Martın 28-də Türkiyənin İstanbul şəhərində Türk Ədəbiyyatı Vaqfının təşkilatçılığı ilə Xalq yazıçısı Anarın yubiley tədbirlərinə start verilib. 

Azərbaycandan böyük nümayəndə heyətinin qatıldığı tədbirlərə gəmi gəzintisi ilə başlanıb. İstanbulun Avropa tərəfindən Asiya tərəfinə üzən gəmidə yazıçının 80 illik yubileyinə həsr olunmuş ilk tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Türk Ədəbiyyatı Vaqfının sədri Sərhəd Kabaklı türk dünyasının canlı Dədə Qorqudu Anarın yubileyini keçirməkdən qürur duyduğunu dilə gətirib: “Türk dünyasının ortaq dəyəri, böyük yazıçısı Anarın 80 illik yubileyini qeyd etməkdən çox məmnunuq. Hesab edirik ki, bu cür şəxsiyyətlər yüz ildə, min ildə bir dəfə gəlir dünyaya, ona görə onların qədrini bilmək və yaratdığı gözəl əsərləri yaymaq hamımızın borcudur”. Daha sonra yazıçı-tərcüməçi İmdat Avşar Anarın yaradıcılığı ətrafında çıxış edib, onun türk dünyası qarşısında böyük xidmətlərini vurğulayıb: “Anar müəllim sadəcə bir Azərbaycan yazıçısı deyildir, o, uzun zamandır ki, türk dünyasının ortaq dəyəri kimi könüllərimizdə yer alıb. Anarın əsərlərində İstanbul, dəniz, gecə mövzuları qırmızı bir xətlə keçdiyi üçün Türk Ədəbiyyatı Vaqfı yubiley tədbirlərinə bu cür start vermək qərarına gəldi. Burda hər birimiz onun əsərlərini oxuyan, sevən, dəyərləndirən adamlarıq, ona görə də bu mövzuları seçdik”.

Daha sonra “Anar və dəniz” mövzusunda çıxış edən Pərvin dənizin Anarın həm həyatında, həm də yaradıcılığında xüsusi yer tutduğunu vurğulayıb: “Anarın ilk hekayələrindən birinin adı “İki dəniz” idi, bölünmüş Azərbaycanı belə simvollaşdırmışdı yazıçı. Daha sonra başqa əsərlərində də dəniz ən müxtəlif üsullarla təsvir olunub. Məsələn, “Ağ liman”da Təhmin yuxusunda ağ liman və qırmızı gəmilər görür, “Ağ qoç, qara qoç”da şəhərini viran görən Məlik Məmmədli başını götürüb dənizin kənarına enir və elə ağ qoçun arxasınca da məhz dəniz sahilində qaçır. Heç şübhəsiz ki, Anarın dənizə münasibəti uşaqlığı ilə, Buzovna bağlarında, dəniz sahilində yaşadığı günlərlə bağlıdı. Və o uşaqlıq xatirələridir ki, əsərlərində fərqli şəkildə ifadə olunub”.

Sonra yazıçı Günel Anarqızı çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib: “İstanbulda, belə insanlarla bir yerdə olmaq çox böyük sevincdir. Ona görə ki, uşaqlıqdan İstanbul bizim həsrətimiz idi. Atamın Türkiyə sevgisi bizə də təsir etmişdi. İndi ailəmizlə, anamla, atamla, bibilərimlə burda olmaqdan çox xoşbəxtəm. Atamın yubileyinin Türkiyədə keçirilməsinə, bu tədbirlərin təşkilatçılığına görə ailəmiz adından Türk Ədəbiyyatı Vaqfına təşəkkürümüzü bildiririk”.

Daha sonra Türk sənətçisi, müğənni Məhmət Özqaya Azərbaycan xalq mahnılarından ifa edib. Türkiyə oxucularının, media mənsublarının iştirak etdiyi tədbir Anarın əsərləri haqqında çıxışlarla davam edib.

Növbəti gün, martın 29-da Türk Ədəbiyyatı Vaqfında Xalq yazıçısı Anara “Yaşayan Dədə Qorqud” mükafatının təqdimetmə mərasimi və “Anarın bədii yaradıcılığı” mövzusunda Konfrans baş tutub. Tədbiri giriş sözü ilə açan şair-tədqiqatçı Özcan Ünlü Anarın yubileyinin İstanbulda keçirilməsinin böyük bir hadisə olduğunu söyləyib: “Anar türk coğrafiyasının ortaq səsidir. Əsərlərində türk ruhunu yaşadan, qoruyan, ömrü boyu ümumtürk mədəniyyətinə xidmət edən böyük yazıçımızın yubiley tədbirlərinin burda keçirilməsi son dərəcə qürurverici hadisədir. Türk ədəbiyatı vaqfı “Yaşayan Dədə Qorqud” mükafatı təsis edib. İki ildə bir dəfə türk dünyasının önəmli simalarına bu mükafat təqdim olunacaq. İlk mükafatı Anar Ustada təqdim etmək üçün sözü hörmətli Sərhəd Kabaklıya veririk”.

Türk Ədəbiyyatı Vakfının sədri Sərhəd Kabaklı Anarın Dədə Qorqud müdrikliyində, möhtəşəmliyində bir sənətkar olduğunu söyləyib: “Anar 80 illik ömür və uzun yaradıcılıq yolunda hər zaman türkçülüyün təəssübkeşi kimi çıxış edib, onun keşiyində durub. Həm bədii əsərlərində, həm də publisistik məqalələrində ümumtürk ədəbiyyatını, mədəniyyətini şərəflə təbliğ edib. Dünyanın çeşidli yerlərində, yüksək kürsülərdən etdiyi çıxışlarıyla millətinin ağrılarını, acılarını dilə gətirib, ziyalı mövqeyini çəkinmədən bildirib. Həmçinin, hələ sovetlər dönəmində “Kitabi Dədə Qorqud” dastanı əsasında film ssenarisi yazması, dastanın əsas ideyasını geniş kütlələrə çatdırması Anarın öz xalqına, millətinə sevgisinin, milli köklərə bağlılığının göstəricisi olub. Əsərlərində hər zaman azad insanın tərəfində olan Anar türk insanının da azadlığını hər şeydən vacib bilib, bunu ifadə etməyə çalışıb. Azərbaycan müstəqilliyini qazanandan sonra Türk xalqlarının birliyi, bərabərliyi adına xeyli böyük işlər görən Anar rəhbəri olduğu Yazıçılar Birliyində də qardaş xalqların ədəbiyyatlarının yaxınlaşması, mədəni əlaqələrin möhkəmlənməsi üçün əməyini əsirgəməyib. Bütün bu gördüyü işləriylə Türk dünyasının ortaq dəyərinə çevrilmiş Anar “Yaşayan Dədə Qorqud” mükafatı ilə təltif olunur”.

Xalq yazıçısı Anara mükafat təqdim olunduqdan sonra yazıçı təşkilatçılara təşəkkürlərini bildirib: “İstanbulda Dədə Qorqud mükafatına layiq görülmək mənim üçün ikiqat sevincdir. Ona görə hörmətli Sərhəd bəy başda olmaqla tədbirin təşkilatçılarına, mükafat təsisçilərinə təşəkkür edirəm”.

Daha sonra yazıçı-tərcüməçi İmdat Avşarın moderatorluğu ilə “Anarın bədii yaradıcılığı” mövzusunda konfrans keçirilib. İmdat Avşar Anarın ömür və yaradıcılıq yolundan söz açıb, əsərlərinin türk dünyasında yayılmasını, sevilməsini dilə gətirib: “Bu günlərdə Anarın “Yaxşı padşahın nağılı” əsərini bütün türk ləhcələrində bir kitabda yayımladıq. Hələ sovetlər dönəmində yazılan bu əsərdə rejimin bütün naqis cəhətləri bir nağıl dilində ifadə edilib. Bu mənada Anar ustadın bütün əsərlərində mühitə, zamana bir etiraz görə bilərsiniz. Sadəcə bu etiraz hər əsərində bir cür üzə çıxır...” Anar tədqiqatçısı Pərvin yazıçının əsərlərində millətinə, xalqına sevginin qırmızı xətlə keçdiyini söyləyib: “Anarın Azərbaycanın müstəqillik əldə etməsindən sonrakı dövr yaradıcılığına nəzər salsanız, görərsiniz ki, onun əsərlərindəki mövzular ölkənin taleyi ilə paralel inkişaf edir. Qarabağ olayları başlayan kimi Anar “Qırmızı limuzin”, “Vahimə”, “Otel otağı” yazdı, vətəni sarıdan nigaranlıqlarını “Ağ qoç, qara qoç” əsərində dilə gətirdi. Hələlik ən son yazdığı “Göz muncuğu” romanı isə Anarın ümumiyyətlə bəşəriyyətə, dünyaya, insanlığa münasibətinin cəmidir”.

Türk Ədəbiyyatı dərgisinin redaktoru Bəxtiyar Aslan “Anarın “Ağ qoç, qara qoç” əsərində utopiya və antiutopiya” mövzusunda məruzə edib: “Anar bu əsərində şəxsi utopiyasını, xəyallarının Azərbaycanını və bunun tam əksini göstərir. Bakını türk dünyasının mədəni mərkəzi kimi təqdim edir. Əsərin utopiya hissəsində türk dünyasının bütün ortaq dəyərləri, ədəbi-mədəni abidələri Bakıda yerləşib. Bu da Anarın türk dünyasına sevgisini göstərir. İkinci antiutopiya hissəsində isə dağılmış, üçə bölünmüş şəhər yazıçının narahatlıqlarını göstərir. Bizlərin çıxardığımız nəticə odur ki, Anar demək istəyir ki, utopiyası olmayan bir millət yaşaya bilməz, var ola bilməz”.

Günel Anarqızı “Qızının gözündə Anar” mövzusunda danışıb, atasıyla bağlı bəzi uşaqlıq xatirələrini dilə gətirib: “Atam da, anam da uşaqlıqdan bizə nümunə olublar. Anamın alim kimi, atamın da yazıçı kimi həmişə necə zəhmətkeş olduqlarını görmüşəm. Bəzən soruşurlar ki, valideynlərim bizə necə tərbiyə veriblər, mən də həmişə cavab verirəm ki, onlar sadəcə öz əməlləri, həyat tərzləri ilə tərbiyələndiriblər bizi. Atamın təkcə öz yaradıcılığı yox, həm də təbliğ etdiyi sənətkarlar, esseistikası mənim dünyagörüşümə ciddi təsir edib”.

TÜRKSOY-un Azərbaycan təmsilçisi Elçin Qafarlı Anarın yeni çapdan çıxmış “Çağdaşlarım” kitabını mərasim iştirakçılarına təqdim edib: “Bu kitabda Anarın türk dünyasının müxtəlif simaları ilə bağlı esseləri yer alıb. Bu kitabı oxuyan hər kəsin türk dünyasının dəyərləri haqqında məlumatı olacaq. Bu kitab Anarın bələdçiliyi ilə türk dünyasını səyahət etməyə imkan verir”.

Tural Anaroğlu yazıçı Anarın Türkiyəyə nə qədər bağlı olmasından danışıb: “İllər öncə atam İstanbula işləməyə, universitetdə dərs deməyə gəldi və bir neçə ay yaşadı da burda. Mən də uzun illər burda yaşayıb işləmişəm və həmişə Anarın İstanbula gələndə necə sevinməsini, xoşbəxt olmasını görmüşəm. Bugünkü tədbirlərə görə ailəmiz adından hər kəsə öz minnətdarlığımı bildirirəm”.

Yazıçının xanımı, musiqişünas-alim, akademik Zemfira Səfərova Anarın zəhmətkeşliyindən, fədakarlığından söz açıb: “Türk dünyasının iki ulduzu, dahi bəstəkar Üzeyir Hacıbəyli və Anar mənim taleyimə təsir edib. Tale elə gətirib ki, gənclik illərimdən Üzeyir Hacıbəyli yaradıcılığı ilə, irsi ilə məşğul olmuşam. Üzeyir Hacıbəyli yaradıcılığı elmi fəaliyyətimdə əsas yer tutur. Anarla isə həyatımı, taleyimi bağlamışam. Sevinirəm ki, millətimin Anar kimi oğlu, övladlarımın Anar kimi atası var. Anarın yorulmazlığı, durmadan çalışması məni həmişə heyrətləndirir”.

Tədbirin sonunda Türk Ədəbiyyatı Vaqfı yazıçı Anara, Günel Anarqızına, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə, Pərvinə, Seyfəddin Hüseynliyə, Təranə Vahidə fəxri üzvlük vəsiqələri və təşəkkürnamələr təqdim ediblər. Həmçinin, Azərbaycan Yazıçılar Birliyinin təşəkkürnamələri tədbirin təşkilatçılarına təqdim olunub.

Fasilədən sonra yubiley tədbirləri Yeni yüz il universitetində davam etdirilib. Tədbiri giriş sözü ilə açan universitet rektoru professor Yaşar Hacısalioğlu Anarın əsərlərindən türk insanını öyrənməyin mümkün olduğunu söyləyib: “Hörmətli Anarın əsərlərinin alt qatına getdikcə ən fərqli insan həyatlarından örnəkləri gördüm. Anladım ki, bunlar hamısı gerçək həyatın əslidir, sadəcə bir qurama deyil. Anarın əsərlərində hər kəs özünü, öz şəxsi yaşantılarını görə bilər. Eyni zamanda, sosial, ictimai problemlərin də əksi bu əsərləri oxunaqlı edir. Türk dünyasının Dədə Qorqudu ödülünü alan Anar çox əvvəllərdən bu adı haqq edən ziyalımızdır. Biz çox sevinirik ki, bu gün universitetimizin tələbələri, müəllimləri belə bir ziyalı ilə, yazıçı ilə canlı ünsiyyətdə ola biləcəklər”.

Açılış nitqlərindən sonra Yeni yüz il universitetinin dosenti Erol Ülgənin moderatorluğu ilə müzakirələr baş tutub. Rəşad Məcid “Anar və türk dünyası” mövzusunda çıxış edib: “Anar müəllimlə türk dünyasının fərqli yerlərində səfərlərdə olmuşuq, həm ona olan sevgini, həm də onun türk dünyasına sevgisini müşahidə etmişəm. Yadımdadı, hələ Qarabağ olayları başlayan ərəfələrdə Anar müəllim “Qarabağ şikəstəsi” essesini yazmışdı və biz bu esseni az qala əzbər bilirdik. Anar müəllimin müxtəlif məsələlərə ayıq münasibəti, ədəbiyyata, sənətə yanaşması, yazdığı əsərlər nəsil-nəsil Azərbaycan oxucusunu yetişdirib”.

Tərcüməçi, “525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynli “Anarın sovet dövrü yaradıcılığında türk dünyası” mövzusunda çıxış edərək hələ o dövrdə Anarın yasaq mövzularda necə cəsarətlə çıxışlar etməsini, publisistik məqalələr yazmasını diqqətə çatdırıb: “Anar müəllimin hələ Sovet dövründə Dədə Qorqud mövzusuna müraciəti xeyli böyük cəsarət tələb edirdi. Eyni zamanda. Nəsimi, Xətai, Füzuli haqqında yazdığı esselər də o vaxt bizlərə xeyli təsir etmişdi. Bu cür yazılar, esselər vasitəsiylə oxucu Anarın təqdimatı ilə türk dünyasının müxtəlif sənətkarlarını öyrənə bilirdi. Şükürlər olsun ki, zaman dəyişdi və Anar müəllim türkçülük ideyalarını daha açıq, rahat şəkildə qələmə ala bildi”.

Daha sonra Pərvin yazıçının bacısı, ərəbşünas-alim Fidan Rzayevanın qələmə aldığı “Yorğun gəmi” essesini səsləndirib. Esse mərasim iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Sonda yazıçı çıxış edərək universitet rəhbərliyinə, təşkilatçılara təşəkkürlərini çatdırıb: “Əziz dostlar, iki gün sizlərlə unudulmaz günlər yaşadım. 80 il az vaxt deyil, uzun bir ömür yaşamışam, tənqidlər də, təriflər də eşitmişəm. Amma çıxardığım nəticə budur ki, insan gərək tənqidə də, tərifə də ayıq baxsın. Sizlərə bu günlərdə eşitdiyim xoş sözlərə, təriflərə görə təşəkkür edirəm. Türk Ədəbiyyatı Vaqfına, başda Sərhəd Kabaklı olmaqla, Yeni yüz il universitetinə, rektor, professor Yaşar Hacısalioğlu başda olmaqla təşəkkür edirəm. Universitetin adı Yeni yüz il olduğu üçün iki şeirimlə çıxışımı yekunlaşdırıram”. Xalq yazıçısı “XX əsrin son bədbin şeiri” və “XXI əsrin ilk nikbin şeiri” adlı şeirlərini səsləndirib. Sonda təşəkkür bəlgələri təqdim olunub, həmçinin, yazıçı imzalı kitablarını universitet tələbələrinə hədiyyə edib.  

Nəzrin

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə