Son xəbərlər

 

            Adi iş günlərinin birində hörmətli tənqidçimiz Əsəd Cahangir məni salamlamaq üçün otağa girdi. Görüşdük. Stolumun üstündəki kitablarla maraqlandı. Bir-bir götürüb baxdı və yerinə qoyaraq soruşdu: "Cənnətdən yuxarı haradı?" "Mənim ürəyim" dedim. Gülümsünərək "Möminlərin ürəyi" deyib cavabımdan məmnun halda otaqdan çıxdı.

 

            "Cənnətdən yuxarı" Təranə Vahidin kitabının adıdır və bu kitab stolumun üstündə oxunmaq növbəsini gözləyirdi. Oxumağa başladım. Mənə maraqlıydı ki, görüm Təranə Vahid üçün cənnətdən yuxarı haradı. Bunu sadəcə kitabı açıb 118 səhifədəki eyni adlı esseni oxumaqla da müəyyənləşdirə bilərdim, amma adətimə sadiq qalaraq mənə verilmiş kitabı başdan ayağa qədər oxumaqda qərarlıydım. Qəribədir ki, kitabdakı yazılar janr baxımdan üç yerə ayrılıb: hekayələr, esselər və minyatürlər. Təsadüfdürmü yoxsa yaradıcılıq mistikasıdırmı bilmirəm, amma oxuyandan sonra kitabda başqa üçlüklər də aşkarladım. Qeyd edim ki, üç rəqəminin mistikası çox maraqlıdır. Bu başqa bir mövzu olduğundan kitaba qayıdıram. Sanki üç rəqəmi bu kitabın taleyinə yazılıb, bu üçlüyün üzərində qurulub. Məsələn kitabın ümumi mövzusunu üç mərhələdə görmək mümkündür: cənnətə qədər, cənnət və cənnətdən sonra... müharibədən əvvəlki dövr, müharibə, müharibədən sonra... Yəqin elə bu üçlüyün enerjisidir ki, kitabı oxumaq çox asandır. Bəli, burda dil faktoru da çox önəmlidir. Xüsusi qeyd etmək istəyirəm ki, Təranə Vahidin yazı dili bir kənd adamının ürəyi qədər, əməli qədər safdır. Bəzən o qədər safdır ki, yazıçı dilindən uzaqlaşır.  Obrazları da fərqlidir. Onlar hər gün qarşımıza çıxan adamlara, tanıdığımız, haqqında eşitdiyimiz qonum-qonşular kimi deyillər, elə bil Təranə Vahidin bizimlə tanış elədiyi adamlar ömrü boyu torpaqda təəmmüm edib, dağlardan süzülən bulaqda dəstnamaz alıb, imanlarını sevgiyə bağlayıb, qiblələrini vətən bilirlər.         Qəribədir ki, heç bir obraz nifrət eləmir, söymür, bağırmır. Yəni bu kitabı pəncərə kimi taybatay açıb baxanda dünyanın cənnət olduğuna zərrə qədər də şübhə eləmirsən.  Kitab kənd təsvirləriylə, daha dəqiq desəm sözlə çəkilmiş peyzajla, portretlərlə, tablolarla zəngindir. Oxuyanda bəzən adama elə gəlir ki, rəsm əsərinə baxırsan. "Axşamüstü"  hekayəsində belə bir mənzərə var: "İkinci yol üzümlüyə gedib çıxır. Üzüm yığını çoxdan başlamışdı və qoca yaxşı bilirdi ki, bu kəntdə bineyi-qədimdən belə bir adət var. Cavanlar üzüm yığanda kanisterdən çaxır süzüb içə-içə məst olub kəndin qızlarından danışırlar. Məsələn, filan qızın gözəl gözlərindən, filankəsin biçimli ayaqlarından, filan qızın qızılı saçlarından o qədər danışırdılar ki, o gecə hamı yuxuda o ayaqları, o gözləri, o saçları görürdü". Çox dəqiq təsvirdi. Hətta adamın qulağına qızların səsi, bir-birlərini haylaması, oğlanların gülüşmələri, qəh-qəhələri, fitlə çaldıqları musiqi səsləri eşidilir. Oğlanların bəhanəylə qızların cərgəsinə girdiyi görünür. Bu ümumi mənzərənin kökündə yenə kənddəki adamların bir-birlərinə bağlılığı, mehribançılığı, saflığı və sevgiləri durur.

"İntihar" hekayəsi belə bir cümləylə başlayır: "Bura-nənəsigilin damında özünü asmağa gələndə yolda qabağına kəndin ayağında yaşayan balıqçı Həşimin çilli qızı çıxdı. "  İlahi bu çilli qız nə imiş? Adamı əzrailin əlindən alan afət! Doğrudan da bəzən dara düşmüş, yolunu azmış bir insanı xilas etmək üçün ilahi qüvvə öz köməyini, xilaskar mələyini bir adamın simasında göndərir. "İndi hər şey hazır idi: kəndir də, kətil də, tavandakı tir də" amma onun ruhunu göylərə aparacaq mələk hazır deyildi və o çilli qız əlindəki balıqlarla-dədəsinin tutduğu balıqlarla onun həyatını xilas edir. Elə bil ilahi qüvvə o oğlanın əvəzinə balıqların canın alıb. Balıqların ömründən kəsib ona verib və qarşılaşdırıb. Hekayəni oxuyanda məlum olur ki, sevdiyi qızın başqasına getməsi arına gəldiyi üçün oğlan intihar etməkdə qərarlıdır. Amma bu çilli qız... "səndən elə xoşum gəlir ki..." deyir. Bu da adamı ipdən alan söz!  Sonra qız deyir ki, istəyirsən balıqları sənə verim. Oğlan "pişirənim yoxdu" deyir. "Balıq yemək istəsən utanma, nənəmgilə gəl..." Burda qəribə bir nüans var: oğlanın nənəsi gildə onu kətil, tirdən asılmış ip və ölüm gözləyir, çilli qızın nənəsi gildə ölümün açıq ağzını bağlamış balıqlar, ona öz sevgisini gözlərindəki parıltıyla göstərən bir çilli qız... Bu hekayədə iki yol var, -ölüm və həyat, iki nənə evi var- tavanından ölüm kəndiri asılan və tavanında qızarmış balıqlar olan, iki sevgi var- xəyanətlə bitmiş və yeni başlayan. Hekayənin sonu müsbət bitir; oğlan balıq yeməyə gedir.

             Bu səpkidə bir necə hekayə var ki, orda kənd adamlarının ürəyi, bir-birlərinə münasibətləri, dünyaya baxışları, xarakterləri görünür. 

            Qayəsində vətən sevgisi, torpaq həsrəti, yurd yerinin müqəddəsliyi duran hekayələr də maraqlıdır və bu hekayələrdəki nisgili, sızıltını, adamın içinə axan göz yaşlarını görməmək mümkün deyil. "93-cü ilin qışı" adlı hekayə bu qəbildəndir. Torpağı düşmən tərəfindən işğal olmuş, yurd-yuvaları viranə qalmış adamların 93-cü ildən sonra mərhəmətləri də, saflıqları da, səmimiyyətləri də  ağlamaqdan, dərd çəkməkdən, sığınacaq axtarmaqdan, ehtiyacla əlləşməkdən itib getdi. Deyir yataqxanada " Havva arvad kəntdən gətirdiyi və deyəsən heç vaxt çiynindən düşməyən köhnə şalına bürünüb blokun ağzına çıxır, yoldan ötənlərə, gəlib keçənlərə baxırdı".  Havva arvadın çiynindəki o köhnə şal elə o kənd idi, elə o kəndin ən böyük xatirəsi idi... Bəlkə də Havva arvad çiynindəki şalla blokun ağzına gəlib-gedənlərə baxmaq üçün yox, çiynindəki şalı-doğma evinin, kəndinin müqəddəs bayrağını göstərirmiş. O şalın yaddaşını, xatirəsini danışırmış. Həmişə ocağın üstündə isti çay saxlayarmış ki, kimsə qapısından içəri girsin və Havva arvad çayın istisiylə ildən-ilə soyuyan xatirələrdən danışa, adamların yaddaşına 93-cü ilin qışını yaza. 93-cü ildə ruhunu kənddə qoyub gəlmiş Havva arvadın bir gün cismini torpağa tapşırırlar. "93-cü ilin qışını unudanların biri də azaldı..." Bax bu sonluq adama şillə kimi dəyir. Görəsən o illəri hər gün neçə adam unudur? Yəni doğrudanmı bir gün gələcək 93-cü ilin qışını xatırlayan adamlar olmayacaq? Yəni doğrudanmı qatar bir də gəlməyəcək?

            "Vağzaldakı qarı"nın qatarını deyirəm.  Dəmir yol vağzalını bir anlıq gözünüzün önündə canlandırın. Və platformada rəngi bozarmış şalına bürünüb tək-tənha, qəmli-qüssəli oturub hər gün qatar gözləyən "dəli" arvada baxın. Arabasında oturub siqaret satan o müharibə əlili o arvadı hər gün görür. Əvvəllər arvadın bu mənasız gözləməsinə, gəlib saatlarla-axırıncı qatar gələnə qədər oturub, sonra durub getməsinə acığı tutsa da, onun bu hərəkətinə əsəbiləşsə də sonradan alışdı. Yerində görməyəndə darıxdı. Darıxdı və bir gün onun dalınca evinə qədər getdi.  "Nənəm hər gün vağzala gedib Ağdam qatarını gözləyir.  Atam deyir, arvadla işiniz yoxdu, özü bilər, qoyun gözləsin. Bilsə ki, Ağdam, Qarabağ yoxdu, ürəyi partlayar.  Qoyun ümidlə yaşasın, axır-əvvəl bir gün bu qatar gəlib çıxacaq, ya yox? " O gündən əlil hər dəfə o qarını görəndə içində ümid göyərirdi. Əslində o arabadakı əlil Qarabağı itirmiş, şikəst qalmış bizlərik. O arvadın gözüylə, ümidiylə, inamıyla müjdəylə gələcək Ağdam qatarını gözləyirik.

            Gözləmək insanların məşğul olduqları ən çətin işdi. İnsan həmişə nəsə gözləyir. "Qanadlı adam"ı gözləmək bir başqa işgəncədir. "Hamı ona qanadına görə hörmət edirdi..." Belə görünür ki, müəllif haqqında danışdığı adam artıq mələkdir, cənnət sakinidir. Və təəssüflər olsun ki, bir gün onun qanadlarını qırırlar. Heç şübhəsiz ki, o göy üzündən yerə çırpılır. Onun dərdini, ağrısını ancaq qanadı qırılmışlar bilər. Amma hamı ümidlə gözləyir ki, bəlkə nə vaxtsa yerə yenə qanadlı adam gələ və onların ruhunu sevindirə.  Göylərin cənnətində  uçan qanadlı adam elə bil yerə gəlməkdən utanır. 

     "Utancaq adam" sirrini heç kimə vermir. Nə çəkir içində çəkir. Göründüyü kimi yox, içində olduğu kimi yaşayır. Amma ölüm üçün hamı eynidir. "Utancaq adam utanıb eləmədən öldü..." Ucdu dünyası.

"Ucan dünya" bir uşağın ovcunda parabüzənə döndü və uşaq ovcunu açan kimi o dünya uçub getdi. Yenə "Yazıq adam"lar qaldı:  "Barmağının ucunda dilənçiyə pul uzadıb ehtiramla dedi: "Zəhmət olmasa götürün". Dilənçi bir açıq ovcuna, bir də ona rəhmi gələn adama baxıb ürəyində dedi: "yazıq adam".  Görəsən belə "yazıq adamlar" öləndə hara gedir cənnətə, yoxsa "Cənnətdən yuxarı" ? Tanrının göydən enib qadına övlad olduğu bir vaxtda ana əllərini göyə açıb "Allah oğlumu qoru deyir." Allahı Allaha tapşırır və bu sevgidən Allah  ananın ayağının altına cənnəti sərir.

            Kitabı oxuyub bitirəndə anladım ki, Təranə Vahidin cənnətdən yuxarı hesab etdiyi yer elə vətən torpağıdı, yurd yeridi, Qarabağdı.  

Vüsal Nuru
AYB.az

 

 

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə