Harda olsam
dan söküləndə,
gün çıxanda,
Mən də yenidən
doğuluram,
dünyaya gəlirəm elə bil.
İllah da ki, gün
dağın dalından boylana,
dənizin dibindən çıxa.
lll
Harda olsam
şər qarışanda,
gün batanda,
Mən də birdən –birə
yerə çökürəm,
ölürəm elə bil.
İllah da ki, gün
dağın dalında gizlənə,
dənizin dibində bata.
2011
KƏRƏM OL
Kərəm!
Eşitdim
gəlirsən.
Amma, bu kərə,
Kərəm ol bir daha.
Sevmə Əslini.
Gəncədə Əsli yoxdur ta!
Gəl, əvvəlcə Xocalını gör.
Tanı əclinin əslini.
Sonra özün bilərsən,
İstəsən, gələrsən.
2012
TÖVBƏ QAPISI
Dünyada, təki bir fərd
tövbə edən tapılsın.
Göyə baxsın, açıqdır
göyün tövbə qapısı.
lll
Bu məbəd gecə-gündüz
heç vaxt qapanmır əsla.
Tövbə edən, yaxın gəl,
Səni gözləyir Allah.
2012
ŞAİR QABİL
Hanı gülər üzün sənin,
Hanı dəmir sözün sənin.
Şit şairlər çoxalıbdı,
Hanı dadın, duzun sənin.
lll
Dağlarda var izin –sənin.
Dərdi yenən dözüm –sənin.
Şeirin –günəş zərrələri,
Sönməz odun-közün sənin.
lll
Görükməyən hüsn sənin.
Söz ver mənə, izn sənin.
O, “qızılgül satan” – sağdır,
Bu- çox sürən hüzn –sənin.
lll
Şairə xas əzm – sənin.
Səndən uca özün-sənin.
Qəddar Vaxtın qarşısında
Qatdanmadı dizin sənin.
2012
YENƏ DƏ SABİR
Əlimi kəsirsən,
deyirsən – “tərpənmə!”
Dilimi kəsirsən
deyirsən – “sus, dinmə!”
Yanıram, üstümə
su da çiləmirsən,
deyirsən – “yan, sönmə!”
Donuram, üstümə
qartopu atırsan,
deyirsən – “isinmə!”
lll
Zalım dünya, bunca
əzab olmaz, axı!
Hamı olsa haqqın
bədbəxt qalmaz, axı!
Sevincdən qışqırsam
məni də bir görən,
eşidən tapılar.
Bir günlük də olsa
açılar taybatay
o paslı qapılar.
2012
SUAL-CAVAB
– Gəldim.
Dünyanı gördüm.
Qəlbimi sardı,
Odlu bir sual.
– Cavabına
O gördüyün dünyadan
Heç nə, tək bir
İçim su al!
2012
BİR YERDƏDİR
Əsl dünya imiş bu!
Cənnət də, cəhənnəm də.
İnsan belə aldanır,
Cənnətdə, cəhənnəmdə.
İkisi bir yerdədir,
Cənnət də, cəhənnəm də.
Yaşayırıq yerdə biz-
Cənnətdə, cəhənnəmdə.
2012
QİSMƏT
Hər kəsin qisməti gələndə bölünür.
Kiminə qoşa ovuc, kiminə tək ovuc.
Kim nə miqdar olsa əzəldən bilinir
Kiminə qoşa ovuc, kiminə tək ovuc.
lll
Çox olan çox yedi, az olan az yedi.
Çox olan gizlədi, az olan gözlədi.
Göydən də bir mələk bunları izlədi.
Kiminə qoşa ovuc, kiminə tək ovuc.
lll
Naşükür doymadı, artmağa cəhd etdi.
Durdu, zor işlətdi, zor əydi düz xətti.
Tanrıya ağ oldu, aləmi titrətdi.
Kiminə qoşa ovuc, kiminə tək ovuc.
2012
XEYİR VƏ ŞƏR
Xeyirdə xalis xeyir,
Şərdə də tam xalis şər.
Bir bilən varmı görən,
Nə qədərdir, nə qədər?!
lll
Xeyrin zərif saçağı
Qarışıb şərə seyrək.
Şərin zəif saçağı.
İlişib xeyrə tək –tək.
lll
Nə qədər ki, dünyada
Xeyir də var, şər də var.
Deməli, dünya da var.
Dünyada bəşər də var.
2012
MƏKR DAĞARCIĞI
Yaranışdan elə budur
Üzdədir iti qılçığı.
Heç nədən bəhanə tapır,
Divara yaxır palçığı.
Dilinə nə gəlsə deyər,
Boşdur ağzının çax-çaxı.
Fikirdən fikrə addayır,
Dolaşır məna saçağı.
“Srağagün” – nədir bilmir.
Qarışıq salır hacağı.
Sözün gözünə qum atır,
Örtülür sözün açığı.
Qarnı qurtlu, qəlbi soyuq
Dil altında var bıçağı.
Dünən-ölü, sabah –nisyə,
Bəyənir yalnız bu çağı.
Sənətə meyli varsa da
Yoxdur zərrə qanacağı.
Əyrini – görəndə susar,
Düzə – “hə” deməz, ha çığır!
Tanıtdım aləmə bunu
Tutsa da mənə acığı.
Buna tək bir ad yaraşır,
Yalnız məkr dağarcığı.
2009
NƏFS YIXAN
Köhnə səfər atında
Zaman çapır irəli.
Köhnəlsə də köhləni
Dartıb çəkir illəri.
lll
Gəlib-gedirlər daim.
İnsanlar nəsil-nəsil.
Sonda baxıb görürsən.
Bir şey olmayıb hasil.
lll
Həyat öz axarıyla
Hey axır... Mütəmadi.
Yaşamaq, çox çətinmiş
Heç də deyilmiş adi.
lll
Bu yalançı dünyada
Çox zalımdı adamlar.
Dost yıxan, rəqib yıxan,
Ev yıxan, qəlb yıxan var.
lll
Şəhər yıxıb dağıdan,
Milləti yıxan da var.
Camaata qarışan,
Aradan çıxan da var.
lll
Nə əcəb, indiyədək,
Yalnız dünyada bir kəs,
Cəhd eləyib yəni, öz
Nəfsini yıxa bilməz.
lll
Bu – inqilab olardı,
Min ildə bir inqilab.
Gələcəyə qalmaqçın
Budur – ən doğru cavab.
lll
Nə qədər çox olsaydı
Nəfsinə “dur” – deyənlər.
O qədər azalardı
Mərifət bilməyənlər.
lll
Nə əcəb, mərd ürəkli
Bir pəhləvan tapılmır.
Dünya yıxılan yerdə
Bir nəfsi yıxan olmur.
lll
Qayıtsın dilimizə
Yenə də “nəfsini bas”
Onda ikicə kəlmə
Dünyanı edər xilas.
2012
MƏNİM GÖRDÜYÜM
MƏMUR
Mənim gördüyüm məmur,
Təzə biçimli kübar.
Salaməleyki əmr,
Ədasında hökm var.
lll
Mənim gördüyüm məmur,
Ağ mərmərdən un umur.
Şüşədən büllur alır.
Yumurtadan yun qırxır.
Nə insanı tanıyır,
Nə də Allahdan qorxur.
Qonşusu acdı, toxdu,
Əsla xəbəri yoxdu.
lll
Bizi yaşadan göydən,
Fövqəladi havadan
Asılıyıq biz müdam.
Bilir bunu hər nadan,
Bilir bunu hər naşı.
İnsanın udum –udum,
Nəfəs almaqdır işi.
Bunun nəfəsindəki
“Ə”lərdən biri düşüb.
“Nəfəs” çönüb, “nəfs” olub.
Nəfslə yaşayıb – bu!
Hələ indən belə də,
Nəfslə yaşayacaq.
Çünki o, başdan –başa
“Nəfs – adam”dır, yaxşı bax!
lll
Cəmi millət naminə.
Bir iş görülsə, fəqət.
Dəbərsə dağ-daş belə.
Oyansa bütün millət.
Cücərməz onda qeyrət.
Lap dünya dağılsa da,
Darmadağın olsa da
Aləm səs –küy, qiyamət
Qopsa da dərk eləməz.
Buna yaddır, bu adət.
Çıxmaz ondan səs –səmir.
Bir növ bəşərdir bu da!
Mənim gördüyüm məmur.
2012
RƏVAYƏT
(Yeni variant)
Hikmət dolu,
İbrət dolu,
Eyham dolu,
Bir məsəldi – bu!
Nağıl deyil,
Yalan deyil,
Buna bənzər
Nəsə olub.
Ululardan
eşitmişəm.
Keçmişdə,
bir məmləkətdə
bir zalım şah yaşardı.
Onun həndəvərində
bir də bir qəssab vardı.
Hər ikisi
baş kəsməkdə peşəkardı.
Həmxasiyyət,
həmniyyət,
Həmsevinc,
həmdərd,
Həm də möhkəm
dost idilər.
Bir səhər...
baş meydanda,
ali fərmanla
bir cavanın
bir əlini
kəsəcəkdilər.
İşin şirin yerində
qəssabın daş ürəyi,
yumşaldı birdən.
Qum üstündə
ot göyərdi.
Diz çöküb dedi –
– Şahım, onu
mənə bağışla,
Əgər günahı varsa
cəzasını verər Allah.
Şah yerə salmadı
dostunun sözün
Cavanı azad etdilər,
həmin gün,
dərhal, o saat.
Amma, tələsmə, övlad,
gör, nə oynayacaq,
bu fırfıra həyat!
Demə, qəssabın
pis bir
şakəri də varmış,
etdiyi yaxşılığı
başa qaxarmış.
Taq, taq,
taq, taq.
Dəxli yoxdur
harda,
haçaq.
Görüşəndə,
Söz düşəndə,
gündüz də,
gecə də
Soruşardı hey...
Əlin necədi?
Necədi?
Necədi?
O, da eşitdikcə,
Əlini gizlədərdi.
Gizlədə bilmirdi,
amma, bu dərdi.
Kimsə onu
qarabaqara
izləyirdi elə bil.
O kəsilməli əli də
heç onunku
deyilmiş kimi,
Sızıldayırdı ara bir.
Bir dəfə,
üç dəfə,
beş dəfə,
on dəfə.
Bir dəfə də oldu
son dəfə.
Daşdı səbr kasası.
Bir göyə baxdı,
bir yerə baxdı.
Gördü miz üstədi,
qəssab baltası.
Qeyzlə,
qəzəblə,
hirslə.
– “Bəsdir başıma qaxdın!”
deyib, qapdı baltanı.
Tavana sıçradı
əlinin qanı.
Rəvayəti söyləyənlər,
bunu da deyirlər;
qəssab sonra
peşman olub.
Tutulub
əli –ayağı.
Yalandımı,
doğrudumu,
deyə bilmərəm.
Amma buna bənzər
nəsə olub.
Hikmət oldu
İbrət oldu.
Eyham oldu,
bir məsəldi – bu.
Bakı, 2001-2012-ci illər