Son xəbərlər

 

Dekabrın 15-də Qazax şəhərindəki Mədəniyyət Mərkəzində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı, şairə Zərəngiz Dəmirçi Qayalının 55 illik yubileyi qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Qazaxda Şəhidlər xiyabanını və yubilyarın şəhid bacısı Vəfa Dəmirçioğlunun xatirəsinə ucaldılmış abidə-bulaq kompleksini ziyarət ediblər. Sonra Ədəbiyyat Mərkəzinin foyesində şairənin əsərlərindən və layiq görüldüyü mükafatlardan ibarət sərgi ilə tanışlıq olub.

Mədəniyyət Mərkəzində davam etdirilən yubiley tədbirini rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq Zərəngiz Dəmirçi Qayalını təbrik edib, ona gələcək işlərində və yaradıcılığında uğurlar arzulayıb.

Şair Mustafa Rasimoğlu çıxışında bildirib ki, 2006-cı ildə Azərbaycanda “İlin qadın şairi” adını almış Zərəngiz Dəmirçi Qayalı 1992-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Qeyd olunub ki, onun ilk şeiri 1979-cu ildə “Qalibiyyət bayrağı” qəzetində dərc edilib. “Haqqı sevdim” adlı ilk kitabı isə 2001-ci ildə “Nurlan” nəşriyyatında işıq üzü görüb. Bundan sonra 2006-cı ildə “Vəfam mənim”, “Güllələnmişlər”, 2008-ci ildə “Qayalı”, 2013-cü ildə “Əziz rəhbər”, 2016-cı ildə “Oğul” kitabları çap olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə şairənin “Cavab ver” poeması əsasında “Xocalı” tamaşası səhnələşdirilib.

Çıxışlarda vurğulanıb ki, Zərəngiz Dəmirçi Qayalı bir sıra mükafatlara, o cümlədən 2011-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Yeni Yazarlar və Sənətçilər Qurumunun Nizami Gəncəvi adına beynəlxalq mükafatına layiq görülüb.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin nümayəndəsi Bayandur Sevgi, şairlərdən Barat Vüsal, Zaməddin Ziyadoğlu, Saqif Qaratorpaq, Tamilla Poladlı və başqaları yubilyarı təbrik edib, şeirlərini oxuyublar.

Qazax Dövlət Dram Teatrının aktyorlarının və məktəblilərin ifasında şairənin şeirləri və bacısı Vəfaya həsr etdiyi poemadan parçalar səsləndirilib, aşıqlar Qazaxa həsr olunan mahnıları ifa ediblər.

Sonda Zərəngiz Dəmirçi Qayalı çıxış edərək, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə