Aprelin 21-də Türkiyənin Trabzon şəhərində 2-ci Beynəlxalq Trabzon Ədəbiyyat Festivalı (UTEF) başlayıb. “Yol və məkan” adlı bu tədbirlər silsiləsi bir neçə gün davam edəcək. 

Təşkilatçı qurum olan Qaradəniz Yazarlar Birliyi Dərnəyinin rəhbəri Esma Ala Türkmenin dəvəti ilə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və Milli Elmlər Akademiyasının doktorantı Gülnar Qasımlı tədbirlərdə ölkəmizin ədəbi ictimaiyyətini  təmsil edirlər.

Festivalın açılışı aprelin 21-də olub. Açılış mərasimində Türkiyə, Azərbaycan, Rusiya, Gürcüstan və İrandan nümayəndələr çıxış ediblər. AYB katibi Rəşad Məcid mərasimdəki çıxışında festivalın əhəmiyyətindən söz açıb. O, festival çərçivəsindəki silsilə tədbirlərin ayrı-ayrı xalqların ədəbiyyatına və böyük söz sənətkarlarına həsr olunmasını təqdirəlayiq cəhət kimi vurğulayıb. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına festivalda xüsusi yer verildiyi üçün tədbir təşkilatçılarına ayrıca minnətdarlığını bildirib. Çıxışını tamamlayan R.Məcid Nizami yurdu Gəncədən hədiyyə göndərilən xalçanı festivalın rəhbəri Esma Ala Türkmenə təqdim edib.

Bu gün festivalda rus ədəbiyyatından və Tolstoyun yaradıcılığından bəhs edən məruzələr dinləniləcək. Aprelin 23-də “Türk ədəbiyyatı- Yunus Əmrə” mövzusunun müzakirələri ilə yanaşı, kitab günü - “Oxucu-müəllif görüşü” olacaq. Ertəsi günə “İran ədəbiyyatı - Sədi Şirazi” müzakirəsi planlaşdırılıb. Aprelin 25-də “Gürcü ədəbiyyatı - Şota Rustavelli” mövzusundan bəhs ediləcək.

26 apreldə - festivalın bağlanış günündə “Azərbaycan ədəbiyyatı - Nizami Gəncəvi” mövzusuna həsr olunacaq. Həmin gün üçün “Dədə Qorqud və Buğac xan” mövzusunda da çıxışlar nəzərdə tutulub.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə