Son xəbərlər

 


İyunun 5-də Beynəlxalq Muğam Mərkəzində VII Şairlər Günü keçirilib. 

Tədbir Azərbaycan Yazıçılar Birliyi (AYB) və Gənc Şairlər Birliyinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin (İLESAM), TİKA-nın, Türkiyə Səfirliyi Kültür və Tanıtma Müşavirliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) və "Azərkitab"ın təşkilati dəstəyi ilə baş tutub.

Artıq yeddinci dəfə düzənlənən Şairlər Günü üç ildir ki, ayrı-ayrı şairlərin xatirəsinə həsr olunur. Builki Şairlər Günündə Xalq şairi Məmməd Arazın xatirəsi yad edilib.

Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını ziyarət ediblər. Həmçinin, görkəmli şair və yazıçılarımızın məzarları da ziyarət olunub.

Mərasimdə ölkənin görkəmli ziyalıları, millət vəkilləri, Azərbaycanın və Türkiyənin tanınmış yazarları, M.Arazın ailə üzvləri və media nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni ilə açılan tədbirdə Xalq şairi Məmməd Arazın öz şeirlərini söylədiyi anları əks etdirən videokadrlar göstərilib.

Tədbiri giriş nitqi ilə açan AYB mətbuat xidmətinin rəhbəri, şair-publisist Xəyal Rza Şairlər Gününün mahiyyəti haqqında məlumat verib: "Bildiyimiz kimi, 5 iyun nakam şairimiz Mikayıl Müşfiqin doğum günüdür. Bu gün, artıq yeddinci ildir ki, ölkəmizdə Şairlər Günü kimi qeyd olunur. Bu il ilk dəfə olaraq, VII Şairlər Günü həm də bölgələrdə qeyd ediləcək. İyunun 7-də Beyləqan Mədəniyyət Sarayında Mücirəddin Beyləqaninin, iyunun 8-də Şabran Mədəniyyət Sarayında Xaqani Şirvaninin xatirəsinə həsr olunmuş Şairlər Günü keçiriləcək".

AYB sədri, Xalq yazıçısı Anar çıxışında 5 iyunda doğulmuş bir başqa şairi - Vaqif Səmədoğlunu da xatırlayıb. Yazıçı həm Mikayıl Müşfiqin, həm Vaqif Səmədoğlunun, həm də Məmməd Arazın dövrün zərbələrinə mətanətlə duruş gətirdiklərini, əzmlə yazıb-yaratdıqlarını bildirib, bu sənətkarların xatirəsinə göstərilən ümumxalq məhəbbətindən və ehtiramından danışıb: "Məmməd Araz bircə "Salamat qal" şeiri ilə də ədəbiyyatımızda iz qoymaq qüdrətinə malik sənətkar idi. Ancaq o, bütün ömrü boyunca yazıb-yaradıb. Onun şeirləri, poemaları Azərbaycan ədəbiyyatının nadir inciləri sırasındadır. Bu xalq var olduqca unudulmaz şairlərimizin xatirələri də əbədi yaşayacaq".

AYB sədri Anar İLESAM-ın rəhbəri Mehmet Nuri Parmaksız tərəfindən təşkilatın fəxri diplomu ilə təltif olunub.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili, akademik İsa Həbibbəyli çıxışında M.Araz yaradıcılığını yüksək qiymətləndirib, onu "Azərbaycançı şair" adlandırıb: "Bu il Şairlər Gününün Məmməd Araza həsr olunması xalqın böyük şairə sevgisinin göstəricisidir. Məmməd Araz özündən əvvəlki romantik pafosun tilsimini qırıb, həyatı ədəbiyyata gətirdi. Onun yaradıcılığında tərənnüm, vəsf, poetik mənalandırma gerçəkliyin ifadəsinə doğru istiqamətlənmişdir. O yalnız vəsf etmirdi, həm də Azərbaycan cəmiyyətində baş verən prosesləri, xalqın istəklərini dərk edirdi və bunu ədəbiyyata da gətirirdi. Bununla yanaşı, o, həm də bəşəri şair idi".

Milli Məclisin deputatı Qənirə Paşayeva Şairlər gününün əhəmiyyətindən danışıb. O, M.Müşfiq və M.Arazın yaradıcılıq məziyyətlərindən, Azərbaycan ədəbiyyatının inkişafına verdikləri töhfələrdən söz açıb: "Şairlər insanlar arasında ən gözəl və möhkəm körpülərin memarlarıdır. Təməli sevgi olan bu körpüləri heç nə yıxıb sındıra bilməz. Məmməd Araz da belə körpü yaradan şairlərdəndir". Çıxışından sonra Q.Paşayevaya da İLESAM-ın fəxri diplomu təqdim olunub.

Azərbaycan və Türk dünyasının ortaq mədəniyyətləri paylaşdığını deyən İLESAM-ın baş direktoru Mehmet Nuri Parmaksız öz şeirini səsləndirib.

Daha sonra "Mikayıl Müşfiq" mükafatının növbəti təqdimatı keçirilib. Mükafata "Söz" ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə, "Azərbaycan" jurnalının poeziya şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadə, AYB-in Gəncə bölməsinin rəhbəri Xəzangül, şairlər Fəxrəddin Ziya və Yaşar Süleymanlı layiq görülüblər.

Yazıçı Seyran Səxavət, şair Faiq Balabəyli, türkiyəli söz adamlarından Yadigar Sarı, Arzu Kabukçu, Turan Dudak Düz, Bilal Dilsiz, Mehmet Kindap, Yasmin Korkut, Erdoğan Pamuk, Birdal Can, Nərmin Akkat, Şənsəs Us və başqaları mərasimdə şeirlərilə çıxış ediblər.

Bədii qiraətçilər Məleykə Alıoğlu və Arzu Muradın ifasında Məmməd Arazın şeirləri dinlənib.

Əməkdar artist Gülüstan Əliyeva və xanəndə Mütəllim Dəmirov M.Arazın sözlərinə yazılmış mahnılar oxuyublar.

Daha sonra tədbir iştirakçıları nakam şair Mikayıl Müşfiqin simvolik "məzarı"na - Xəzər dənizinə güllər səpiblər.

AYB.az                                                                                   

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə