Son xəbərlər

 

PƏRVİN

Türkiyənin "Əlyazma Əsərlər Qurumu Başqanlığının nəşrləri" seriyasından böyük Azərbaycan şairi Şah İsmayıl Xətainin divanı işıq üzü görüb.

Kitabı nəşrə professor Mühsin Məcid hazırlayıb. Kitabda şairin divanından başqa, həm də professor Mühsin Məcidin təhlilləri yer alıb. Bu təhlillər "Şah İsmayıl və şairliyi", "Şah İsmayılın əsərləri" və "Xətai divanının tənqidli mətninə doğru" başlıqları altında qruplaşdırılıb. Həmçinin, kitabın sonunda Şah İsmayıl Xətainin rəsmi,  ərəb əlifbasında yazılmış divanın orijinalının foto-surəti yer alıb.

Əsər oxuculara orijinal dildə təqdim edilib, çətin anlaşılan ifadələrin, ərəb, fars tərkiblərinin izahı mətnin altında verilib. M.Məcid "Tənqidi mətn" bölümündə əruz vəznində yazılmış şeirləri təhlil edib, təfiləsini də göstərib.

Kitabın təqdimat yazısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana aiddir. R.T.Ərdoğan bu yazıda Türk dünyası yazılı mənəvi sərvətinin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb: "İnsanların, cəmiyyətlərin və dövlətlərin gücü, yaratdıqları mədəniyyətlə və bu mədəni dəyərlərin varlığı ilə ölçülür. İnsan oğlu olaraq daha işıqlı bir gələcək qurmamız  insanlığın ortaq dəyəri, ortaq mirası və ortaq qazancı olan mədəni dəyərləri inkişaf etdirməyimizlə mümkündür. Bizlər Səlcuqdan Osmanlıya və Cümhuriyyətə kimi böyük dövlətlər quran bir millətik. Bu böyük dövlət ənənəsinin arxasında böyük bir mədəniyyət durur... Gələcək nəsillər qarşısında ən böyük məsuliyyətimiz, insan və dünya təsəvvürümüzün təməlini təşkil edən bu təkrarsız mirası qoruyub saxlamaqdır. Bugünkü və sabahkı nəsillərimizin inkişafı keçmişimizdən aldığımız mədəniyyətin daha da yaxşı qavranılmasından və o mədəniyyətə sahib çıxmağımızdan asılıdır".

Kitaba ön söz yazan Türkiyənin baş naziri Binəli Yıldırım, İslam mədəniyyətinin dünyaya təsirindən, qədim köklərə malik olmasından bəhs edib: "İnsanlıq tarixində bənzərsiz bir şəkildə yazılı və şifahi mədəniyyət sahəsində öz möhürünü vuran İslam mədəniyyəti insanlığın yaddaşını, hafizəsini yazıya köçürmək vəzifəsini həyata keçirib. Oxumağı, yazmağı və öyrətməyi əsas qayə hesab edən İslam mədəniyyəti mədəni və elmi inkişafa həmişə açıq olub. Bunun təbii bir nəticəsi olaraq həm elmi müstəvidə, həm də sosial və mədəni sahədə İslam mədəniyyəti ilə qeyri-adi sintezlər özünü göstərir. Bu sintezlərin təbii nəticəsi kimi ortaya çıxan bir çox dövlətlər, xüsusən Səlcuq və Osmanlılar İslam mədəniyyətinin böyüklüyünü dərk edib və fəthedilən bölgələrdə bu mədəniyyəti yayıblar. Sadəcə elmi və mədəni sahədə deyil, insanlığa aid edilən hər bir sahədə bu prinsip gözlənilib. Memarlıqdan sənətə, ədəbiyyatdan elmə, fəlsəfədən tibbə kimi çox müxtəlif sahələrdə İslam mədəniyyəti özünü göstərir".

Türkiyənin mədəniyyət və turizm naziri Numan Qurtulmuş  Xətainin divanı kimi əsərlərin yeni nəsillərə çatdırılmasınının əhəmiyyətini kitaba yazdığı şərhdə xüsusi vurğulayıb: "Bir millətin öz mədəniyyətinə və tarixinə necə yanaşması o millətin həm indiki, həm də gələcək mədəni, sosial, elmi inkişafına təsir göstərir. Varisi olduğumuz Türk-İslam mədəniyyətinin tarixində gerçəkləşmiş müxtəlif siyasi, elmi, sosial təcrübələri yenidən öyrənmək, heç şübhəsiz ki, faydasını verəcəkdir. Bu təcrübələr zəngin yazılı ədəbiyyatımıza xüsusi diqqətimizi tələb edir. Milli mədəni azadlığımızın da bir nümunəsi olan bu əsərləri nəşr edərək millətimizin istifadəsinə vermək mədəniyyət tariximiz üçün son dərəcə önəmlidir".

Professor M.Məcid isə "Tərtibçidən" adlı bölümdə Xətai şeirinə sevgisinin tarixçəsindən, Nəsimi və Füzuli lirikasına hədsiz marağından söz açıb. Həmçinin, kitabın araya-ərsəyə gəlməsinin texniki tərəflərini, şeirlərin təhlilinin özəlliklərini, istifadə etdiyi ədəbiyyatları da diqqətə çatdırıb. Eyni zamanda, kitabın nəşrində zəhməti keçən insanlara təşəkkürlərini çatdırıb. Sonda isə Xətainin misraları ilə oxucularına aid minnətdarlıq və dualarını bildirib: "Bu kitabı hazırlayarkən şeirlərini dəfələrlə oxuduğum Şah İsmayılın "Hər kim ki bizi anarsa olsun, Dər bürci səadət aşiyanı" sözləriylə şeirləşdirdiyi duasına şərik çıxıram".    

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə