Ana
Ey əziz, müqəddəs, mehriban insan,
Hər zaman istəyim, gərəyim ana.
Çıxmırsan yadımdan sən mənim bir an,
Hər zaman istəyim, gərəyim ana.
Yerin var gözlərim üstündə daim,
Sənsən mənim ruhum, mənim mənliyim.
Səni əvəz etməz dünyada heç kim,
Hər zaman istəyim, gərəyim ana.
Dünyada sən varsan bu mənim bəsim,
Min məlhəm təkidir isti nəfəsin.
Qəlbimi oxşayır "can" deyən səsin,
Hər zaman istəyim, gərəyim ana.
Yolumda ağartdın qara telini,
Sevib əzizlədin qızı, gəlini.
Dinlərəm sözünü, şirin dilini,
Hər zaman istəyim, gərəyim ana.
Hər an sevincimi qoşa bilərəm,
Səninlə fəxr edib fərəhlənərəm.
Mən sənə əbədi ömür dilərəm,
Hər zaman istəyim, gərəyim ana.
Bir-birimizi çox sevək
Duman alıb dağ döşünü,
Gözləyirəm dönüşünü.
İkimizin görüşünü,
Görsün duman, əsən külək-
Bir-birimizi çox sevək.
Burda yolu, izi yoraq,
Gəzək asta, gah qaçaraq.
Gül toplayaq qucaq-qucaq,
Biz burada deyək, gülək-
Bir-birimizi çox sevək.
Dinləyək ürək səsini,
Oyadaq eşq həvəsini.
Dodaqların busəsini,
Dadanmasaq nəyə gərək-
Bir-birimizi çox sevək.
Eşq odunda yanmaq üçün,
Səadəti anmaq üçün.
Yalanları danmaq üçün,
Məhəbbətə gəl and içək-
Bir-birimizi çox sevək.
Səni çox istəyirdim
Bir zaman sən idin könül həmdamim,
Mən səni özümdən çox istəyirdim.
Yox idi həyatda kədərim,qəmim,
Mən səni özümdən çox istəyirdim.
Səndən özgəsində gözüm yoxuydu,
Sənə deyiləsi sözüm çoxuydu.
Deyirəm bəlkə də bu bir yuxuydu,
Mən səni özümdən çox istəyirdim.
Sən idin qəlbimdə döyünən ürək,
Mən sənə gərəkdim, sən mənə gərək.
Niyə qovuşmadıq görən, sevərək,
Mən səni özümdən çox istəyirdim.
* * *
Mən səni görürdüm mələk donunda,
İztirablar çəkdim sevgi yolunda.
Görən kim günahkar oldu sonunda,
Mən səni özümdən çox istəyirdim.
Ata
Yüksək zirvələrdə durursan hər an,
Sən bizə dayaqsan, köməksən ata.
Dağ tək əzəmətli, göy tək ucasan,
Sən bizə dayaqsan, köməksən ata.
* * *
Çox gözəl, müqəddəs adın var sənin,
Olmasın ömründə dumanın, çənin.
O böyük Yaradan olsun köməyin,
Sən bizə dayaqsan, köməksən ata.
* * *
Elnuram, hər zaman sənsən gərəyim,
Səninlə döyünür, vurur ürəyim.
Tək sənsən ümidim, arzum, diləyim,
Sən bizə dayaqsan, köməksən ata.
Ünvanıma yaz
Sərvi boylum ayaq saxla sözüm var,
Ala gözlüm gözlərində gözüm var.
Sanma belə tənhalığa dözüm var,
Bəs eyləyər bir bu qədər naz, gülüm-
Gəl özünü ünvanıma yaz, gülüm.
Ver əlini əllərimdə saxlayım,
Gül ətirli nəfəsini qoxlayım.
Sinən üstə şirin-şirin yuxlayım,
Könlümüzü ovundursun yaz, gülüm-
Gəl özünü ünvanıma yaz, gülüm.
Qoşa gəzək gül çiçəkli çəməndə,
Bu sevgimiz kaş düşməyə kəməndə.
Eşqimizə şahid olsun çəmən də,
Bülbüllər söyləsin xoş avaz, gülüm-
Gəl özünü ünvanıma yaz, gülüm.
Qəbahətdir məhəbbətdə yubanaq.
Yatmışıqsa bu qəflətdən oyanaq.
Elnur deyər özümüzə inanaq,
Qoy olmasın sevincimiz az, gülüm-
Gəl özünü ünvanıma yaz, gülüm.