Son xəbərlər

 

Aprelin 27-də Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi kitabxanada yazıçı Seyran Səxavətlə oxucuların görüşü keçirilib. 

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə keçirilən görüşdə yerli oxucular, tələbələr, kitabxananın əməkdaşları və ədəbiyyat adamları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Yeganə Əhmədova Seyran Səxavətin həyat və yaradıcılığından danışıb, onun Azərbaycan nəsrinin parlaq imzalarından olduğunu bildirib.

Şair Əşrəf Veysəlli S. Səxavəti Azərbaycan nəsrində mühüm xidmətləri olan realist yazıçı kimi qiymətləndirib: “Onun qəhrəmanları, mövzuları həyatımızla birbaşa bağlıdır. Üslubunun orijinallığı və dilinin şirinliyi ilə seçilir. Bununla yanaşı, onun çox dəqiq və iti müşahidə qabiliyyəti var”.

Ədəbiyyatçı Sabir Məmmədov çıxışında S. Səxavətin yaradıcılıq yolu barədə ətraflı məlumat verib, ədəbiyyata şeirlə gəldiyini qeyd edib: “Hamı elə bilirdi” ilk hekayələr kitabı 1979-cu ildə çap olunan Seyran Səxavət “Daş evlər”, “Nekroloq”, “Yəhudi əlifbası” romanlarının, müxtəlif hekayə və povestlərin müəllifidir. Pyesləri teatrlarımızda uğurla səhnələşdirilib”.

Görüş iştirakçılarından gənc nasir Kəramət Böyükçöl və digərləri də S.Səxavətin yaradıcılığından, şəxsi məziyyətlərindən bəhs edib, onun ədəbiyyatımızda xüsusi yer tutduğunu vurğulayıblar.

Sonda Seyran Səxavət çıxış edərək şeirlərini səsləndirib, oxucuların həyat, ədəbiyyat, sənətkarlıqla bağlı suallarını cavablandırıb. Oxucularla görüşdən məmnunluğunu bildirən yazıçı tədbir təşkilatçılarına və iştirakçılara minnətdarlıq edib.

MÜŞFİQ

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə