Çağdaş dünyadakı vəziyyəti, XXI əsrin idarəetmə qanunlarını, böyüklərin kiçiklər üzərində hökmranlığı prinsipinin dəyişilməzliyini müşahidə etdikcə bir daha əmin oluruq ki, müstəqilliyimiz ən böyük qazancımız, qürur yerimizdir. Həm də xoşbəxtliyimizdir! Axı müstəqillik bütöv bir ölkənin, xalqın yox, həm də ayrı-ayrı insanların qazancıdır. 

Kimisi çıxışlarıyla, kimisi əsərləriylə, kimisi siyasi iradəsiylə, kimisi qanı ilə, kimisi sadəcə, dualarıyla qazanıb bu səadəti. Həm özü qazanıb, həm də xalqına, millətinə, ölkəsinə qazandırıb. Bu mənada Azərbaycanın müstəqilliyi həm də onun ədəbiyyatının nailiyyəti, qələbəsidir. Çünki azadlıq duyğusu, azad olmaq arzusu bir insandan başlanır, xalqın özünüdərkindən keçir. İnsana isə hansısa siyasi gedişlərdən, ictimai proseslərdən daha artıq söz təsir edir; azadlığı tərənnüm edən söz, kimliyimizi anladan, müstəqilliyə layiq olduğumuzu isbat edən söz. Bu sözün isə yaşı heç şübhəsiz ki, 25 il deyil.

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyi də məhz bu düşüncəni, bu yanaşmanı ehtiva edir. M.F.Axundzadə adına Milli Kitabxanadakı təqdimat mərasimində kitabın elmi redaktoru, akademik İsa Həbibbəyli bu məqamı xüsusi vurğulamışdı. Və bu monoqrafik, 1890 səhifəlik bitkin əsərin əsas konsepsiyasını izah etmişdi. İsa müəllimin çıxışına qulaq asdıqca bir anlıq ədəbiyyatımızı göz önündən keçirir və düşünürdüm. Məgər Mirzə Fətəli Axundzadənin, Mirzə Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Əbdürrəhim bəy Haqverdiyevin və adını sadalamadığım, əsərlərində azadlığı tərənnüm edən, millətin özünü tanıması üçün gecə-gündüz çalışan neçə-neçə sənətkarın yazdıqları “Müstəqillik” demirdimi? Deyirdi. Müstəqillik elə Mirzə Cəlilin “Molla Nəsrəddin”indən, Həsən bəy Zərdabinin “Əkinçi”sindən, Sabirin “Hophopnamə”sindən başlanğıc götürmüşdü. İsa Həbibbəyli həm kitabxanadakı çıxışında, həm də kitaba yazdığı geniş ön sözdə bu məqamları xüsusi vurğulayıb. Yəni kitabda daha əvvəlki dövrlərə panorama, yaxud XX əsrin 60-cı illərində ədəbiyyata gələn nəslin yaradıcılığının Sovet dönəminin də araşdırma mövzusu olması təsadüfi deyil. Çünki məhz 60-cı illərdən ədəbiyyatda yeni bir təmayül, yeni yanaşma (əslində, daha azad bir yanaşma!) yarandı ki, bu dövr poeziyasını, nəsrini də “Müstəqillik” anlayışı altında təhlil etmək olar. Lakin bütün bu Müstəqqilliyə zəmin yaradan, ora gətirən ədəbiyyatla yanaşı, daha doğrusu, onun davamı kimi son 25 ilin ədəbi prosesi, həm daha əvvəlki nəsillərin, həm də yeni gələn imzaların bu zaman kəsiyindəki yaradıcılığının təhlili ədəbiyyatşünaslıq elmimizdə yeni bir hadisədir.

Kitabın “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı 1990-cı illərdə” adlı birinci cildindəki yazılara, portret-oçerklərə nəzər saldıqca burdakı “dramaturgiya”nı da duymaq olar. Burda həm müstəqilliyə gətirən yolun, həm 20 Yanvar kimi faciələrimizin, həm Qarabağ müharibəsinin, Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində möhkəm təməllər üzərində duran Azərbaycanın ədəbiyyatımızda əksi göstərilir, tədqiq olunur. Qeyd etmək lazımdır ki, bu, Müstəqil Azərbaycan ədəbiyyatına tamam yeni bir baxışdır. Ədəbiyyatşünaslıq elmi üçün isə böyük bir qazancdır. Və elə bu səbəbdən kitab işıq üzü gördüyü ilk gündən müxtəlif fikirlərə, hətta polemikalara, müzakirələrə yol açıb. Xatırlayıram, ikicildliyin Nizami adına Ədəbiyyat İnstitutundakı təqdimatından bir gün əvvəl, çalışdığım Pedaqoji Universitetin Azərbaycan və dünya ədəbiyyatı kafedrasında da müəllim həmkarlarımızla müzakirələr aparmışdıq. Kafedra müdirimiz, elmi rəhbərim, professor Himalay Qasımov bu əsərin əslində, tarixi araşdırmalardan da önəmli olduğunu demişdi. Çox çəkmədi ki, Himalay müəllim ikicildlik haqqında mahiyyətə yönəli, maraqlı bir məqalə ilə mətbuatda çıxış etdi və elə həmin məqalədə də bu əsərin əhəmiyyəti dəqiq ifadə olundu:

“Azərbaycan Milli Elmlər Akademiyasının zəngin tarixi və yaşarlı ənənəsi olan Nizami adına Ədəbiyyat İnstitutunun elmi- intellektual axtarışlarının, gərgin zehni əməyinin bəhrəsi olan bu kitablar hər kəsi qürurlandırır. Düşüncə bu fundamental araşdırmaların fəsil və bölmələri müstəvisində irəlilədikcə tariximiz, taleyimiz və ədəbiyyatımızın özəl dəyərləri qəlbimizə hopur, tarixləşir və sonucda insanı vəcdə gətirir. Qlobal düşüncə çevrəsi ilə mühüm maraq kəsb edən bu fundamental tədqiqat əsəri Azərbaycanımızın şanlı müstəqillik tarixinə ən layiqli töhfədir. Ədəbiyyat nəzəriyyəsini, ədəbiyyat tarixini, ədəbi tənqidi bir araya gətirərək problemlərinin incələnməsinə yönələn bu kitablarda sözügedən çağın ədəbiyyatına münasibətdə tarixiliklə müasirlik sintez təşkil edir. Bunu deyərkən biz tədqiqat əsərinin strukturunu, onun mümkün rakurslarda mövzu, ideya və janr özəlliklərinin nəzəri-estetik baxımdan konseptual təhlilini, tədqiqini və elmi ümumiləşdirməsini nəzərdə tuturuq”.

Hörmətli professor Himalay Qasımovun fikirlərinin davamı kimi bir məqamı da xüsusi vurğulamaq istərdim. Bilirik ki, 2015-ci ildə Elmlər Akademiyasının 70 illik yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev alimlərimizə müstəqilliyimizin 25 illiyini əks etdirən kitab yazılmasını tövsiyə etmişdi. Nizami adına Ədəbiyyat İnstitutunun kollektivinin, başda akademik İsa Həbibbəyli olmaqla, hazırladığı ikicildlik həmin çağırışa cavab olaraq, bir yubiley hədiyyəsi, eyni zamanda, ictimaiyyətə hesabatı kimi ərsəyə gəlib. Məhz bu faktdan çıxış edərək demək olar ki, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyi ədəbiyyatşünas alimlərimizin sadəcə araşdırması, tədqiqatı yox, həm də vətəndaşlıq mövqeyidir.

Bu məqamda kitabın elmi redaktoru, böyük təəssübkeş, akademik İsa Həbibbəyli ilə bağlı bir şəxsi müşahidəmi bölüşmək istərdim. 2015-ci ildə İtaliyanın Milan şəhərində baş redaktorumuz Rəşad Məcidin italyan dilinə çevrilmiş şeirlər kitabının təqdimat mərasiminə gedirdik. Yadımdadır ki, həmin səfərimizdə məni ən çox təəccübləndirən məqamlardan biri İsa müəllimin uzun və yorucu yolçuluqdan sonra necə həvəslə, şövqlə gördüyü işlərdən danışması, ideyalarını bizimlə bölüşməsi idi. Səhv etmirəmsə, Naxçıvan xanlığının bayrağını necə əldə etmələrindən, bu xəbərə necə sevinməyindən danışırdı İsa müəllim. Və mən düşünürdüm ki, görünür, bütün uğurların kökündə məhz bu işini sevmək, hər kiçik, ya böyük nailiyyətə görə ürəkdən sevinmək bacarığı durur. İsa müəllimin elə bu şövqü, ədəbiyyata sevgisi, həvəsi haqqında söz açdığım ikicildliyi araya-ərsəyə gətirən səbəblərdəndir. Və heç şübhəsiz, bu əsərlərdən yararlanan, bəhrələnən, bunlara istinad edən hər kəsə bu sevincdən, daha dəqiq desəm, belə zəngin ədəbiyyatımızın varlığına görə qürur hissindən pay düşəcək.

Xalq yazıçısı Anar yaradıcılığı mövzusunda dissertasiyamı yekunlaşdırdığım ərəfədə bu əsərin işıq üzü görməsi şəxsən mənim üçün göydəndüşmə oldu. İsa müəllimin Anar haqqında irihəcmli oçerkindən, həmçinin 60-cılar nəslinin yaradıcılığını təhlil edən digər yazılardan istifadə etdim və ikicildlik dərhal ədəbiyyat siyahıma da əlavə olundu. Deməyim budur ki, bu əsər artıq öz uğurlu taleyini yaşamağa başlayıb. Neçə-neçə gənc tədqiqatçılar ondan faydalanır, istifadə edirlər.

Bütöv bir əsər adlandıra biləcəyimiz bu kitabların əsas üstün cəhəti çoxcəhətli, çoxşaxəli olmasıdır. Ümumiləşdirilmiş irihəcmli məqalələrlə yanaşı, dövrü daha dəqiq anlamaq üçün verilən ayrı-ayrı oçerklər də son dərəcə uğurludur. Həmçinin, yalnız paytaxtdakı ədəbi prosesin yox, həm də bölgələrdəki mühitin tədqiqata cəlb edilməsi mühüm məqamdır. Bu baxımdan, professor Asif Rüstəmlinin Vaqif Aslan, Məmməd Alim, professor Vaqif Yusiflinin Ənvər Əhməd, Novruz Nəcəfoğlu, Barat Vüsal, Ramiz Qusarçaylı və digər bölgələrdə yaşayıb-yaradan sənətkarlarla bağlı məqalələri yeni informasiyalar verir.

Əsərin ikinci cildi “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı müasir mərhələdə” adlanır. Bu cilddə təkcə artıq ədəbiyyat tarixində öz yeri olan yazıçıların müasir mərhələdəki yaradıcılığı deyil, həmçinin ədəbiyyata yeni gələn, bəlkə hələ özünü təsdiq etməmiş gənclərin də əsərləri tədqiq olunub. Bu da müəlliflərin gənclərə etimadının göstəricisidir.

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyi təkcə ədəbiyyatımıza, ədəbiyyatşünaslıq elmimizə deyil, bütöv tariximizə, millətimizə töhfədir.

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə