Molla Pənah Vaqifin 300 illiyi münasibətilə dekabrın 7-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yubiley tədbiri keçirilib.

 

Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, habelə dövlət rəsmiləri iştirak ediblər.

Əvvəlcə qonaqlar M.P.Vaqifin əsərlərindən, habelə şairin həyat və yaradıcılığına həsr olunmuş kitablardan ibarət sərgi ilə tanış olublar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yubiley mərasimində çıxış edərək M.P.Vaqifin ədəbiyyatımıza verdiyi töhfələrdən söz açıb: “Dövlətimiz tərəfindən, tanınmış şəxsiyyətlərin yubileylərinin yüksək səviyyədə qeyd edilməsi, əsərlərinin nəşri və təbliği uzun illərdir ki, ənənə halını alıb. Molla Pənah Vaqifin də yubileyinin qeyd edilməsi təkcə ölkəmizlə məhdudlaşmır, demək olar ki, bütün türk dünyasında bununla bağlı silsilə tədbirlər keçirilib. Akademik Nizami Cəfərovun şairin həyat və yaradıcılığından bəhs edən “Molla Pənah Vaqif”, Milli Kitabxananın hazırladığı “Molla Pənah Vaqif” biblioqrafiyası Nazirliyin, “Molla Pənah Vaqif dünya dillərində” kitabı isə TÜRKSOY-un dəstəyi ilə nəşr edilib. Ulu Öndər Heydər Əliyevin zəngin Azərbaycan ədəbiyyatının inkişafına və onun görkəmli nümayəndələrinin dünyada tanınmasına göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Molla Pənah Vaqifin 300 illik yubileyinin qeyd olunması da bu siyasətin bariz nümunəsidir”.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov rəhbəri olduğu qurumun görkəmli şairə həsr etdiyi tədbirlərdən söz açaraq deyib ki, TÜRKSOY “Molla Pənah Vaqif İli” çərçivəsində çoxsaylı tədbirlər keçirib, elmi-konfranslar təşkil edib. Dekabrın 22-də isə Şimali Kiprdə Vaqiflə bağlı tədbirin təşkili nəzərdə tutulur.

Kabardin-Balkar Respublikasının Yazıçılar İttifaqının sədri Mütəllib Behbayev Vaqif şeirlərinin fəlsəfi məzmunu, yazı dilindəki rəvanlıq, onun siyasi və dövlət işlərindəki tarixi fəaliyyətini yüksək qiymətləndirib.

Tədbir tanınmış ifaçılar tərəfindən təqdim olunan konsert proqramı ilə davam edib.

Şahanə MÜŞFİQ

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə