Son xəbərlər

 



Oktyabrın 25-də Xırdalan şəhərindəki Heydər Əliyev mərkəzində yazıçı, şair-publisist, «Kredo» qəzetinin baş redaktoru Əli Rza Xələfli ilə Abşeron rayonunda yaşayıb-yaradan yazarların görüşü keçirildi. Tədbiri giriş sözü ilə AYB-nin Abşeron rayon bölməsinin sədri Şəhla Ağbulud açıb iştirakçıları salamladı, qonaqlara xoşgəldin elədi. Məclisi aparmaq üçün sözü Azərbaycanın Dövlət Mükafatı laureatı, professor Nizaməddin Şəmsizadəyə verdi.

Nizaməddin müəllim çıxışına başlayarkən Ə.Xələflinin tədbirdə paylanan müxtəlif adda kitablarına işarə ilə bildirdi ki, bu kitablar, bu yazılar Ə.Xələflinin kim olduğunu bizdən qabaq sizə deyir. Bu kitablarda yazılanlar dilə gəlib müəllifin kimliyini tanıdır. Lakin biz də Əli Rza müəllimin ən yaxın dostları kimi bu məclisə gəlmişik ki, öz ürək sözlərimizi deyək. Mən onu müasir Azərbaycan ziyalılarının nadir insanı hesab edirəm. Hər şeydən öncə onu qeyd edim ki, Əli Rza Allahın ona bəxş etdiyi istedadın qədrini bilən adamdır. Müxtəlif səpkidə yazdığı əsərləri, kitabları bunu açıq-aydın göstərir. İnsan ruhun daşıyıcısı olan ali varlıqdır. O, ruha xəyanət eləmir. Onu Qarabağ ağrısı, Araz ağrısı həmişə narahat edir. Ədəbiyyat ağrı yaddaşından yaranır. Cənab prezidentimiz İlham Əliyevin Qarabağ uğrunda apardığı diplomatik sülh döyüşünün qələbə çalacağına inanırıq. İnanırıq ki, növbəti tədbirləri biz Ə.Xələflinin doğulduğu Cəbrayıl torpağında keçirəcəyik.

Nizaməddin müəllim çıxışına davam edib qeyd etdi ki, Allah-Təala Əli Rza Xələfliyə gözəl nitq qabiliyyəti verib. O, adama elə gəlir ki, danışanda qışqırır, amma əslində o qışqırmır, ehtirasla danışır. Ehtirasdan qiymətli heç nə yoxdur. Ehtirasını qalibiyyət bayrağı kimi ələ almaqla o, öz fikirlərini çatdırır, o, eyni vaxtda müxtəlif mövzuda danışa bilir. Onun «Od» romanının təqdimatında mən o vaxt demişdim ki, bu «Od»u elə od yazmalıdır, odlu nəfəs, odlu ehtiras sahibi olan Əli Rza Xələfli yazmalıdır. O, «Od» romanı ilə qədim tariximizə üz tutdu, özünün böyük türkçü olduğunu ortaya qoydu.

Onun «Yaddaşa aparan yollar» kitabının haqqında da ayrıca danışan professor N.Şəmsizadə dedi ki, əgər Əlirzanın yaradıcılığını bircə sözlə ifadə eləməyi desəydilər, mən «Yaddaş» sözünü deyərdim. Çünki o, əsərlərində həmişə yaddaşı haraylayır, yaddaşı təzələyir…

Ə.R.Xələflinin baş redaktor kimi fəaliyyətinə toxunan professor qeyd etdi ki, 2 qəzetin adını xüsusi çəkərdim: «Kredo» qəzeti və Rəşad Məcidin «525-ci qəzeti». XIX əsrdə Rusiyada Nekrasovun rəhbərliyi ilə çap olunan «Sovremennik» qəzetilə «Kredo» qəzetini müqayisə etmək olar.

Nizaməddin müəllim sözünü tamamlayıb, çıxış üçün professor İsmayıl Kazımova söz verdi. İsmayıl müəllim mərhum akademik Bəkir Nəbiyevin bir vaxtlar Ə.Xələfli ilə bağlı dediyi bir institutun görə bilmədiyi işi yerinə yetirdiyi  fikrini xatırlatdı. Xatirələri vərəqləyib-çözələdi, uşaqlıq və gənclik illərinin bir yerdə keçdiyini – Diri dağı, Xudafərin körpüləri ətrafında gəzib-dolaşdığı illəri yada saldı, Aşıq Qurbaninin, Aşıq Pərinin məzarlarını birlikdə ziyarət etdikləri çağları xatırlatdı. Pedaqoji Universitetdə bir dövrdə oxuduqlarını, əlaçı tələbə kimi o vaxtları da çox seçilib-fərqləndiyini diqqətə çatdırdı.

Professor İ.Kazımov institutu bitirdikdən sonra bir müddət Cəbrayılın Şahvəlli kəndində bir yerdə müəllim işlədiklərindən də danışdı. Daha sonra Ə.Xələflinin rayon qəzetində xüsusi müxbir kimi işə başladığını və o vaxtlarda istedadlı yazar kimi rayon qəzeti olan «Xudafərin» («Kolxozçu») səhifələrində maraqlı yazılarla çıxışlar etdiyini bildirdi. Məcburi köçkünlükdən sonra isə onun redaktorluğu ilə çap olunan «Kredo»nun elmi əsərlər toplusu kimi elm və mədəniyyət adamlarının ədəbi tribunasına çevrildiyindən söz açdı. Alimlərin öz əsərini bu qəzetdə çap etdirməklə həm də bu yazılara ictimaiyyətin fikrini öyrənmək istədiklərini qeyd edən professor həm də «Od» romanının dili ilə bağlı mülahizələrini açıqladı…

Daha sonra balabançı Ələkbərin müşayiətilə aşıq Famil Əhlimanoğlu sazını cövlana gətirdi, məclisin ovqatına bir qədər də xoş ovqat qatdı.

Tənqidçi Qurban Bayramova söz verildi. Qurban müəllim Əli Rza Xələflinin yaradıcılığı ilə bağlı qiymətli fikirlər söyləyib qeyd etdi ki, o, müasir Azərbaycan ədəbi fikrinin «Kredo»ya çevrilən qələm əhlidir. 60-dan çox kitabı var. Qədim dövrün filosofları əllərinə qələm alıb yazı yazmayıblar, tələbələrinə diktə ediblər, şifahi şəkildə birbaşa sinədən gələn fikirlər söyləyiblər. İndiki fikrin sürət əsrində – kompüter əsrində Ə.Rza həyata işıq salan şəxsiyyətdir, o, söz, tale adamıdır. Millətin yaddaşına xidmət edən qələm əhlidir. Həyatın dastanını yaratmaqla məşğuldur. Onun «Od» romanı var, o, od püskürür, ehtirasla yazıb-yaradır. Şəxsiyyəti vahid kişidir, yaradıcılığında polifonizm-rəngarənglik var.

Professor Q.Bayramov Ə.Xələflinin publisistikasından danışıb qeyd etdi ki, o, müasir jurnalistikanın dərs götürəcəyi bir məktəbdir. Bu sahədə elə bir ödül-mükafat yoxdur ki, o almasın. Şair, nasir, publisist kimi xoşbəxt yazardır ki, ədəbi ictimaiyyət Əli Rzanı qiymətləndirib, 3 cildlik bir kitabda bunlar özünə yer alıb. Araz qırağında yaşadığına görə dəfələrlə Araz ağrısına qayıdır. At belində dövran sürən Zal kişi kimi xalq müdrikinin evində böyüyüb, ondan dərs alıb, onun oxuduğu bu kitabı biz oxumamışıq. Onun yazdıqları məhz belə bir ab-havadan qidalandığı üçündür ki, maraqlıdır, oxunaqlıdır, adamı öz təsirinə çəkəndir…

Şairə Xavər Qəhrəmani çıxışında Əli Rza müəllimə xitabən «Mənim yaradıcılığım haqqında yazmağınızla məni mənə tanıtdınız» deyib, onun şeirlərini, publisistikasını oxuyub, məsləhətlərini eşidib-dinlədiklərini qeyd etdi.

Şairə Məlahət Yusifqızı: - xalqa sədaqətlə xidmət edənlər həmişə öz sağlamlıqlarına, öz ömürlərinə xəyanət edirlər, bu mənada siz öz ömrünüzü israfçılıqla xərcləmisiniz, - deyib Cəbrayılda olduğu vaxtları yada saldı, kövrəldi. Sərhəd məftillərini orda gördüyünü, Vətənin iki bölündüyünü onda gördüyünü və onda da ağladığını etiraf etdi. Bildirdi ki, Cəbrayıllı dostlarımın içərisində Ə.Xələfli harda dayanır-dayansın, o orada şəstlə, vüqarla dayanıb. Bacılar istəməz ki, qardaşın saçına dən düşsün, - deyib şeir söyləməklə çıxışını tamamladı.

Şərqşünas, şair-tərcüməçi Hafiz Rüstəmə söz verildi. Hafiz müəllim çıxışında Ə.Xələflinin redaktoru olduğu qəzetin 15 ili tamam olduğunu və 800-cü sayın işıq üzü görəcəyini diqqətə çatdırmaqla bildirdi ki, bu cür yüksək səviyyədə, özü də müstəqil qəzet çıxartmaq hər oğulun hünəri deyil. Əli Rza operativliyi və məhsuldarlığı ilə seçilən qələm əhlidir, vaxtında və yüksək sözlə fikrini ifadə eləməklə dövrün, zamanın hadisələrinə münasibət bildirə bilir.

Hafiz Rüstəm çıxışını Əli Rza Xələfliyə həsr etdiyi «Elin dərviş oğlu» şeirilə tamamladı:

 Şair Yusif Hüseyn: - Yerini insanın ürəyində tapmaq Əli Rza Xələfliyə xasdır, - deməklə səmimi duyğularını bölüşdü, xatirələrini dilə gətirdi.

Sonda Ə.Xələfli: «Nizaməddin müəllimin apardığı məclisdə ictimai fikir görürəm, adam hiss edir ki, sən özünün deyilsən, sən ictimaiyyətinsən», - deyərək aparıcıya və tədbir iştirakçılarına təşəkkürünü çatdırdı, «bu tədbirdən həm kövrəldim, həm də qürur duydum» deyən Əli Rza müəllim yaradıcılıqla bağlı fikirlərini açıqladı və şeirlərindən seçmə nümunələr oxumaqla sazlı-sözlü görüş sona yetdi.

 

Şakir ƏLİFOĞLU

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə