Son xəbərlər

 


( nağıldan parça)

Həyat nağıldır. Nağıla inansan, hər gün möcüzə görəcəksən. Sən həmişə bu nağılın dürüst, xeyirxah qəhrəmanı ol. Şərdən qorunmaq üçün ürəyini sevgi ilə doldur. Ürək özü sənə doğru yolu göstərəcək.

 

         Gölün suyu mavi rəngə çalırdı. Asey ağlayırdı. Suda bitən güllər onun göz yaşlarını silirdi. Maya ordan meşəyə qaçdı. Yazıq Qartopu yenə ona çatmağa çalışırdı. Maya qaça-qaça otlardan, çiçəklərdən hörülmüş ayaqqabılarını ayağından çıxarıb atdı,meşəyə tərəf yüyürdü. Meşədə ağaclar, kollar, güllər Mayanın yolunu kəsir, onu irəli getməyə qoymurdular. Bütün maneələrə baxmayaraq Maya yoluna davam edirdi. Ağaclar baş-başa verib meşəni qaranlığa qərq etmişdilər. İşıldaquşlar Mayanın yolunu işıqlandırmamaq üçün otların arasında gizlənirdilər. Meşədəki bütün canlılar Mayanı səsləyir, “getmə, getmə!” deyirdilər.

         Az sonra Mayanın ayağı böyük bir daşa ilişdi, qız yıxıldı. Dizləri qanadı. Yerindən tərpənən daşın altından əlində şam tutan cırtdan qarı çıxdı. Qarı şamı daşın üstünə yapışdırıb, arxasınca uzanan hörüklərini yerin altındakı qazma evindən dartıb çıxardı. Cırtdan qarının hörükləri on beş özü uzunluqda idi. Ağaclar Mayanın qaçmadığını görüb, başlarını bir-birindən ayırdılar. Günəş yenə meşəni işıqlandırdı. Yerin altında yaşamaqdan qarının dərisi torpaq rənginə çalırdı. Maya bu cırtdan qarıdan qorxurdu. Qarı cökə ağacına sarmaşmış bənövşəyi çiçəkləri qoparıb ovcunda əzdi. Sonra dodağının altında nəsə oxuyub, ovcundakı çiçəklərə üflədi. Əlindəki məlhəmi Mayanın dizinə çəkəndə qız qorxudan qışqırmaq istəyirdi. Amma qarının çəkdiyi məlhəm yaranı yod məhlulu kimi yandırmırdı. Yara bir andaca yox oldu.

– Maya, axı sən hara qaçırdın? Görürsən, sözə baxmayıb qaçdın, ayağını da yaraladın.

          Qarının çox boğuq səsi vardı. Bunun səbəbi cırtdanların yer altında yaşaması idi.

– Sən bura bilirsən niyə düşmüsən? Çünki möcüzəyə, nağıla inanırsan. Sən qorxmaz, xeyirxah qızsan, amma dinləməyi də öyrənməlisən. Nağıla inanmasan, möcüzə də görməzsən. Bir zamanlar burda həyat tam başqa cür idi, gerçək möcüzələr yaşanırdı. Sən gördüklərinə inanmaya bilərsən. Cənnət qoxusunu onu görənlər duyar. Əvvəllər Aseyi tanısaydın, ona inanardın.

          Maya qarını dinləyib sakitcə soruşdu:

– Sən elflərin dostusan? Axı deyirdilər cırtdanlarla elflər yola getmirlər. Bəlkə elə sən də məni aldadırsan, ifritəylə əlbirsən?

– Mən elflərlə nə dostam, nə də düşmən. Mənim üç yüz on yeddi yaşım var. Elflərin çoxu gözümün qabağında böyüyüb. Biz birlikdə dinc yaşamışıq. Birlikdə deyəndə, hər kəs öz yurd-yuvasında yaşayıb. Lazım gələndə isə təbiətimizi qorumaq üçün elflərlə birləşmişik. Amma elflər indi çox dəyişiblər. Qabaqlar onlar oğurluq eləməzdilər. Zümrüd eynəklər bilirsən hardandır? Elflər bizim meşədə gizlətdiyimiz xəzinəmizi oğurlayıblar. Onların evlərinə siçovulları biz göndərmişik – xəzinəmizi geri qaytarmaq üçün.

– Bəs cırtdanlar xəzinənin dalınca niyə özləri gəlməyiblər?

– Aseyi tilsimləmiş ifritə bizlərin ora getməməsi üçün o torpaqları da sehrləyib. Kim elflərin yaşadığı yerlərə ayaq bassa, daşa dönür. Meşənin qırağındakı heykəlləri görməmisən?

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə