OH, NECƏ DƏ BAYRAM İSTƏDİ KÖNLÜM
Torağaylar pırr edib uçdular torpaqdan,
bir də haçan görəcəyəm mən belə bayramı ay alla...
Çığırtı... hayhəşir... hayqırıq...
Bir-birini qışqıran, girinc olan sevincə,
cuqqulu qanadlar hövlündə cəhd işi, göy vuruşu,
hurreyə, fərəhə, rəhnə bax, ay alla...
Oh, ay Allah!...
Məndə bayram istədim!!!
Çırpmaq üçün yollara
mən də bütün səsimin
Gizlin qüssələrini
mən də "qanad taboru",
köksümü kiritməyə
tabu-tavan istədim
İstədim hə!
Təsəllisiz-sevgisiz
"cuqqulu" insanları,
Şairini də qışqıran
əsalət misalı tək...
Vətən istisi istədim!
Və deyəsən aşiq oldum axı mən
Toranlığa bir əmin "himn!" oxumuş...
Oxuyub, vız uçan
məğrur torağaylara!..
...Qoşula biləydim onlara,
Başqa yuva xətrinə
vadilərə daşınan
çinədanı teyxa xal...
torağay quşlara,
Yaddaşını tullamış
Bayramı eşq dolu
Uzaqlaşan..............
bu yarpaq quşlara...
Oh, necə də bayram istədi könlüm.
21 sentyabr 2003
İLĞIM
Qarşıda qış yuxusu, gümüş ziyalar əsmədə,
Qarşıda quş yuxusu, ruhum eyzən titrəmədə.
Uzaqdan rənglər qarışır, yuxularım qımışır,
Uzaqdan bir səs qışqırır, taleyimdir, ardımca qoşur,
Qarşıda ocaq odlanır, bütün xırman çırtıldayır,
Qarşıda xaniman yanır, fərqində yoxam, qollarım çatmır...
Uzaqdan ömrümü sellər aparır, gecdir, girincdir, əfsus!
Uzaqdan arzular fəryad qoparır, heçdir, bivecdir, əfsus!...
1984
AY LOLO
İkimizə bir yuva,
İkimizə bircə dən... Bəs idi.
Qonşularımız idi yaşıl göllər.
Amma dimdiyimizə sıxılan
«o tək damla»
demə təsəlli imiş göylərdən. Bəs idi.
Biz ki, qu quşlarıydıq.
Bizim öz mahnımız vardı,
Sədasına üfüqlər oyanardı...
Biz vardıq. Biz asimandaydıq.
Biz buludları yarırdıq,
qıyy vururduq, yorulmayırdıq!
Günəşi çətir tutub başımız üstünə
Kimdən ki, qorunduq?
Biz ki, qu quşlarıydıq!...
Başımız «cənnət ağacının» budaqlarında,
üzümüz «Xədicə çiçəyi» dodaqlarında,
dilimiz üstündə buğda duası öldük.
Təəssüf yox idi ölümümüzdə,
O imiş deyirəm gördüklərimiz.
Nə dəryaz var idi, nə xırmanımız,
Aman, ovçu!!!
İndi, qov kimi bu boşluqda
Hey uçur. hey uçar...
Günahsız ruhumuz, xəyallarımız.
Ah, biz ki, qu quşlarıydıq!?.
1982
CADUGƏRMİŞ BU AYRILIQ
Oh tanrım! Bu ayrılıq məni dəli edəcək.
Bu ayrılıq mənlə nələr etməyəcək?!
Bu ayrılığın gözü kordur.
bağçasında güllər solur, rənglər səssiz pozulur, görməyir.
Bu ayrılığın qulağı kardır
komasını fəryad dəlir, keyəlmişdir, fikir verməyir.
Dili də lal bu ayrılığın.
Kilidi ağır sallanıb, susar, bir söz söyləməz.
Bir qayaymış bu ayrılıq.
Dim-dik baxar üzümə, göynəmlər əsər eyləməz.
Əl çəkib yarama incitmə, tanrım!
İçində viranələr varsa, sən çox da cəhd etmə, tanrım!
Bir quyuymuş bu ayrılıq.
Udub gülüşlərimi, mat qoyub, qurudub məni.
Sıxıb o dev yuxusuna, yırğayıb, uyudub məni.
Bu yırğada qəhqəhələr öz-özünə yağış olacaq,
Bu yırğada xatirələr ovum-ovum ovulacaq...
... Bu ayrılıq məndə yarpaq-yarpaq solacaq,
bu ayrılıq sinəmdə dönüb torpaq olacaq.
Oh, tanrım! Cadugərmiş bu ayrılıq!
1983
SƏNƏ BORCLUYAM, ANA!
Bu yazılar, sətirlər, bu düzümlər üçün mən
Sənə borcluyam, ana!
Sevgilər, titrəyişlər, təbəssümlər üçün mən
Düşüm ayaqlarına!
Damarından, qanından, əzandan nəşət aldım,
Sənə borcluyam, ana!
Yaxşı nə varsa canda, canından vüsət aldım,
Düşüm ayaqlarına!
Günəşim də, tanrım da, eşqim, odum da səndin,
Sənə borcluyam, ana!
Göz yaşım, yaradanım, səcdəm, duam da səndin,
Düşüm ayaqlarına!
Bütün dünyam sən idin, səndin gecəm, gündüzüm
Sənə borcluyam, ana!
Yenə sənsən, yalnız sən, çəmən, çöl, ətrim,
Düşüm ayaqlarına!
Sənə borcluyam, ana!
Sənə həsr edirəm mən, bu kitab-həyatımı,
O göyərçin ruhuna
Səpib səpələyirəm, ən şirin bayatımı,
Sənə borcluyam ana!
Dolanım, fəda olum, o, qara torpağına,
Düşüm ayaqlarına!
Sərilim, məlhəm olum, ürəyinin dağına!..
SƏN SAXLA, TANRIM
Pəncərəmin üzü Günəşə.
Sən saxla tanrım! Bəs bəxtimə nə vaxt gün düşə?
Pəncərəmdə şeh damlalanır.
Sən saxla tanrım! Damla damla üstdən hara damlanır?
Pəncərəmi yağış yuyur, qərar tutmur bu şırşır.
Sən saxla tanrım! Alıb apardı məni zalım şırhaşır.
Pəncərəmə xısın-xısın bir rüzgar sarındı.
Sən saxla tanrım! Tale özü qənimimmiş bu cür sarıdı.
Pəncərəmdə şər qarışıbmış.
Sən saxla tanrım! Şər mənimlə doğulandan qarşıymış.
Ey vah!!! Pəncərəmdən beynimə səslər doluşdu.
Sən saxla tanrım! Qanad açan bu ağlım quş oldu uçdu!...
1984
BU DAĞ SİZƏ TANIŞ GƏLMƏZ
Çox da darılmayın siz
bu şən, gülər üzümə -
Mənim öz kədərim var,
Sizinçin deyil onlar.
Üzümdə axtarmayın,
Gözümdə aramayın
Siz sezə bilməzsiniz,
sevinməyəcəksiniz,
Mənə bəxş etdiyiniz
Kədər niqabına, siz.
Gözümdə çöp aramayın,
Bir belə də darılmayın -
Vız gəldiniz, vaz keçdim mən
Köks ötürüb, düz keçdim mən
Düzdüm qəhrimi varağa,
qoymadım virana qala
tapşırdım ağ sabahlara.
Gözümdən yox, bax ordan
Zərrəbinlə oxuyub
bol təsəlli taparsız!
Kefinizi saz eyləyin,
Səbr eyləyin, darılmayın -
Buz dağının üstündəyəm.
Od nəfəsim buza dönüb,
buzda sınır od baxışım.
Üzü nikbin ömür ilə
qara, his-pas beyninizdə
fikrinizi azdırıram,
Bu dövr ilə həm ömrümü,
həm qəmimi qızdırıram!
Qanınızı qaraltmayın,
Sıxılmayın, darılmaym -
Buz yığıram, buz qırıram.
Buz sındırıb, buz yarıram
hərdən olur sərsəritək
buz çəmbərdə, buz çevrədə
ziyadə boş-boş gülürəm.
Solum da buz, sağım da buz
Allah bəndəsi olunuz,
bu rüzgara... bənd olmayız!
Qəlbinizə xal salmayın,
darımayın, darılmayın -
Ömür buzlara gömülür.
Olur ki, tən gecəyarı
Öz çiynimdən öz içimə
yığın-yığın qar tökülür.
Bu dağ... sizə tanış gəlməz...
Gözlərimi rahat qoyun,
Allahıma tapşırıram,
Allahlı danışınız!
Xoş işlərlə məşğul olun,
Xoşca qalın, darılmayın.
AYRILIQLAR BOYUM BİÇİMİ
Ürək susur, dodaq susur,
Ağac susur, budaq susur,
Nə bir hənir, nə bir nəfəs,
Qımıldanmayır yarpaqlar,
Gecə yalqızlıq laylası deyir,
Uyuyur qollarımda meh əsimi,
Xatirə yelləyirəm beşik kimi,
Kimsə yoxmuş, beşik bomboş,
Kimsəsizlik yeyir içimi,
Ayrılıqlar boyum biçimi!...
Ürəyim iki bölünür,
hər gün belə, yavaş-yavaş hər şey ölür
Artıq əllərim «o müqəddəs ayrığın» əllərindədir.
Əl-ələ vermişik onunla,
O çəkidə məndən çox ağır,
Mən onun tuşunda qov kimiyəm,
Çəkir məni, oyunu o aparacaq,
Nə fərqimə, artıq ayrılığa öyrəncəliyəm.
Ah, ayrılıq!
Biz ki, çoxdan tanışıq?!...
Elə əvvəlki tək, bənizimiz sopsoluq...
Xoş gəldin son ayrılıq. Qolboyun olaq.
Artıq qorxum yox.
1987
BU DƏRDLƏRİ NİYƏ, NEYÇÜN SÜRÜKLƏYƏSİYƏM
Özün qoru, qoru allahım, qoru
Süngülərdən, səngərlərdən, topdan, atomdan,
Qoru qəfil yanğından!...
Lənət şərə, şər deməsən, xeyir gəlməz.
Olmadı elə, oldu belə.
yazıq torpaq! Sinən necə cücərəcək?
Buğdaları kim becərib, kim yığacaq?
Bir məhşər gününün çəkçevirindən
Sağ-salamat çıxar olsaq,
Günəş görsək, Günəş telində görsənsək
Hansı rəngdə olasıdı dərimiz?
Hansı ahəngdə olacaq səsimiz?
Hansı dildə danışacağıq?
hara, hansı diyara,
yenə necə,
nə cür daşınacağıq?!
Əllərimiz, ürəyimiz olacaqmı?
Sevgi necə? Eşq-meşqdən əsər,
Surəti-əllamə-zad
boylanacaqmı?
Damlarını altı nə yerdə qalası, ay oba Körpəcələr
Sevgilərdən dirçələr, məqsəd güdən nikahdan?
Cavab söylə,
sevgilərsiz mayalanmış «övladların» -
ətcə-mətcələr...
yurdun karınamı gələr?! Şöhrət güdər, qeyrət güdər?
Dədə vay! Şeytana papuş tikən mindilli qulbeçələr
Görən yenə dirçələr?
Yenə kələk gələcək, yumruq altda əziləcək?
Bütün bu işlərdən sonra,
zühr edərsə şeir yazan bir sərsəri
Başını birəlli tutar, ikiəlli?
Sərbəst yazar, qafiyəli?
Güldən, bülbüldən, yardan, xoş gündən yazar,
bada getmiş ömürdən?
... Ləl cəvahirim, ən parlaq üzüyüm, YER ÜZÜM!
Tük üstündə durub dünya. De ki haqqa-imana gəlsinlər.
Tük üstündə duran dünyada, canavar tək cana varıb,
bəndələrin ... bir-birini təkləməsinlər!
Sözdü dedim.
Mən də elə bu dünyanın bir kiçicik parasıyam.
Gündüzləri öz yükümün hambalıyamsa,
Gecələri sarban olub, bu dərdləri axı neyçün,
Hara, niyə, nə vaxtadək sürüb aparasıyam?!...
1983