Yanvarın 24-də Azərbaycan Yazıçılar Birliyində Gənc Ədiblər Məktəbinin (GƏM) daha bir toplantısı keçirildi.

Gənc ədiblərin budəfəki qonağı GƏM-in ideya müəllifi və yaradıcılarından olan şair Vaqif Bəhmənli idi. Bu mənada məktəb üzvlərinin şairlə tanışlığı hamı üçün arzuolunan idi. Tədbirdə yeni ədəbi mühitlə yaxından maraqlanan, onlara diqqətli yanaşan yazıçı Seyran Səxavət, şairlər Oqtay Rza, Qəşəm Nəcəfzadə, Nuranə Nur və publisist Rəhilə Gülgün  də iştirak edirdilər.

Birliyin katibi, GƏM-in rəhbəri Rəşad Məcid gənc ədiblərin yaxın tarixində Vaqif Bəhmənlinin oynadığı roldan danışdı: “Gənc Ədiblər Məktəbi 2008-ci ildə Vaqif Bəhmənlinin təklifi, Mədəniyyət və Turizm Nazirliyi ilə Yazıçılar Birliyinin əməkdaşlığı sayəsində yaradılıb. Bu mənada, Vaqif müəllim Gənc Ədiblər Məktəbinin banisidir və biz bunun üçün dəyərli şairimizə borcluyuq. 2010-cu ildə məktəbin ilk müdavimləri diplomlarla təltif olunub. Məktəbin müdavimlərilə Vaqif Bəhmənlinin bir neçə dəfə görüşü keçirilib. Ümidvaram ki, Vaqif müəllimin ədəbi bilgilərindən, yaradıcılıq təcrübəsindən siz də ciddi şəkildə yararlanacaqsınız”.

Şair haqqında danışan R.Məcid əlavə edib ki, V.Bəhmənlinin həm Azərbaycan jurnalistikası və publisistikasının, həm də poeziyasının son 40 illik dövründə mühüm xidmətləri var: “Onun redaktoru olduğu nəşrlər, Azərbaycan mətbuat tarixinə keçən jurnal və qəzetlər buna sübutdur. O, yaradıcılıqla mütəmadi məşğul olub. Təqribən 40-a yaxın şeir kitabının müəllifidir. Hələ gənclik yaşlarımdan Vaqif Bəhmənli poeziyasıyla yaxından maraqlanıb, onun şeirlərini sevə-sevə oxuyub-öyrənmişəm. Yazdığı hər misrada Vaqif Bəhmənlinin özü, öz poetik nəfəsi duyulmaqdadır”.

“O insan uğurlu insandır ki, hər şeyi öz içində tapır!” - deyən Vaqif Bəhmənli gənc yazarlarla söhbətinin əvvəlində ədəbi dərnəklərin və GƏM-in önəmindən söz açdı: “Gənc Ədiblər Məktəbini Azərbaycan ədəbi mühitinin və prosesinin inkişafında, gəlişməsində çox mühüm hadisə hesab edirəm. Mən ədəbiyyata gəldiyim ilk dönəmlərdə də bizim bir sıra ədəbi dərnəklərimiz vardı. Biz Nəriman Həsənzadə, Söhrab Tahir, Ağacavad Əlizadə və Seyfəddin Dağlının, o cümlədən, Oqtay Rzanın yaratdıqları ədəbi dərnəklərdə xeyli bilik və təcrübə topladıq”. Şair bu və bunun kimi qiymətli digər düşüncələrini söyləməklə gənc ədibləri yaradıcılığa, ədəbiyyata həvəsləndirdi. Elə ilk dəqiqələrdən bir daha göründü ki, V. Bəhmənli son dərəcə təvazökar insandır. Bu isə onun poetik fikirlərinə və dünyagörüşünə müdriklik gətirir, şair xarakterinə mülayimlik, qayğıkeşlik qatır. Şair daha çox gəncləri dinləmək arzusundadır. Bu səbəbdən onları kafedraya çağırır və oxuduqları şeirlərdən özü üçün diqqətlə qeydlər götürür. Hər birinin poetik nümunələrini isə ayrıca qiymətləndirir və fikirlərini bildirmədən keçmir.

Zamanın dəyərli olduğunu bildirən şair görüşün daha səmərəli keçməsi üçün vaxtı bu cür bölməyi təklif etdi: “Mən istərdim məktəbin ənənəsini pozmayaq. Əvvəl sizin şeirlərinizi dinləyək. Daha sonra mən sizin üçün öz təzə şeirlərimi səsləndirərəm”.

Beləcə “Natəvan” klubunda ədəbiyatsevərlərin könlüncə təşkil olunan poeziya günü başlandı.

Gənc şairlər arasında ilk söz Sevil İşığa verildi. V. Bəhmənli onun şeirləri barədə fikirlərini bölüşdü: “Bu şeirlərdə həqiqətən bir bitkinlik var. Nə yazdığını bilən və yazdıqlarının nəticəsini göz önünə gətirən bir şairin qələmindən çıxan şeirlərdir. İsti ürəklə yaradılmış obrazlar və təsirli poetik düşüncələr aydın şəkildə ifadə olunub”.

“Çiçəkləri şeir yazıb, sevənlərə göndərirəm” misralarının müəllifi Habil Rza Nur haqda isə şair dedi ki, onun söz haqqında şeirində poeziya həyatın bir parçası kimi təqdim olunub.

Bu məqamda Seyran Səxavət maraqlı bir fikir söylədi: “Söz haqqında şeir demək digər mövzulara nisbətən daha çətindir və müəllif bunun öhdəsindən uğurla gəlib”.

V. Bəhmənli gənc ədiblərdən bəzilərinin şeirlərində müşahidə etdiyi hazır qafiyələrdən istifadənin onların ziyanına olduğunu, bunun qrafomanlığa yol açdığını qeyd etdi. Şair şeirin həcminin də o qədər əhəmiyyətli olmadığını düşünür: “Nazim Hikmətin bəzi şeirləri var ki, 8-10 vərəqdir. Ancaq birnəfəsə oxunur”.

Şair tənqidi düşüncələrlə bərabər təkliflərlə də çıxış etdi. O, gənc ədiblərin daha aktiv fəaliyyət göstərməsinin böyük əhəmiyyətini vurğuladı. Görüşlərin ayda iki dəfə keçirilməsi, onların televiziyada yayımı, almanaxların nəşri kimi dəyərli təşəbbüslərini paylaşdı.

Gənc ədiblər Ulucay Akif, Şəlalə Adilqızı, Arzuman Ağdabanlı, Ceyhunə Mehmanqızı, Turan Novruzlu, Nigar Arif, Vüsal Yurdoğlu, Şahanə Müşfiq, Gülnarə Sadiq və Elnur Xəzri də şeirlərini oxudular.

Görüşün qonağı olan digər tanınmış söz adamları da düşüncələrini bölüşdülər, gənclərin yaradıcılığına münasibət bildirdilər.

V. Bəhmənli “Sizli məhəbbət”, “Qansız savaş”, “Axirət”, “Bağban”, “Vaqifin nağılı”, “Birinci mərtəbə”, “Hamı çəkilsin başımdan” və “Telefon” şeirlərini səsləndirdi. Sonda şair gənc ədiblərə hədiyyə etdiyi kitablarını imzaladı.

AYB.az



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə