Son xəbərlər

 

Moskvada çıxan "Literaturnaya qazeta"nın Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birgə layihəsi olan, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin ideyası ilə reallaşdırılan "Azərbaycan - Turanın incisi" əlavəsinin növbəti - 6-cı sayı çap olunub.

 

"Literaturnaya qazeta"nın 20-26 dekabr 2017-ci il tarixli 50-ci sayında A3 formatda 8 qəzet səhifəsi həcmində çap olunmuş əlavəsi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin və yazıçı-ədəbiyyatşünas Abuzər Bağırovun "Dəyişikliklər dövrlərinin ədəbiyyatı" adlı geniş həcmli giriş məqaləsi ilə təqdim olunub. Məqalədə XII əsrdən meydana çıxmağa başlamış realist istiqamətli ədəbiyyata elmi baxış və bu ədəbiyyatın yaradıcıları haqqında müfəssəl məlumat verilir. Qeyd edək ki, "Literaturnaya qazeta"da verilmiş məqalələr vasitəsilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatının yeni dövrləşmə konsepsiyasına uyğun olaraq rus oxucuları qəbul olunmuş dövrləşmə və mərhələlər üzrə qısa təsnifatla tanış olmaq imkanı əldə ediblər. Belə ki, adıçəkilən məqalədə Azərbaycan ədəbiyyatının təşəkkül tarixi, xüsusilə də realist ədəbiyyatımızın erkən realizm, maarifçi realizm, tənqidi realizm mərhələləri lakonik şəkildə elmi cəhətdən izah edilərək, bu istiqamətlərin əsas yaradıcıları və inkişaf etdirənləri barədə biblioqrafik məlumatla yanaşı, şair və yazıçıların yaradıcılıq xüsusiyyətlərinə də geniş yer verilir. Azərbaycan ədəbiyyatının bəhs edilən və bədii nümunələr verilən dövrlərinin (XVIII əsrin əvvəlləri - XX əsrin əvvəlləri) bütün özünəməxsus xüsusiyyətləri haqqında oxucu dolğun təsəvvür əldə edə bilir. Cənubi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məmmədhüseyn Şəhriyara da poetik əlavə çələngində yer verilməsi milli ədəbiyyatımızın Cənub qolunun dili, ifadə vasitələri və yaradıcılıq xüsusiyyətləri ilə tanış olmaq imkanı yaradır.

"Azərbaycan realist poeziyası" rubrikası altında təqdim olunan əlavədə ədəbiyyatımızın görkəmli nümayəndələri Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Xurşidbanu Natəvan, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir və Məmmədhüseyn Şəhriyarın poetik yaradıcılıqlarından seçmə nümunələr onların həyatlarının əsas tarixlərini əks etdirən informasiyalarla birgə oxuculara təqdim olunub. Həmçinin, görkəmli romantik şairlər Hüseyn Cavid və Seyid Əbülqasım Nəbatinin əsas tərcümeyi-hal göstəriciləri və şeir örnəkləri də "Əlavə"də yer alıb.

Azərbaycan realist ədəbiyyatının qəzəl, qoşma, müsəddəs, müxəmməs, məsnəvi, satira, təmsil və s. janrlarında olan poeziya nümunələri Konstantin Simonov, Pavel Antokolski, Siyavuş Məmmədzadə, Tatyana Streşneva, Vladimir Luqovskoy, Abram Plavnik və başqaları kimi tanınmış şairlərin rus dilinə tərcümələrində təqdim olunub.

Qeyd edək ki, indiyə qədər "Literaturnaya qazeta"nın səhifələrində yer almış "Azərbaycan - Turanın incisi" əlavələrində Azərbaycan ədəbiyyatı bütün mərhələlər üzrə ardıcıllıqla xarakterizə edilmiş, qədim dövrlərdən XVIII əsrə qədər keçdiyi yol haqqında ətraflı elmi-nəzəri məqalələr və barəsində bəhs edilən istiqamətlərin görkəmli yaradıcılarının əsərlərindən nümunələrə yer verilib.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun  "Literaturnaya qazeta" ilə birgə layihəsi üzrə XX əsr sovet dövrünü və XXI əsr müstəqillik mərhələsini əhatə edəcək əlavələrin hazırlanması da nəzərdə tutulur.

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə