Son xəbərlər

 

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Xalq şairi Nəriman Həsənzadənin Heydər Əliyev Mükafatına layiq görülməsi ilə bağlı tədbir keçirilib. 

Mərasimdə AYB rəhbərliyi, tanınmış yazarlar, ədəbiyyatşünaslar və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AYB-nin sədri, Xalq yazıçısı Anar Nəriman Həsənzadənin yaradıcılığını yüksək dəyərləndirərək, onu mükafata layiq görülməsi münasibəti ilə təbrik edib. AYB sədri şairin mükafatlandırılmasını dövlətin ədəbiyyata, yazarlara olan xüsusi diqqətinin, qayğısının göstəricisi kimi qiymətləndirib.

N.Həsənzadəni mükafata layiq görülməsi münasibəti ilə təbrik edən AYB-nin Birinci katibi, Xalq şairi Fikrət Qoca, onun yüksək insani keyfiyyətlərinin lirikasına da sirayət etdiyini deyib. Xalq şairi qeyd edib ki, şairi, yazıçını yaşadan da məhz dövlətin, xalqın ona, onun yazdıqlarına diqqəti, məhəbbətidir. N.Həsənzadə bu məhəbbəti çoxdan qazanmış şairlərdəndir.

AYB katibi, Xalq yazıçısı Çingiz Abdullayev N.Həsənzadənin şeirlərini milli poeziyanın çox gözəl nümunələri adlandırıb.

Tanınmış yazıçı və ictimai xadim Səyyad Aran deyib ki, N.Həsənzadə şəxsiyyəti və yaradıcılığı ilə məktəb olan insandır: "Mən Nəriman Həsənzadəni bir tək "səmimiyyət" sözü ilə ifadə edərdim. O, təpədən-dırnağa səmimiyyətdir".

AMEA-nın müxbir üzvü, Millət vəkili Nizami Cəfərov Xalq şairi ilə tanışlığından söz açıb, onun həm humanist bir insan, həm də şair kimi gənclərə örnək olduğunu deyib.

"Heydər Əliyev mükafatı"nın əhəmiyyətindən danışan AYB-nin sədr müavini Nazim İbrahimov  N.Həsənzadənin bu mükafata layiq görülməsinin bütün Azərbaycan ədəbiyyatının uğuru olduğunu qeyd edib.

Daha sonra  professor Qəzənfər Paşayev, şair  Çingiz Əlioğlu, tənqidçi Tofiq Məlikli və başqaları çıxış edərək Xalq şairini mükafata layiq görülməsi münasibəti ilə təbrik edib, ona can sağlığı və daha böyük yaradıcılıq uğurları diləyiblər.

Sonda N.Həsənzadə bu tədbiri təşkil etdikləri üçün başda AYB rəhbərliyi olaraq, hər kəsə öz təşəkkürünü bildirib və sevinc hisslərini tədbir iştirakçıları ilə bölüşüb: "Bu gün mən tamam başqa hisslərlə yaşayıram. Sevincimin, fərəhimin hədd-hüdudu yoxdur. Bu sevinci mənə bəxş edən, məni, yaradıcılığımı ən ali mükafat hesab etdiyim Heydər Əliyev  Mükafatı ilə ödülləndirən prezidentimiz İlham Əliyev başda olmaqla, hər kəsə öz sonsuz təşəkkürlərimi bildirirəm. Bir şair üçün bundan gözəl nə ola bilər ki? Burada iştirak edən, çıxış edən hər kəsə də minnətdaram. Bundan sonra da Azərbaycan ədəbiyyatı üçün daha böyük əzmlə, məsuliyyətlə çalışacağıma əmin ola bilərsiniz".

Şahanə MÜŞFİQ

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə