Səməd Vurğunun ev-muzeyində "Mənim 60-cılar nəslim" adlı tədbir təşkil edilib. Qonaqlar əvvəlcə muzeydə yeni yaradılan ekspozisiya ilə tanış olublar.

Muzeydən AZƏRTAC-a bildirilib ki, ötən əsrin 60-cı illərinə həsr edilən ekspozisiyada həmin dövrün görkəmli nümayəndələrinin portretləri, Xalq rəssamı Səttar Bəhlulzadənin tablosu, Xalq şairi Vaqif Səmədoğlunun çəkdiyi rəsmlər, 60-cı illərdə yazdığı "Samizdat" adı ilə çıxan şeirləri, habelə o illərdə dəbdə olan məişət əşyaları nümayiş etdirilir. Ekspozisiyanın müəllifi rəssam Afaq Kərimovadır.

Sonra muzeyin direktoru Nüşabə Vəkilova qonaqları salamlayaraq, 60-cı illərin həmin dövrün orta və gənc nəslinin həyatındakı müstəsna rolundan, o illərdə yaradılan sənət əsərlərindən söz açıb. Bildirib ki, tədbirin məhz Səməd Vurğunun ev-muzeyində keçirilməsi heç də təsadüfi deyil, çünki 60-cılar nəslinin ən parlaq nümayəndələrindən olan Yusif və Vaqif Səmədoğlular bu evdə həmfikirləri, dostları olan Anar, Araz Dadaşzadə, Emin Sabitoğlu, Vaqif Mustafazadə, İntiqam Qasımzadə və başqaları ilə fikir mübadiləsi aparıblar.

Tədbirdə 60-cılar nəslinin nümayəndələri - Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, tarix elmləri doktoru Dilarə Seyidzadə, kinorejissor, Xalq artisti Oqtay Mirqasımov, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə və yazıçı-dramaturq Aqşin Babayev çıxışlarında o illərlə bağlı acılı-şirinli xatirələrini bölüşüblər.

Vurğulanıb ki, modernist, yenilikçi gənc şair və yazıçıların qəbul olunmasında Rəsul Rza və Qara Qarayev kimi sənətkarların böyük rolu olub.

Tənqidçi, professor Rüstəm Kamal da 60-cı illərin Azərbaycan mədəniyyətinə bəxş etdiyi töhfələrdən danışıb.

Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, pianoçu Ülviyyə Hacıbəyova görkəmli bəstəkarlar Qara Qarayev, Niyazi, Emin Sabitoğlunun 60-cı illərdə yaratdıqları əsərlərdən popuri ifa etdi. Eyni zamanda, gənc müğənni Rövşən Civişovun gitaranın müşayiəti ilə oxuduğu retro mahnılar tədbirə xüsusi rəng qatıb. Gecədə "Aytam" İctimai Birliyinin üzvü Aygün Rəsulzadə, gənc jurnalist İntiqam Rəhimov 60-cılar nəslinin ən parlaq nümayəndələrindən olan Vaqif Səmədoğlunun, Fikrət Qocanın, Əli Kərimin, Ələkbər Salahzadənin və digər şairlərin şeirlərini səsləndiriblər.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə