Son xəbərlər

 

Mayin 24-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair Ağaveyis Şirvaninin 75 illik yubileyi,  yaradıcılığının 60 illiyili və son kitabı “Sağalan deyil”lə  bağlı tədbir keçirilib.

 

Görüşdə tanınmış qələm adamları və ziyalılar iştirak edib.

Tədbirin aparıcısı yazıçı-dramaturq-publisist, Azərbaycan Yazıçılar Birliyinin müşaviri Elçin Hüseynbəyli yubilyar barədə yığcam məlumat verərək bildirib ki, məşhur Seyid Əzimin xələflərindən olan Ağaveyis Şirvani poziyamızın beşiklərindən sayılan füsunkar  Şamaxının Ərəbşalbaş kəndində anadan olub və klassik üslubda, müxtəlif janrlarda yazan qələm sahibidir.

Tarixçi və ilahiyyatçı kimi yurdunda söz sahibi olan Ağaveyis Şirvaninin indiyə kimi şeir və poemalardan ibarət 8 kitabı nəşr olunub. O, bu kitablar arasında  “Gənclik illərim”, “Keçən günlər qayıtmaz ”, “Sağalan deyil” kitablarının adını xüsusi qeyd edib.

Sonra söz Azərbaycan Yazıçılar Birliyinin katibi,  xalq yazıçısı, bir çox nüfuzlu beynəlxalq təşkilatların sədri Çingiz Abdullayevə verilib. O, yubilyara can sağlığı və yeni yaradıcılıq uğurları diləyib və yaradıcılığının 60 illiyilə bağlı AYB-nin fəxri fərmanını A.Şirvaniyə təqdim edib.

Tədbiri  “Sağalan deyil” kitabının ön sözünün müəllifi, şair və publisist Əli Aslanoğlu davam etdirib.

Ə.Aslanoğlu öz çıxışında A.Şirvanini ruh və iman adamı kimi dəyərləndirib və qeyd edib ki, bu xüsusiyyət onun əsərlərində də özünü qabarıq büruzə verir.  “Ağaveyis Şirvaninin əsərlərinin kökündə xalq dili, xalq ruhu, milli adət-ənənələr durur”- deyə o bildirib.

Şair  Əlirza Xələfli A.Şirvaninin yaradıcılığından danışaraq qeyd edib ki, “Sağalan deyil” kitabının müəllifi harda olur-olsun Tanriya tapınınr.

Tənqidçi Bəsti Əlibəylninin fikrincə, A.Şirvaninin yaradıcılığı  dastan təhkiyəsinə əsaslanır.

Tədbirdə  şairlər Musa Ələkbərli, Fərqanə Mehdiyeva, Nəcibə İlkin və başqaları da A.Şirvanini yubiley münasibətilə təbrik edib, onu yüksək keyfiyyətli insan kimi dəyərləndirib və yaradıcılığından söz açıblar.

Görüşün sonunda Ağaveyis Şirvani tədbir təşkilatçılarına və onun sevincini bölüşənlərə minntədarlığını bildirib və qonaqlarla xatirə şəkli çəkdirib.

 

 AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə