Son xəbərlər

 

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə yeni müşaviri İrfan Çiftçinin bu vəzifədə ilk ziyarət etdiyi qurum Azərbaycan Yazıçılar Birliyi (AYB) olub.

 
AYB sədri, Xalq yazıçısı Anarla görüşən İrfan Çiftçi ədəbi-mədəni əməkdaşlıqla bağlı fikirlərini bölüşüb.

Xatırladaq ki, İrfan Çiftçi vaxtilə İstanbul bələdiyyəsinin mədəniyyət idarəsinə rəhbərlik etdiyi illərdə Türkiyədə keçirilən Azərbaycan mədəniyyət günlərinin təşkilatçılarından olub. Sonralar AYB-nin Türkiyə təmsilçisi kimi fəaliyyət göstərib. Tərcümə işi ilə də məşğul olan İ. Çiftçi bu dönəmlərdə Rəsul Rzanın, Ramiz Rövşənin şeirlərini Türkiyə türkcəsinə çevirib. Dəfələrlə Azərbaycana, Rusiyaya, Tatarıstana, Orta Asiya respublikalarına səfərlər edib. Azərbaycan və Türkiyə arasında ədəbi-mədəni əlaqələrin sıx inkişafında mühüm xidmətləri olub.

İrfan Çiftçi görüş zamanı bildirib ki, Azərbaycan müstəqillik qazanandan sonra iki ölkə arasında dostluq münasibətləri daha da güclənib: "Azərbaycana ilk dəfə 1995-ci ildə gəlmişəm. İstanbul bələdiyyəsinin mədəniyyət işləri müdiri idim və o zaman da Yazıçılar Birliyini ziyarət etmişdim. Bir ölkə kimi çoxlu problemlərimiz var idi. Ələlxüsus da maddi baxımdan. Bu səbəbdən böyük çətinliklər içərisində mədəniyyət işlərinə diqqət ayırmaq asan deyildi. Bu gün isə həm Türkiyə, həm də Azərbaycanın yüksək iqtisadi və mədəni inkişafı göz önündədir. Ona görə də əlaqələrimiz daha geniş vüsət alıb. Ancaq fikrimcə, Azərbaycanla Türkiyə arasında ədəbi-mədəni əlaqələr hələ də arzuolunan səviyyədə deyil. İlişkilərimizin dərinləşməsi istiqamətində böyük addımlar atılmasına ehtiyac var. Bunun üçün də bu yöndə çox çalışmaq, işləmək lazımdır".

Yeni müşaviri bu vəzifəyə təyin olunması münasibətilə təbrik edən və ona uğurlar arzulayan AYB sədri Anar deyib ki, qardaş ölkələrin ədəbi-mədəni əlaqələrinin möhkəmlənməsi olduqca əhəmiyyətlidir: "İnanıram ki, İrfan Çiftçinin bu sahədə fəaliyyəti, təcrübəsi, təşkilatçılığı Türkiyə və Azərbaycan arasında ədəbi-mədəni əlaqələrin daha da güclənməsinə təkan verəcək".

MÜŞFİQ

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə