Son xəbərlər

 

Noyabrın 25-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Abdulla Şaiq. Biblioqrafiya” kitabının və “Abdulla Şaiq” elektron məlumat bazasının təqdimatı olub.

 

AZƏRTAC xəbər verir ki, kitab və elektron məlumat bazası F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Uşaq ədəbiyyatı xəzinəsindən” seriyası çərçivəsində tərtib edilib.

Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, biblioqrafiyanın “Ön söz” müəllifi, professor Alxan Bayramoğlu və digərləri çıxış edərək kitabın əhəmiyyətindən danışıblar.

Qeyd edilib ki, kitab və elektron məlumat bazası Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair, tərcüməçi, pedaqoq Abdulla Şaiq Talıbzadənin anadan olmasının 135 illiyi münasibətilə hazırlanıb.

Bildirilib ki, biblioqrafiyanın hazırlanmasına 2014-cü ildə başlanıb. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları tərəfindən tərtib olunan 448 səhifəlik biblioqrafik topluda A.Şaiqin 1906-2016-cı ilədək nəşr olunan əsərləri, həyat və yaradıcılığı haqqında materiallar əks olunub. Vəsait şairin keçdiyi dolğun həyat yolunu və zəngin yaradıcılığını əks etdirmək baxımından çox əhəmiyyətlidir. Biblioqrafiyada Abdulla Şaiqin həyat yoluna, yaradıcılıq fəaliyyətinə dair fakt və tarixlərlə yanaşı, əsərlərinin ilk və növbəti nəşr mənbələri, onların yer aldığı çap məhsullarının çeşidləri, onun haqqında yazan müəlliflərin əsərlərinin çapdan çıxdığı nəşrlər, onların təsviri və s. geniş şəkildə öz əksini tapıb. Kitabda 2000-dən çox mənbə göstərilib.

Sonra elektron bazanın təqdimatı olub.

Bazada Abdulla Şaiqin həyat və yaradıcılığı, əsərləri, müdrik kəlamları, görkəmli şəxslərin ədib haqqında fikirləri, sözlərinə yazılmış mahnılar olmaqla, ümumilikdə 11 bölmədən ibarətdir.

Tədbirdə “Abdulla Şaiq-135” adlı kitab sərgisi nümayiş olunub, şairin qəzəllərinə yazılmış mahnılar səsləndirilib, məktəblilər şeirlərini söyləyiblər.

AYB.az



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə