Bir axşam otağına sehrli bir güc gələ,
Qayıdasan keçmişə - otuz bir il əvvələ...
 
Hovxura əllərini isti iyun havası,
Toxuna yanağına ötən günün ziyası...
 
Ömrün dar köynəyindən otuz bir ilmə düşə,
Sancaqtutmaz saçların yenə belinə düşə...
 
Haradasa kimsə də həsrətindən sarala,
Qəlbin təlatümündən gözlər yuxusuz qala...
 
Şirin ola sevgidən çəkdiyin çilə belə,
Könlün zərif gül kimi bir də açıla bilə...
 
Məhəbbətli ürəyin, kədərsiz başın ola,
Nə ola bir dəfə də on yeddi yaşın ola!
 
 
———
 

 

...
Görəsən, indi hardadır
Mənim maraqlı insanım?
Hər fəsildə yaz gözləyən, 
Həmişə haqlı insanım?

 

 

Yəqin yenə gileylənir
Küləkli boz havalardan,
Yenə qaçır söz üstündə
Düşən yersiz davalardan?

 

 

Yenə də mahnı dinləmir,
Susur sükan arxasında,
Yenə sürür həyatını
Od ilə su arasında?

 

 

Yenə donub yalanlardan,
Qalın geyinir əynini,
Onun olmayan dünyada
İtmiş sayır əməyini?

 

 

Yenə qatıb-qarışdırır
Nisgilini zarafatla,
Hələ də barışa bilmir
Onu üzən boş həyatla?

 

 

Görəsən, hardadır indi
Mənim maraqlı insanım?
Hər yerdə düzlük axtaran
Əliçıraqlı insanım?..
 

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə