Son xəbərlər

 

Çağdaş poeziyamızda öz səsi, öz üslubu ilə seçilən Rəşad Məcidin 2014-cü ildə “Yazıçı” nəşriyyatı tərəfindən nəfs şəkildə  işıq üzü görən kitabı “Çiyələk qadın” adlanır.

Kitabdakı “Selfie” başlıqlı ön sözün müəllifi Qulu Ağsəsdir. Şair Rəşad Məcidin həyatında baş verən  müəyyən olaylara işıq salır, dəyərli fikirləri ilə oxucuları onunla daha  yaxından  tanış edir və ona qarşı yeni  təəssüratlar yaradır. “Çiyələk qadın” kitabında  müəllifin  müxtəlif zamanlarda qələmə aldığı 94 şeiri toplamışdır. Bu şeirlər bir-birindən rəngarəng bahar çiçəklərinə bənzəyir. İylədikcə bunlardan bahar təravətinin ətri gəlir. Kitabda öncə verilən şeir “Xilaskarım”dır. Şeirdə siqaretin dərdlərə məlhəm olduğu göstərilir. Hətta müəllif bu şeirinin özündən sonra 200 şeirin  yaranmasına səbəb olduğunu  deyir. R. Məcidə görə siqaret “dərdin  qənimi”, “qüssənin cəlladı”, “ağrıların keyidicisi”, “bəd xəbərlərin qovucusu”, ürək sakitləşdirici, “ürəyin infakt” olmasının qarşısını alan, xəstəlikləri, “fəlakət virusları”nı və “ölüm epidemiyaları”nı ürəyə yaxın buraxmayan, axşam və səhərlərini onunla keçirən şair öz “xilaskarı” kimi siqareti göstərir. Ancaq insanların siqaretin qədrini  bilmədiyini, hər yerdə onu ayaqlar altına  atıb əzdiyini, zibil qutularına  atdığını söyləyir. Şairə görə əgər siqaret insanlara yardımcı olursa, ona qayğı ilə yanşmaq lazımdır.

                              Sən-ən kədərli anımın sirdaşı;

                            ən kefli halımın yoldaşı!

                            Sən olmasaydın,

                            canıma mikrobtək

                                             düşən,  

                            qanıma işləyən

                                      bu fəlakət virusları,

                               bu ölüm epidemiyaları,

                                           bu bəd xəbərlər

                           çoxdan yayılmışdı beynimin hər küncünə,

                                          ürəyimin içinə! (səh.9-10)

Ümumiyyətlə, tibb elmi siqaretin zərərli olduğunu hər bir zaman insanların nəzərinə çatıdırır. Lakin şair siqretə yeni müstəvidə və özünəməxsus arqumentlərlə yanaşır.

Onun özünün “xilaskar”ı hesab edir. R. Məcidin siqaretin xeyirli cəhtləri haqqında söylədiyi subyektiv fikirlərin nə qədər doğru və nə qədər yanlış olduğunu söyləmək tibb elminin ixtiyarına buraxırıq. Şeiriyyət baxımından və eləcə də poetikliyinə görə maraqlıdır.  Hər bir  misrasında şair ürəyinin  çırpıntıları hiss edilir.

“İki il öncə” şeiri mövzu cəhətdən səciyyəvidir. İki il əvvəlİlahiyə üz çevirməyən şair indi Allaha daha yaxın getdiyini deyir. Allaha yaxınlaşmanı ucalıq sayır və qocalıqda buna rast gələcəyini anır. İndi isə onun  arxından “qızıl balıq” gəldiyini danışır. Əvvəlcə axına qarşı çıxırdım və sonda bu əməlin yalnış olduğunu başa düşdüm. Ancaq bu hal iki il öncə baş vermişdir. Ömrün bütün anları  dərin olmur, “dərd-sər”  içində üzürəm və iki il qabaq gələcək işlərimin necə bitəcəyini bilmirdim. Şeirdəki  fikirlərin əsas mahiyyəti ondan ibarətdir ki, şair iki  il əvvəl etdiyi səhvləri daha etməyəcəyinə  və nöqsanlarda  uzaq olacağını  söyləyir.

                                 Ömrün hər məqamı olmur ki, dərin,

                                 Üzürəm içində neçə dərd-sərin,

                                 Qarşıda yaşayıb-görəcəklırim

                                 Ağlıma gəlməzdi iki il öncə. (səh. 14)

Rəşad Məcid “Yaxşı” şeirində Yaxşıya müraciətlə göstərir ki, ad günü də tarixə çevrilə bilər. Keçmiş “duyğular” da oyananda  yaranın qaysağı qopur. Tufan sakit baxışlarda da coşur, qəzəbli  gözlər də salamlaşır.  Yaxşı bilməlidir ki, sözlərin belə incə mübadiləsi asan başa gəlmir. Örtülü və  ünsüz münaqişə nə “xoş təbəssüm”,  nə də bir  “şux gülüş”, “qısa görüş” tufan və sel  kimidir. Belə hallar yaxşı əlamətdir. Şeir belə  tamamlanır.

                      

                                Bu gizli çarpışma,  bu səssiz döyüş,

                                 Nə bir xoş təbəssüm, nə bir şux gülüş.

                                 Sonra  bilinəcək bu qısa görüş-

                                 bir tufan, bir  seldi.

                                 Yaxşımı? Yaxşı! (səh. 15)

“Dondum” şerində şair ülvi məhəbbət hissinin yaratdığı məftunedici duyğulara toxunur. Bu duyğuların sonsuz üfiqləri göz önündə canlanır. Daxili saflıq və mənəvi paklıq vurğunluğu hər bir ülvi hissi bala çevirir. Onun cazibə qüvvəsini hüdudsuz edir. Sənin baxışların dilimi lal etdi və bu baxışların təsirindən bir andaca donub qaldım. Belə baxışlar məni “daşa” və “buza” döndərdi. Onun cazibəsindən “divara” söykənib durdum və “otelin” çıxışında dayandım. Vurğunluq  “məğrurluğum”u, “şuxluğum”u və həyatımın “nəşəli” anlarını əlimdən aldı. Sevginin “xoş mehi” mənə yeni hava təsiri bağışladı. Bunun üçün də “otelin çıxacağında” keyləşib qalmışam. Şeirin son bəndində Rəşad Məcid öz fikirlərini poetik şəkildə yekunlaşdıraraq deyir:

Beləcə başladı dərd də, sevinc də,

Mənim bi qarışıq həyat bağımda.

Bir tilsimə düşdüm heyrət içində,

Dondum bir otelin çıxacağında. (səh-16)

R.Məcid “Yaddaşımı sil” şeirində İlahiyə müraciət edərək “yaddaşını silməklə” ona “ovqat” verməsini, ya “beyninin təzələn”məsini, ya da “format” olunmasını istəyir. “Antivirusu” yaddaşıma daxil et. “Qurd püskürən həşəratları” və “yaxşılı-pisli” nə varsa, hamısını yaddaşından poz ki, hər şeyi “sıfırdan başlayım”. Ilahi məni yenidən dünyaya gətirsən, məndən öz xeyirxahlığını əsirgəmə. Onu yenə qarşıma çıxart.

Cənnəti yerə gətir, məni göylərdə yaşatsın.  Məni “aldatsın”  və “atsın”, həm də “əzab” versin və “ağlatsın”:

Yenə də Cənnəti Yerə gətirib,

Yenə də göylərdə yaşatsın məni!

Yenə də aldatsın, yenə də atsın,

Yenə əzab verin, ağlatsın məni. (səh. 17)

Sonra şair fikrini davam edərək deyir ki, İlahi, taleyimi yazanda məni ondan ayırma. Mən onsuz “susuz dodaq, çiçəksiz bahar” və “kilidi yox açar” kimiyəm.

“Kimsən?” şeiri bədii sual şəklində naməlum bir gözələ ünvnlanmışdır. Şeirdə deyilir: sənin kimliyin, məkanın, “İblis” və “mələk” olduğun, eləcə də düz və əyriliyin bilinmir.  “Gəlişin”, “gülüşün”, “öpüşün”, “qara gözün”, “uzun saçın” və ağzındakı “ağ dişin” mənə məxsusu olduğunu bilirsənmi? Sənə şübhəli və çəp baxmazlar. Təmiz-duruluğa, “saflığa” heç kəs “səhv” olaraq “qara yax”mağa çalışmaz. Sənin bütün “sirrini” və “sehrini” bilirəm. Ancaq səni sevsəm də qəzəbinə düşar olan mənəm.

Bu gəlişin, bu gülüşün,

Bu öğüşün mənimdimi?

Qara gözün, uzun saçın,

Bu ağ dişin mənimdimi? (səh.18)

R.Məcid “Gedib daşa dəyən SMS-lərim” şeirində nakam məhəbbətin iztirablı anları xatırlanır. Şair söyləyir ki, “çarxı geri döndər”mək olmaz. Fikirlərimi “SMS”-lə göndərsəm də, o, “daşa” rast gəlib sənə çatmadı. “SMS-lərim”ə gələn soyuq sözlərin olmasaydı, səhərlər üzüm gülər və “əzab” çəkməzdim. İllər ötdükcə hər şey başqalaşar, “qəhər” məndən uzaqlaşar. “SMS-lərim” mənə yeni həyat yolu seçər. Soyuqluğun mənə iztirablar verir və xeyli zamandı səndən xəbərsizəm. Sənə göndərdiyim “SMS-lər”i bilmirəm xatırlayıb kədərlənirsənmi? Nakam məhəbbəti “taley”in ayağına yazırıq. Tale belə yazıb deyirik. Onu biz dəyişə bilmərik, ancaq “kədərlə” ana bilərik.

Gəl bunu yenə də taleyə yazaq,

Biz çəkə bilmərik belə qədəri.

Hüznlə, kədərlə qayıdıb anaq,

Gedib daş dəyən SMS-ləri... (səh-19).

Şair həyata keçməyən, imkan xaricində olan hər şeyi həlli labüd olmayan məsələ kimi qiymətləndirir. “Mümkünsüzlük” şeirində də məhz bu məsələyə aydınlıq gətirilmişdir. Mümkün olmayan şey səni “qram-qram” əridir, “zərrə-zərrə” yox edir və “yaşamağa” imkan vermir. “Xoşbəxt” çağında birdən gözünə dəyir və “tüstün təpəndən” qalxır. Həmin an nitqin tutulur və dilin dolaşır. Bu gərginliyi şərab içməklə müəyyən an aradan qaldıra bilərsən. Bəlkə camaat arasında özünü şən göstərib, hə şeyi “zarafat”a salıb üstün örtəsən, snasan ki, o, ağrı səndən daha uzaq olacaq. Birdən onu “tində” görürsən və o, səni yanına səsləyir. Doğma şəhərdən getmək istəsən də, onun əlindən qurtula bilmirsən. Keçmiş xatirələrin üstünü yeni sevgi ilə örtmək olmaz. Ölən zaman “son damla yaş” kimi bəlkə səndən uzaqlaşa. Yoxsa, o, “qram-qram” səni yeyib və “zərrə-zərrə” əridəcək:

Ölüm yatağında son damla yaşla

Süzülüb cismindən getməyənədək.

Bu hiss qram-qram yeyəcək səni,

Səni zərrə-zərrə məhv eləyəcək. (səh-21)

Məhəbbətdə sədaqətlilik və sadiqlik ideyasını təbliğ edən “Atamaram səni” şeiri mənəvi bütövlükdən Qulu Ağsəsə xəbər verir. R.Məcid şair dostu “Mən heç çürük dişimi çəkdirmirəm, Səni hara ataram?” misralarını şeir üçün epiqrof seçərək həmin fikirlərə sadiq olduğunu sübut edir. Şairin təbirincə məhəbbətin yolu əbədi və sönməzdir. Bu yolda fikirlər aydın və bütöv olmalıdır. Nə hadisə baş versə də, heç vaxt səni atamaram deyir. Məni “gözləyən”, “lütf” və “rəhm” edən, “Tandrıdan” pay göndərilən olsa da, səni heç vaxt “atmaram”. Göylərdə “qızıl taxt”, “qışda günəş”, “yayda qar” və bununla bərabər bütün istəklərim yerinə yetirilsə də, səni “atmaram”.

Ayrılığından Milada“ getsəm də, fəlakətlərdən “sağ” qaldım və ancaq səsini hiss etdim. Bütün “cadu” və “tilsim”ləri qırıb səni “atmaram”. “Zülm”ünə, “yox”luğuna, “atıb” getmənə baxmayaraq, mən səni “atmaram”.

Yenə zülm etsən də,

Yox olub itsən də,

Sən atıb getsən də,

Atmaram səni! (səh.24)

“Söz oynu” şeirində müəllif sözün müxtəlif məna kəsb etdiyini, hər sözün dəyişib bir neçə məna daşıdığını deyir. “Macəra”, “dəcəllik”, “zarafat”, “ciddi”lik sözün oynadığı rollardır. Sözlər bir-birini dəstəkləyəndə, “ürəklər kövrələn”də, “ağıl” “başdan” oynayanda, fikirləşmə “söz oynu” həqiqət deyil. Heç bir “qayda” və “düsturu” olmayan söz səni hərtərəfə “aparır”, “orbitindən” və “oxundan” çıxardır. Bəzilərinin “qulağında”, bəzilərinin isə “yatağın”da  yekunlaşır. “Dərinliyə” getsən, bilki o, “qara torpaqla” sona çatır.

Qaydası yox, düsturu yox,

Yüz yerə aparar səni.

Orbitindən aralayıb,

Oxundan qoparar səni

                       söz oyunu. (səh.22)

“Getmək” şeirində R.Məcid yaşamaq çətin olan yerdən uzaqlaşmağı məsləhət bilir. Ziddiyyətlərdən kənar olmaq üçün sakit bir güşəyə çəkilmək daha məqsədəuyğundur. Müəllifin gəldiyi məntiqi nəticə belədir. Lazımsız yerdə durmağın, oturmağın, baxmağın və “heykəltək” dayanmağın mənası yoxdur. Yeni tapdığın “cavab” səni sevindirir. Ancaq bilməlisən ki, yeni suallar səni gözləyir. Bu sualların arxasında “min bir” sual dayanır. Hərtərəfdən suallar səni “dolu” və “leysan” kimi döyür. Sənin yolun çıxıb getməkdir, başqa çarən yoxdur. Bir başqa “yalana” qədər. Hamıya yuxarıdan gəldiyini deyən insan “qapı dalında” qaldığını görən kimi həmin yerdən qaçmaq lazımdır.

Getmək!-tək xilasın, tək yolun budur,

Getmək bir növbəti yalana kimi.

Yenə “göydən gəldim” söyləyən kəsi

Bir qapı dalında  bulana kimi. (səh.23)

“Söz” şeiri təbii deyim tərzinə və daşıdığı mənə yükünə görə cazibədardır. Sözü heç zaman “günahgar”, “aciz”, “işıqsız”, “saxta”, “daştək mənasız” və “təsirsiz” görmək olmaz. “Azərcell”in hamıya ünvanladığı eyni məzmunlu çeynənmiş sözlər “kəsər”dən düşmüş “tiyəsiz” xəncərə bənzəyir. Sözün qiymətdən saldığı üçün sən nə desən mənə “yalan” kimi görünür. Dünən dediyin gülməli sözlərin təsirindən “gözlərimdən” “yaş” gəlincə güldüm, indi isə həmin “kəlməni” xəyalımda anıram.

 

Sən sözü dəyərdən elə saldın ki,

Nə desən yalandı sən mənə indi!

Qımışıb baxıram dünən dediyin-

Gözümü yaşardan kəlmənə indi. (səh.25)

R.Məcidin orijinal əsərlərindən olan “Cavabını tapmadığım suallar” şeiridir. Şair burada onu üzən və sarsıdan cavabını tapa bilmədiyi suallardan söz açır. Vaxtında hər şeyi yerində olmadığı üçün bu sualların cavabını tapmaq müşkülə çevrilmişdir. Cavabını tapa bilmədiyim suallar daxilindən “qurdtək” məni yeyirdi. Suallar “mayak” kimidir, nə qədər çalışsan da, alovlanır: üç-üç, beş-beş. Evdə “gah divandan”, “gah mətbəxdən” baxır. Cavabını tapa bilmədiyim suallar. Fikirləşmək məni məhv etdi. Bunlar “uydurma” və “yalan” kimidir. Bu cür suallar “axirət” gününə qədər qalanlarıdır.

Düşünməkdən yağmalandım, talandım

Bəlkə elə uydurmadı, yalandı?

Belə getsə axirətə qalandı-

Cavabını tapmadığım suallar. (səh.27)

Təzadlar üzərində qurulan “Mələyim... İblisim...” şeiri olduqca maraqlı məna çalarına malik poetik yükə malikdir. Müəllif işlətdiyi hər bir sözün həm müsbət, həm də mənfi tərəflərini göstərməklə ziddiyyətli, bir mükalimə ilə fikirlərini aydın şəkildə söyləmişdir. Işlədilmiş antonim sözlər şeirin mənaca dəyərini daha da gücləndirmişdir:

Çətin-asan, məşəqqət-dərman, həyat verən-qətlə fərman, yaxşı-pis, geniş çəmən-qara zindan, qatil-qurban, göydə yaşayan-yerə çırpan, azadlıq-məhbəs, gecə-gündüz, yaxşı-yaman, mələk-iblis kimi ifadələrlə məramını özünəməxsus şəkildə oxucuya çatdırmışdır.

Gördüm gücəsini, gündüzünü də,

Yaxşının, yamanın hər üzünü də.

Axır bircə dəfə gəl düzünü de,

Allahım, mələyim, iblisim mənim (səh.34)

Rəşad Məcid “Bilsəydim” şerində şairlərin ömür yolu üçün xarakterik məqamları dilə gətirmişdir. Şeirin məni “ağrı”dacağını və hər bir “misrası” ürəyimə zədə vuracağını, məni “daş” yollara salacağını, “əzab”a düçar edəcəyini anlasa idim, heç vaxt “şeirlər” qələmə almazdım. Elə başa düşürdüm ki, şeir yazmaqla keçmiş dərdlərim yaddan çıxacaq. Ancaq unutmaq əvəzinə həmin ərdlər yenidən alovlandı. Şeiri mənə rahatlıq yox, yeni dərd bəxş etdi. Şeir yazmağa başlayandan ağrım-acım çoxaldı, onlar “ac quzğun kimi” “caynağı” ilə boynumdakı qaysağı yenidən qopartdı. Ona görə də şeir yazdığım üçün təəssüf hissi keçirirəm:

Ağrılar, əzablar ac quzğun kimi,

Boynuma uzatdı caynaqlarını.

Vurduğun yaralar sağalmamışkan

Yenidən qopardı qaysaqlarını...

Bilsəydim, yazmazdım bu şeirləri. (səh.41)

Təbii bir təbəssümün nişanəsi olan “Gülüşün” şeiri öz xarakterik cizgilərinə görə insan rohunu mənən qidalandırır. Mənim əhvalım sənin “gəlişin”dən və “şəfəq” verən gülüşündən asılıdır. Sənin “gülüşün” mənə “rahatlıq”, “işıq”, “nur” və gələcəyə boylanan axırı görünməyən istəklər bəxş edir. Qaranlıq gecəm “gülüşün”dən qeybə çıxar. Məni gül-gülə “oyat” və həmin vəziyyətdə yatızdırdı:

Ən qatı qaranlığım

Gülüşünlə yox olar.

Məni gülərək oyat,

Gülə-gülə yuxulat. (səh.48)

Rəşad Məcid “Əlac” şeirində hər hansı bir dərdə məlhəm olan məsələni dilə gəririr. Dərd yarandığı kimi onun dərmanınında olduğunu söyləyir. Atalar demişkən: “Allahtala dərd verdiyi kimi onun dərmanını da verir”. Şairə görə elə etmək lazımdır ki, dərdin “əlac”ını tapıb ona məlhəm olasan, yoxsa dərdin sağalması müşkülə çevrilir. Daxilən “əyildinsə” özünü sındırmamaq üçün “dik” və “düz” yeriməyin mənası yoxdur. Belə olan halda həyatındakı ağır günləri çətin yola verərsən. “Dərd”in çoxaldıqca daha güclü alovlanıb yanırsan. “Yaddaşında”kı dərdlərin ürəyində “min iz” qiyacaq. Sənin dərmanın ancaq odur, ondan savayı dərmanın yoxdur. Onun üstünə qaçıb “əlindən tut” və bu işdə cəld ol.

Odur sənə dərman-ilac,

Gördün ki, yox başqa əlac,

Əlindən tut, üstünə qaç,

Diri tərpən, di tez yeri. (səh.50)

O, şeiri dərin məna kəsb etməklə maraqlı məqamları özündə ehtiva edir. Şair öz fikirlərini belə açıqlayır: Sakitliyinə baxma səni aparar, yaxınlarından və “evindən” uzaq düşərsən. Birdən səni göyün zirvəsinə və “şahlıq atına” qaldırar. Həyatını şirinləşdirər və səni “cənnətə” aparar. “Əlindən” silah, “dəftər” və “vərəqini” alar. Suyu qurumuş bulağa dönərsən, uşaqtəki hər şeydən həvəsin ölər. “Qırıq oyuncağa” çevrilərsən və dəyərsiz şəkildə geriya qaytarılarsan.

Əlində yarağın qalmaz,

Dəftərin, varağın qalmaz,

Heç nəyə marağın qalmaz,

Işini bitirər sənin. (səh.51)

R.Məcid “Bir də gəlməyəcək...” şeirində məhəbbətin kədərli və sevincli anlarını qələmə almışdır. Ancaq şair qadınlar haqqında ziddiyyətli fikirlər irəli sürür. Gah qadınları “möcüzələr yaradan”, gah da “yaralar vuran”, “tellər qıran” kimi göstərir. Düşünürsənki şairi bu sözləri deməyə vadar edən nədir? Həmin anda da bir cavab qarşımızd yol göstərən “işıq forun” qırmızı yanan işığı kimi daynır: məhəbbətin qəmli, kədərli və sevincli anları. Sən öz “möcüzələr”inlə xoşbəxt anlar bəxş etmisən. Belə xoş zamanların “yüzdə biri” “nə mənim” daxilimdə, nə də “bu dunya”da baş verməyib. Sən bütün bağlılıq “fellər”ini alt-üst edərək dağ çəkib “getmisən”. Onun mübarizliyi olmadı ki, çətinliyə dözsün. Ona görə də “nə mənim dünyam”da, nə də “bu dünyada” yeri yoxdur. Günah işlədib xəbərsiz gəlimsən. Ömrün ötüb-keçən illərini mənasız keçirmisən.

Həyatın müəyyən səhifəsi qəm, kədərli illər kimi yadda qalıb. Həm mənim daxilimdə, həm də həyatda. Məlum deyil ki, bu qadın “iblis”di yoxsa, “mələk”. O, bütün cəhətləri ilə “çiyələk” kimidir. Belələri həyatda təsadüfən doğulur. “Mənim dünyama” və “bu dünya”ya belə qadın bir də çətin təşrif gətirər.

Bilmədim iblissən, ya mələk, Qadın,

Ətri, gözəlliyi çiyələk Qadın.

Bir də gəlməyəcək sənin tək Qadın

Nə mənim dünyama,

                       nə bu dünyaya. (səh.53)

“Yaza-yaza” şeiri şair həyatının necə təlatümlü keçdiyini çözür. Ürəyin kədərli və sevincli anlarının bütün dönəmlərini şair misralara çevirib vərəqlər üzərinə köçürür. Qüssə və kədərdən təlaşa düşdüm və buna görə də bəzən “kəfən”ə büründüm, bəzən isə “qəbir qazdım” özümə. Hər şeyi öncə bilsəydim, şeir yazıb özümə əzab verməzdim. Bununla özümə “baş daşı“ daşıdım və beləliklə, cəngə qatıldım. Hər gecə göz yaşı tökərək şeirlər yazdım və bununla da göz yaşımı qurutdum. Sənsiz “günəşim” görünməz, “işığım” keçər və yaşamaq ömrümü “zəhərə” çevirər. Mən kədərimi şeirlərimin misrlarına tökürəm.

Günəşim yox olar, işığım sönər,

Hər sözün kədərə, qəhərə dönər.

Səsiz yaşamğım zəhərə dönər.

Bildim yaza-yaza bu şeirləri. (səh.61)

“Bitdi” şeiri insan həyatının müəyyən anını özündə təcəssüm etdirir. Bədii sual şəklində söylənilən fikirlər öz poetik deyimi ilə marağa səbəb olur. “Əzabların” axırında nəyin “sonu” və nəyin “başladığı” bilinmir. “Gedən” və “qalan” öz arzusu ilə seçim etdi. “İtən” və “yaşayan” məlum olmadı. “Kimliyimdən və nəliyimdən” xəbərim yoxdu. “Yaddaşıma” nə oldu, önümə kim “çıxacaq” və başıma nə “gələcək” bilinmir. Nə baş verəcəyi, “bəxtim” necə olacaq, yanına gəlib “gözlərinə” bəlkə baxacağam. Təmiz fikirlə və ürəklə işə girişmək, keçmişdə yaşanan “səadəti” yenə də yaşasam yaxşı olar.

Gəldi əzabların sonu,

Bitən nədi? Başlayan nə?

Gedən getdi, qalan qaldı,

Itən nədi? Yaşayan nə? (səh.65)

Ülvi məhəbbət hissinin ürəkdə hərarətli döyüntüləri “Savayı” şeirində xüsusi şövqlə tərənnüm olunmuşdur. Ötən günlərdən “sirli” anlar qalmışdır. “Sinəm”də isə yanar ürəkdən başqa heç nə yoxdur. Füzuli kimi eşq oduna yanan “tək atlı”, “tək gəmiyəm”. Dərdimi deməyə ürəkdən yananım olmadığı üçün, onu “əsən küləklərə” söyləyirəm. Qəbul etdiyim “gərdiş” və “alışdığım” adətim “var”. “Səni sevməkdən” başqa heç bir “işim” yoxdur.

Füzuli tək yanan neyəm,

Tənha atlı, tək gəmiyəm.

Kimsə yox dərdimi deyəm,

Əsən küləkdən savayı. (səh.71)

 “Sənsən...” şeirini şair birinci şəxsin təkinə ünvanlyraq müraciət şəklində söyləyir. Onun hər bir fikri daxili təzadlar üzərində qurulmuşdur. Şair “Sən”i hər fikrində önə çəkir və hər şeyi onunla bağlayır və yekunlaşdırır. Hər şeyin səbəbkar və dərmanı odur deyir. Sən mənim ayrılıq kədərim, baş əydiyim “Vətənim”, “yaxınım”, “vəfalı dostum” və “düşmənim”sən. “Cəhənnəmim”, “cənnətim”, “nəğmə” oxuyanım, “ağı” söyləyənim, çətin zamanı “ruhtək” “bədənim”dən dincimi çıxardanımsan. “Gecəm-gündüzüm”, “toy-yasım”, “dar ağacım”, xilaskarım, ölçümə uyğun həm paltarım və həm də “kəfənim”sən.

Sənsən əzablarla dolu qürbətim,

Sənsən diz çökdüyüm vətənim ənim,

Sənsən ən yaxınım, vəfalı dostum,

Qanıma susayan düşmənim mənim. (səh.87)

R.Məcid “Heç nə qalmayacaq” şeirində ömrün ötüb keçən illərinə boylanır və onları kövrək duyğularla xatırlayır. Həmin məqamların biri də “geri” dönməyəcəyinə təəssüflənir. Nə qədər çalışsaq da, ötən illərin “şövq”ü və “bahar”ı bir də qayıtmayacaq. Keçmiş illərin işıq saçan çağları qeyib olacaq və böyük işlər “ağlı başdan” yox etməyəcək. Nə damarında qanın coşar, nə də “hiss-həyəcan”ından və tikdiyin “qaladan” iz qalar.

Coşmaycaq damarda qan,

Bitəcək bu hiss-həyəcan,

Sən qurduğun bu qaladan

Heyf heç nə qalmayacaq. (səh.88)

Məzmun cəhətdən gözəl aura yaradan “Məni anla” şeirində R.Məcid çalışmışdır ki, ömrün müəyyən anlarını canlandırsın və hər zamana yeni işıq salsın. Gah sevir, gah da “nifrət” edirsən. Buna görə də rahatlıq tapa bilmirəm. Məni “baxışın”la çağırsa da, “gülüşün”lə satırsan. Belə fırıldağı başa düşürəm. Nədən “qoruxr” və nəyi “sevir” bilmirəm. “Bədəni” və “beyni” məni sevsə də, “qəlbi”istəmir. Bu məsələni anlamıram. Mənə ancaq “Tanrım” kömək edər. Bir dəfəlik mənə “sirri”ni başa sal, ya da hər şeyə son qoy.

Bu olaya qalmışam mat,

Tanrım, sənsən indi nicat.

Ya bir yolluq sirrin anlat,

Ya bir yolluq bitir məni. (səh.101)

Insan ömrünün kövrək anlarını əks etdirən “Gedək” şeiri öz məzmun tutumuna görə gerçəkliyi təsdiqləyir. Şeir  həyatın müxtəlif məziyyətlərini bizə andıra bilir. Ağrılarımız günbəgün böyüyəcək. Beynimizdəki “zülmət” işığımızı keçirəcək. Ötənlər üçün şadlansaq da, “qəm”in qayıtdığını, dərdin “təkrar”lanacağını görərik. Dəfələrlə həyat verilən eşqi əsəb, “günah”ların çərlədəcək və “məni qəzəb” məhv edəcək. Gəl birlikdə adi yolu, “sən bilib gedək” və bir-birimizdən “səssiz-ünsüz” ayrılıb uzaqlaşaq:

Dalanadı bütün yollar,

Gəl bunu son bilib gedek.

Gəl ayrılaq istəmədən,

Sakitcə çevrilib gedək. (səh.105)

“Qəfil külək” şeirində müəllif öz fikirlərini məcazi dillə, xüsusi poetik üslubla danışır. Vədəsiz külək fəlakət gətirdiyi kimi, arzu olunmayan sözdə insanı daxilən sarsıdır. Birdən əsən “külək” “evin bacası”nı, onun bütün hissələrini dağıdır. Küləyin təsvirindən “meyvə bağın”dakı “üzüm tağı”, nar və alçaları yerə tökülür. Hətta “tut” ağacının budaqları da şaqqıldayır. Külək “kabus” kimi yuxuya çevrilir. Onun səsindən “körpə qorxur”, gənc və qocalar isə yerə “yıxılır”.

Bu nə qəfil külək idi,

Evin bacası yıxıldı,

Yerdə yastısı dağıldı,

Göydə ucası yıxıldı. (səh.108)

Rəşad Məcidin şeirlərində ifadə vasitələri, dilin təravəti, söz-rənglərin seçilməsi texnikası, səs, intonasiyası biçimlərinin təbiiliyi və əlvanlığı ilə diqqəti cəlb edir. Şeirlərdəki hər sözü bədii boya, rəng duyğusu, sözün bütün semantik siqləti ilə məharətlə işlədir. Bundan əlavə R.Məcidin şeirlərində təzad əsl fikir qafiyələri, semantik vurğular kimi sıralanır, şeirin poetik-üslubi strukturunda aparıcı xətt kimi ön cərgədə durur.

Kitabdakı şerləri diqqətlə nəzərdən keçirdikdə bir insan ömrünün gənclik illəri haqqında aydın və geniş təsəvvür yaranır. Düşünürsən ki, illər insanı sınayır və bu illərin qanadındakı yaşam zamanı müəyyən məhəbbət olayları öz həyatı durum səpgisində şeirlərin misralarının qanına və canına hopmuşdur. Şair hər bir misradakı fikirlərini ürəyinin sızıltısı kimi verməyə çalışmışdır. Bu sızıltılar məhəbbətin yaratdığı mənəvi hıçqırtılardır.

“Çiyələk qadın” kitabında cəmlənən şeirlər təlatümlü məhəbbətin alov saçan işığına bənzəyir. Onlar bəzən kükrəyərək alovlanır, bəzən tüstülənir və bəzən də sönməyə meyllənir. Məhəbbət şair ürəyinin əbədi sönməyən məşəlidir. Əgər məhəbbət tükənsə insanın yaşamaq ümidi də sönər. Beləliklə, Rəşad Məcidin “Çiyələk qadın” kitabındakı şeirləri çılğın, iztirablı bir sevginin ağrılarını eyni ampulada bir araya gətirir. Buradakı şeirləri uca dağ zirvəsindən başlayan bulağın dupduru, şəffaf ürəklərə sərinlik verən suyuna bənzətmək olar. Bu sərin və şəffaf bulaq suyu ürəklərə hərarət, ruha təravət bəxş edir. Bununla bərabər R.Məcidin qələmə aldığı hər bir şeir ürəyin hərarətli döyüntüləri kimi oxucuda yeni poetik duyğular yaradır. Mən Rəşad Məcidə bu uğurlu yaradıcılıq yolunda yeni-yeni zirvələr fəth etməyi arzulayıram.

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə