Son xəbərlər

 

İyulun 7-də Bakıda İLESAM-Azərbaycan, Milli Kitabxana və AYB Müşfiq Komissiyasının birgə layihəsi olan “Günlərdən Şeir” start götürüb.

Layihə çərçivəsində ilk tədbir Açıq Kitabxanada İLESAM-ın rəhbəri, şair Mehmet Nuri Parmaksızla keçirilib. Görüşdə tanınmış yazarlar, oxucular və media nümayəndələri iştirak ediblər.

Mərasimdə bugünlərdə Füzuli rayonunun Alxanlı kəndində erməni təxribatı nəticəsində dünyasını dəyişən iki yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyevanın xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra Milli Kitabxananın direktoru Kərim Tahirov layihənin məqsədindən söz açıb, poeziyanın inkişafı, oxucu-şair münasibətlərinin daha da güclənməsi baxımından önəmi barədə danışıb. Qeyd edib ki, bu gündən etibarən hər həftənin cümə günü Açıq Kitabxanada bu cür görüşlər təşkil olunacaq.

M.N.Parmaksız da əvvəlcə Qarabağ münaqişəsindən, Azərbaycanın verdiyi günahsız qurbanlardan bəhs edib: “Biz, Türkiyə olaraq, hər zaman canımızla, qanımızla qardaş Azərbaycanın yanındayıq. Mən bütün qəlbimlə inanıram ki, haqq-ədalət gec-tez öz yerini tapacaq. Bizim təmənnamız günahsız qurbanlar verilməsinə son qoyulmasıdır”.

Əməkdaşlıq üçün AYB və Milli Kitabxanaya təşəkkür edən M.N.Parmaksız bu layihənin şeir, söz sənəti naminə önəmli addım olduğunu vurğulayıb: “Düşünürəm ki, dünyanın ən xoşbəxt insanları şairlər, sənətkarlardır. Çünki onlar dünyadan köçsələr də, özlərindən sonra bir iz, əsər qoyurlar. Əgər mənim bir şeirimdən bir misra belə hansısa oxucunun yadında qalırsa, demək, həqiqətən xoşbəxtəm”.

Daha sonra bir neçə şeirini səsləndirən şair özünün yaradıcılıq yolundan, söz bağlılığından da danışıb, hələ uşaq ikən Funda adlı bir qıza vurularaq şeirlər yazmağa başladığını açıqlayıb.

Layihənin qaydasına görə, səbəbkar özü ilə bərabər bir və ya iki qonaq şair dəvət edə bilər. M.N.Parmaksızın qonaqları AYB-nin katibi, şair Rəşad Məcid və AYB-nin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza olub.

Rəşad Məcid də layihəni yüksək qiymətləndirib, bu çərçivədə tezliklə daha böyük uğurlar qazanılacağına inandığını deyib, Parmaksızın söylədiklərilə əlaqəli şəkildə sevgi və poeziya mövzusuna toxunub: “Sevgi, eşq olmasa, poeziya olmaz. Sevgi şeiri yazmayan şairin poeziyasına, yaradıcılığına həmişə şübhə etmişəm. Məncə, hər kəsin həyatında ona şeir yazdıracaq bir Fundası var”. R.Məcid çıxışının ardından Vaqif Bayatlı Odərin “Tək qalarsan bu dünyada” və Ataol Bəhramoğlunun “Eşqə qəzəl” şeirlərini oxuyub.

X.Rza layihə barədə danışdıqdan sonra  “Bu dünya eşq qoxuyar”, “Sevginin qırmızı rəngi” və başqa şeirlərini səsləndirib.

Şairlərdən Həyat Şəmi  və Fərqanə Mehdiyeva da həm özlərinin, həm də M.N.Parmaksızın şeirlərini söyləyiblər. Gənc yazarlardan Gülnar Səma Ramiz Rövşənin, Şahanə Müşfiq isə özünün “Sevgililər gününə” şeirini səsləndirib.

Tədbir boyunca M.N.Parmaksız, R.Məcid və X.Rza yenə də öz şeirlərini oxuyublar.

Sonda M.N.Parmaksız kitablarını Açıq Kitabxanaya hədiyyə edib.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə