“BAŞA ÇATAN BU İLİ BƏDİİ TƏRCÜMƏ VƏ ƏDƏBİ ƏLAQƏLƏR MƏRKƏZININ FƏALİYYƏTİ BAXIMINDAN ƏLAMƏTDAR SAYMAQ OLAR”

 

Bugünlərdə Qazaxıstanın Türküstan şəhərində səfərdən yenicə qayıtmış Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair və tərcüməçi Səlim Babullaoğlu ilə görüşümüzün əsas məqsədi onun səfər təəssüratlarını öyrənmək idi. 

Ancaq söhbətimiz elə vaxta təsadüf etdi ki, istər-istəməz, ilin ədəbi yekunlarına və onun sədri olduğu Mərkəzin 2017-ci ildəki fəaliyyətinin nəticələrinə də diqqət yetirdik.

 

Dekabrın 20-dən 22-nə kimi Türkiyə Yazarlar Birliyinin dəvəti ilə Qazaxıstanın Türküstan şəhərində “Türkcənin XII Beynəlxalq Şeir Şöləni”ndə ölkəmizi təmsil edən S.Babullaoğlu səfərdən və orada Azərbaycan poeziyasına, ümumilikdə ədəbiyyatımıza maraqdan məmnun qaldığını söylədi: “Türküstana Azərbaycandan 3 nəfər dəvət almışdı. İş elə gətirdi ki, təkcə mən getdim. Əhməd Yəsəvi adına türkcə-qazaxca Beynəlxalq Universitet, Türkiyə və Qazaxıstan Yazarlar Birliyi, eləcə də Türkiyənin Mədəniyyət müşavirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə, demək olar, bütün türkdilli ölkə və topluluqlardan təmsilçilər iştirak edirdi. Dolğun bir proqram hazırlanmışdı, tədbirlər, görüşlər, şeir gecəsi keçirildi. Hər bir tədbir türk xalqına məxsus bir böyük şairin adı ilə bağlanmışdı. İştirakçılara xüsusi diplomlar, üç şairə isə xüsusi ödül verildi. Bu Şeir Şöləni yeni əlaqələrin qurulması, tanışlıqlar yaradılması, ən əsası isə ortaq türkcənin yaradılmasına cəhd olmaq baxımından böyük əhəmiyyət kəsb etdi. Səslənən şeirlər çox müxtəlif idi. Məsələn, həmin gün mən, çox sevdiyim mərhum şairimiz Adil Mirseyidin doğum günü idi deyə, onun “Bir gecə oyandım yağış səsinə” şeirini oxudum”.

 

Şeir Şöləni çərçivəsində Əhməd Yəsəvi adına türkcə-qazaxca Beynəlxalq Universitetində Səlim Babullaoğlu ilə görüş də keçirilib. Şair həmin görüş haqqında məlumat verərkən dedi ki, orada müxtəlif türkdilli xalqlardan olan tələbələrin ədəbiyyatımıza marağı onu çox sevindirib: “Təxminən 60-70 tələbənin iştirakı ilə görüş oldu. Orada azərbaycanlı tələbələr də vardı. Gənc şairimiz Ruslan Dost Əlini də orada görmək məni sevindirdi. Müxtəlif məzmunlu suallar verdilər, onları cavablandırdım, müasir ədəbiyyatımız haqqında məlumat verdim. Düşünürəm ki, bu görüş də hər iki tərəf üçün faydalı oldu və qalıcı izlər buraxdı”.

 

İlin ədəbi yekunlarından söz açan S.Babullaoğlu önəmli və dəyərli saydığı bir sıra faktları qeyd edib: “Bu il ərzində tərcümə sahəsində diqqətimi çəkən və məmnunluqla qeyd edə biləcəyim bir neçə əsər oldu. “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynlinin tərcüməsində Culian Barnsın “Aqibət duyğusu” romanı, Qismətin çevirdiyi iki kitab - “Nabokovun mühazirələri” və “Ədəbiyyatsız dünya”, müasir İran poeziyasını əhatə edən “Dostun evi haradadır” antologiyası yüksək təqdirlə qarşılandı. Fərid Hüseynin yenicə çap olunan “Hər kəsin öz eşqi” kitabını da çox lazımlı nəşr hesab edirəm”.

 

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin 2017-ci ildə həyata keçirdiyi layihələr barədə danışan sədr deyib ki, başa çatan bu ili Mərkəzin fəaliyyəti baxımından əlamətdar  saymaq olar: “Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi bu il xeyli iş görüb və ciddi nəticələr alıb. Mərkəzin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin iki sayı çap edilib. Bunlardan biri İngiltərə, digəri isə Moldova ədəbiyyatı sayıdır və hər ikisində bu ölkələrin onlarla ədibinin olduqca maraqlı əsərləri toplanıb. May ayında Moldovanın paytaxtı Kişinyovda “Avropa şairlərinin baharı” adlı poeziya festivalında iştirak etdim. Həmin festivalda Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə Moldova Yazıçılar Birliyi arasında əməkdaşlıq memorandumu imzaladıq. Memoranduma əsasən, biz burada Moldova, onlar isə orada Azərbaycan ədəbiyyatının tərcümə və təbliğini öhdəmizə götürdük. Bu işə Moldova Azərbaycanlıları Konqresi və konqresin sədri Vüqar Novruzov çox yaxından dəstək verdi. Qurulan əməkdaşlıq çərçivəsində görkəmli şair Arkadie Suçevyanunun “Qağayı ilə göndərilən məktub” şeirlər toplusunu, tanınmış yazıçı İqor Volnitskinin “Mənə ölməyi öyrət” romanını nəşr etdik. Birinci kitaba daxil olan əsərləri Qismət və mən, romanı isə Azad Yaşar çevirib. “Dünya ədəbiyyatı” dərgisinin “Moldova” sayında, 15-i şair olmaqla, 40-a qədər moldovalı müəllifin əsərləri yer alıb. Eyni zamanda, bizim əməkdaşlıq çərçivəsində moldovalılar Azərbaycan nəsri antologiyasını hazırlayırlar. Yəqin ki, gələn ilin əvvəlində hazır olacaq. Kitaba akademik İsa Həbibbəyli ön söz yazıb. Xalq yazıçısı Anarın “Ağ qoç, qara qoç” romanı da Moldovada çap edilir. Düşünürük ki, yanvar-fevral aylarında bizim nəşrlərimiz burada, onların nəşr etdikləri kitablar isə orada təqdim olunacaq. Həmin ərəfədə Bakıda “Moldova kitabı günləri” keçirməyi də planlaşdırırıq. Ümidvaram ki, bu prosesdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi də yaxından iştirak edəcək.

 

Biz bir neçə ay öncə Bakıda İran ədəbiyyatı ilə bağlı silsilə tədbirlər keçirdik. İranın ölkəmizdəki səfirliyinin mədəniyyət müşavirliyi ilə əməkdaşlıq əsasında görkəmli İran yazıçısı Mustafa Məsturu Bakıya dəvət etdik, akademiyanın Elmi Kitabxanasında, Səməd Vurğun adına muzeydə və bir çox başqa yerlərdə onunla görüşlər, mühazirələr oldu.

 

Bu il “ATV kitab” layihəsi çərçivəsində 16 kitab çap edildi ki, bu işdə də Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi yaxından iştirak etdi. Həmin kitabların yarısı tərcümə ədəbiyyatına aid idi.

 

Yekun vuraraq deyə bilərəm ki, 2017-ci ildə kifayət qədər uğurlu işlər görmüşük və bu sahədə yeni layihələr, tədbirlər üzərində düşünürük”.

 

Şahanə MÜŞFİQ

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə