Hüseyn Cavid prospekti

1999-cu ilə kimi böyük Hüseyn Cavidlə məni yalnız əsərləri bağlayırdı. Onu qəhrəmanları Şeyx Sənan, Topal Teymur, Azər kimi qəbul edib, bəzənsə İblis bilərək intiqam da almaq istəyirdim. Amma tələbə adını alıb Bakıya yollananda əfəndinin yaradıcılığının yox, adını daşıyan prospektin izinə düşməli oldum. Çünki oxuyacağım ali təhsil ocağı həmin ərazidə yerləşdiyindən Hüseyn Cavidə “sığınmaya” bilməzdim.

Sevdiyin ədibin prospektində yaşamaq onun əsərlərini canına hopdurmaq kimidir. Bunu illər sonra dərk edəndə artıq gec idi. Düzü, bura ilk dəfə ayaq basanda ünvanın kimin adına olduğunu bilmirdim. Həmin günü anamla qaranəfəs instituta gedib sənədlərimi təqdim etdik. Sonra küçələrin canına rahat düşmək üçün “Elmlər Akademiyası” metrosunun yaxınlığında dincimizi aldıq, mədəmizi yada saldıq. Bulka yeyə-yeyə gözüm qəfil anama sataşanda onun günəş şüasından yanan üzünə, qəmli gözlərinə sevinc qonduğunu gördüm. Anama baxıb özüm də fərəhləndim. Niyə də yox?! Zarafat deyil, illərlə arzuladığım fakültəyə qəbul olmuşdum. Jurnalistikanın “hərflərini” bilməsəm də, artıq özümü BBC-nin, CNN-nin, nə bilim, 1-ci kanalın müxbiri kimi hiss edirdim. Buna gözlərim, qulaqlarım deyil, ayaqlarım inanırdı. Elə ona görə də otaq axtarışına çıxanda inamla addımladım.

İyirmi metr getməmişdik ki, qarşımıza “qızlar üçün kirayə otaq var” elanı yapışdırılan paslı darvaza çıxdı. Qapını ehtiyatla döyüb ev sahibini gözlədik. Bığı burma, hündür, enli kürək kişi qarşımızda peyda olanda elə bildim o, nağıllardan yol azıb gələn cəlladdır. Cəllad qalın qaşını düyünləyib əvvəlcə bizi yuxarıdan

aşağı süzdü, sonrasa dilinin ucunda nəsə mızıldandı. O, bizi kələ-kötür yolla, əyri-üyrü pilləkənlə otağa aparanda mənə bir anlıq elə gəldi ki, edama yollanırıq. Cəllad cibindən bir topa açar çıxarıb, boyası qaçmış qapını açanda səfeh fikirlərim evin tozuna qarışdı.

Bizi yarıqaranlıq otaqda ilk qarşılayan qoxu oldu. Bu qoxu mənə tanış gəlsə də onu haradan xatırladığımı heç cür tapa bilmədim. Anam da imkan vermədi ki, iyin izinə düşüb yaxın, uzaq keçmişə baş vurum. O, itmiş əşyasını axtarırmış kimi əvvəlcə künclərə baxdı, daha sonra çarpayının, masanın altını üstünə çevirdi. Təəccübləndim. Elə cəllad da domba gözlərini anama zillədi. Anam nəzərini künc-bucaqdan çəkib ona:

- Otaqda siçan var, - dedi.

Cəllad “nırç” edib, başını sağa-sola yellədi. Onun “ola bilməz”inə anam inanmadı:

- Mən bu heyvanla uzun illərdir işdə mübarizə aparıram, hər cəhətinə bələdəm, - dedi.

Anamın çalışdığı məktəb kitabxanasından ayrılmağım heç üç ay deyildi, artıq otağının qoxusunu, kitablarını yeyən gəmiriciləri unutmuşdum. Görünür, xatirəsi olmayan qoxu tez yaddan çıxır. Cəlladdan ayrılıb axtarışları davam edəndə iy burun dəliyimdə ilişib məni xeyli müddət “məst” etdi.

Şəhərə yeni gələn turistlər kimi dörd tərəfə baxa-baxa həyətləri ələk-vələk etməyə başladıq. Bir-birinin qarnında, başında tikilən otaqlara, rahatxanası hansısa tində yerləşən evlərə baxanda istədim eynəyimin şüşələrini bir daha təmizləyəm. Gözlərimə inana bilmirdim ki, insanlar quş damından fərqlənməyən evlərdə necə yaşaya bilər? Suallarım karvan kimi ard-arda düzülsə də, dünyanı başıma uçurtmadım. Həmişəki kimi özüm-özümə təsəlli verib sakitləşdim. Düşündüm ki, axı, mən burda köçəri quşlardan az fərqlənəcəm...

Görəsən, köçəri quşlar da kirayə səma axtarırlarmı?..

Alisa, Karlson və mən

Qarşımıza yaşıl rəngə boyanan taxta qapı çıxanda ümidlərimi bu həyətə bağladım. Qapını eni-uzunu bilinməyən qadın açdı. O, özümüzü təqdim etmədən bizi qabaqladı. Elə bil “kirayə otaq axtarırıq” cümləsi alnımıza yapışmışdı. Qadın əlini xalatının cibinə salanda açarların çıqqıltısı qulaqlarımızı qıdıqladı. Qadın da cəllad kimi bizi təpədən dırnağa süzəndən sonra qabağına qatdı. O, taxta pilləkənin yanına çatanda əlindəki topa açarı anama uzatdı. Çünki pilləkən qadını qoynuna ala biləcək gücdə deyildi. Biz də ehtiyatla yuxarı qalxıb otaqla tanış olduq. Xırda güllü divar kağızı saralmış otaqda dəmir çarpayı, kiçik yazı masası və şkaf vardı. Divara “hopan” ölgün çiçəklər otağı payız fəslinə oxşatdığından hətta arada canıma bir az üşütmə də gəldi. Ətrafa göz gəzdirəndə diqqətimi pəncərənin önündəki “Oxu məni” qəzeti çəkdi. Anam otağın dərmə-deşiyinə, mənsə qəzetə göz atdım. “Qıza dönmüş oğlanlar” sərlövhəsini oxuyanda heç nə anlamadım. Anamın sualı məni “igidlərdən” ayırdı:

- Hə, nə deyirsən? Burda qala bilərsən?

- Görəsən, kravatda neçə min tələbə yatıb? - çarpayının paslanan dəmirini, skoçla bağlanan ayağını görəndə özümü min birinci xırdavat kimi hiss etdim.

- İki milyon. Mən hardan bilim? Lap rahatdır, - anam çarpayıda oturub onu sınaqdan keçirdi.

Hər gün önümə açıla biləcək mənzərəni görmək üçün pərdəni kənara çəkdim. Şap-şaplar, süpürgə, qır vedrəsi, şvabra, daş qıran çəkic və bir də lom yan-yana düzülmüşdü. Məktəbli oğlan yerdə oturub vintaçanla vilosipedinin təkərini qurdalayırdı. Başımı yuxarı qaldırıb otağın tavanına baxdım. Otaq elə hisli idi sanki illərdir gecələrini şamla işıqlandırıb. Düşündüm ki, bəlkə burda gecələr şam işığında şeir yaxud roman yazan ədib yaşayıb? Nədənsə, fikrimə inanmadım. Axı, ilham pərisi daha şam işığına gəlmir. Sonra ağlıma gəldi ki, bəlkə otaq romantik gecələrin sevimli məkanı olub? Bu fikrimi də yola saldım. Həyətdə çəkic, lom olsa da, əmin idim ki, sevgisindən Bisütun dağını yaran Fərhadın daşından heç toz da yox idi. Otaq elə his basmış dam idi, vəssalam! Amma bu, otaqda qalmaq istəyimi əsla əlimdən almadı. Düşündüm ki, mənim damda yaşayan Karlsondan nəyim əskikdi?!

Razılaşdım. Elə anamın da könlü otağa qonduğundan sahibədən hamamın, rahatxananın harada yerləşdiyini soruşdu. Qadın dilinin kilidini, qaşlarının düyününü açıb bizi həyətin başına apardı. O, əlinin ucu ilə boz taxta qapını itələyib bizi rahatxana aləminə götürdü. Deyim ki, o eyni zamanda vanna otağı funksiyasını yerinə yetirirdi. Burada gözümə ilk olaraq trap sataşdı. Əgər Allah eləməmiş ayağım sabuna ilişib sürüşəsi olsaydı, Alisa kimi “möcüzələr adasına” düşmək şansım vardı. Kanalizasiyanın iyi beynimə hakim olanda özümü bayıra atdım. Anam çevrilib mənə baxanda burnunun yerində dinc dayanmadığını gördüm. O, havanın tezliklə qaralacağını bəhanə edib məni cücə kimi qabağına qatdı...

Görəsən, kanalizasiyadan xatirə yazan varmı?..

“Dalan” sözünün sorağında

Maklersiz babat otaq tapmaq samanlıqda iynə axtarmaq kimi idi. Ona görə də axtarışın səhəri günü vaxt itirməmək üçün darvazaları, qapıları döyəndən sonra daha kiminsə qarşılayacağını gözləmirdik. İçəri keçib ümumi həyətin labirint yolları ilə dərinliyə kimi baş vururduq. Beş-altı cəhddən sonra növbəti rəngi getmiş taxta qapını döydük. Əlində dəmir aftafa tutan yaşlı qadın bizə yaxınlaşdı. O, gözlərini qıyıb elə baxdı, sanki bizə yarım deyil, yüz metr məsafədən seyr edirdi. Gözünə güclə görünsək də, bizi dinləmədən “otaq yoxdur” dedi. Mən təəssüf hissimi ərşə qaldırında qadını elə bil cərəyan vurdu, əlindəki dəmir aftafanı yerə saldı. Əyilib onu götürdüm. Uşaqlıqda olduğu kimi bu dəfə də gücüm dəmir sutökənə çatmadı. Qarı aftafanı diplomat kimi əlində tutub:

- Bax, o gördüyünüz qapının yanındakı dalanda üçüncü qapıya yaxınlaşın. Boş otaq olmalıdır, - dedi.

Anam qadına təşəkkür edəndə beynimdə “dalan” sözünün mənasını axtarmağa başladım. Oxuduğum kitablarda bu ifadəyə rast gəlməmişdim. Deyəsən, anam da dalanın leksik mənasını anlamadı. Axı, haradan biləydik? Yaşadığımız şəhərdə belə bir coğrafi termin yoxdur.

Qadının söylədiyi üçüncü qapıdakı otaq bir gün öncə kirayə verildiyindən prospektdəki mağazalardan birinə getdik. Dükanda sərgilənən eksponatlara baxanda anam satıcıya:

- Buralarda xudmani, münasib qiymətə otaq verən yoxdur?- soruşdu.

Satıcı qız elə bil sualı çoxdan gözləyirdi:

- Bilirəm. Elə mağazanın yanında. 43 ünvanında... Keçin içəri, düz axıra kimi gedin, sol tərəfdəki qapı... Çox sakit, tərbiyəli ailədi.

Bunu eşidəndə özümü darvazaya, sevincimi isə göyün yeddinci qatına göndərdim.

Görəcən, göy üzündən yerin kədəri necə görünür?..

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə