğunu qeyd edib: “Çox qəribədir ki, mən Səməd Behrəngi yaradıcılığı ilə o zamanlar Türkiyədə olarkən tanış olmuşam. Onun bir neçə kitabını tərcümə etmiş İldeniz Kurtulan mənim də kitabımın tərcüməçisi idi. Səməd Behrəngi uşaq ədəbiyyatı mövzusunda yazan ən önəmli nasirlərdən biridir. Çox şadam ki, bu gün Yazıçılar Birliyində bu böyük yazıçını onun doğmaları ilə bir yerdə yad edirik”. Xalq şairi Sabir Rüstəmxanlı Səməd Behrənginin Azərbaycan ədəbiyyatının təbliği üçün bir zamanlar çox böyük işlər gördüyünü qeyd edib: “Dövlətlər öncə sərhədlər yaratdılar, sonra bu sərhədləri qoruyub saxlamaq üçün yeni-yeni silahlar istehsal etdilər, amma yazıçılar, şairlər balaca qələmləri, kiçik yazı masalarıyla böyük sərhədləri, keçilməz sərhədləri pozmağı bacardılar. İndi sərhədlər getdikcə mənasını itirir. Bir vaxtlar Bakıdan Təbrizə quş uça bilməzdi, indi hər gün təyyarələr gedib-gəlir. Bu birlik təbii ki, bizi çox sevindirir. Bütün bunlar Səməd Behrəngilərin, önəmli qələmlərin, sərhədəri aşan əsərlərin bəhrəsidir”.

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri şair Səlim Babullaoğlu, Güney Azərbaycandan və Türkiyədən gəlmiş qonaqlar çıxış edərək Səməd Behrənginin təbliğ edilməsini, müsabiqələrin təşkilini yüksək dəyərləndiriblər. 

Sonda müsabiqədə qalib gələn yazarlara Səməd Behrəngi adına mükafatlar təqdim edilib.

 

AYB.az



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə