Möhtərəm cənab Prezident!

Sizi – Azərbaycan Respublikasının Prezidentini və Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanını, müasir dünyanın böyük dövlət və siyasət xadimini 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik!

Ömrünüzün uğurlarla zəngin olan bu 60 illik mərhələsində milli tariximizin bir çox parlaq səhifələrinə cəsarət və qürurla imza atmışsınız.

Ümummilli Liderimiz Heydər Əliyevin və görkəmli alim akademik Zərifə xanım Əliyevanın sağlam və möhkəm mənəvi təməllər üzərində qurulan müqəddəs ailə ocağında doğulub boya-başa çatmış, yüksək vətənpərvərlik və dövlətçilik ruhunda yetişmişsiniz.

Mükəmməl təhsil alaraq, ciddi həyat məktəbi keçərək və ən əsası, əziz atanız – Ulu Öndərimiz Heydər Əliyevin üstün idarəçilik və dövlət quruculuğu ənənələrini məharətlə mənimsəyərək, onun başladığı çətin, şərəfli yolu uğurla davam etdirmiş, çağdaş Azərbaycanın qüdrətli rəhbəri mövqeyinə ucalmışsınız. İndi Azərbaycan torpağının böyük quruculuqdan xəbər verən hər qarışında, ölkəmizin müasir mənzərəsinin hər bir işıqlı cizgisində Ümummilli Liderimizlə bərabər Sizin də möhtəşəm imzanız, silinməz izləriniz vardır.

Çoxəsrlik Azərbaycan tarixinin ən şanlı səhifəsi – Qarabağımızın və erməni işğalına məruz qalmış bütün torpaqlarımızın azad edilməsi, 2020-ci ildə 44 gün davam edən müqəddəs Vətən Müharibəmizin şanlı 8 Noyabr Zəfəri ilə başa çatması da məhz Sizin vətənpərvərlik, rəhbərlik və sərkərdəlik əsərinizdir. Azərbaycan Ordusu Sizin Ali Baş Komandanlığınız altında əzmlə savaşaraq dünyanı heyrətə salan hərb möcüzəsi göstərdi. Bu tarixi Zəfərə imza atmaqla Siz bir daha xalqımızın, bütün dünya azərbaycanlılarının əbədi məhəbbətini və sonsuz minnətdarlığını, dost və qardaş xalqların, vətənpərvər, azadlıqsevər insanların dərin rəğbət və hörmətini qazandınız. Misilsiz iftixar hissilə elan etdiyiniz Şuşa Zəfəri millətimizin hər bir fərdinə ömür boyu unudulmayacaq, yüzillər boyu yaddaşlardan silinməyəcək sevinc hissi, bəxtiyarlıq duyğusu yaşatdı.

Hazırda Qarabağda, Şuşada, Ağdamda və digər azad edilmiş ərazilərimizdə aparılan nəhəng quruculuq işləri Azərbaycan tarixinin yeni zəfərlər salnaməsinin fərəhli müjdələridir.

Möhtərəm cənab Prezident!

Siz Azərbaycan ədəbiyyatı və mədəniyyətinə, xalqımızın minilliklər boyu yaratdığı qiymətli mənəvi-mədəni irsə yüksək münasibətinizlə, son dərəcə həssas yanaşmanızla da Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli və etibarlı davamçısı olduğunuzu aydın şəkildə nümayiş etdirmişsiniz.

Vətən Müharibəsi başa çatandan, torpaqlarımız işğaldan azad ediləndən sonra Sizin təşəbbüsünüzlə Qarabağdakı ilk işlərdən biri Şuşada böyük şairimiz Molla Pənah Vaqifin məqbərəsinin təmiri və açılışı, Vaqif Poeziya Günlərinin təşkil edilməsi oldu. Bütün bunlara görə Sizə ən səmimi duyğularla minnətdarlığımızı bildiririk. Bu günlərdə yekdil qərarla Azərbaycan Yazıçılar Birliyinə Fəxri Üzv seçilməyinizi də Sizə minnətdarlığımızın ifadəsi olaraq qəbul edəcəyinizə inanırıq.

Möhtərəm cənab Prezident!

Sizin də bildiyiniz kimi, belə bir fikir var ki, 60 yaş insan ömrünün daha da müdrikləşmək çağıdır, eyni zamanda, hələ çox-çox illər güclü enerji ilə çalışmaq, səmərəli fəaliyyət göstərmək üçün olduqca uyğun vaxtıdır. Qadir Allahdan diləyirik ki, Sizin simanızda bu fikir özünün ən dəqiq və ən uğurlu təsdiqini tapsın.

Şəxsiniz, ailəniz və bütünlüklə xalqımız üçün bu əlamətdar hadisə - 60 illik yubileyiniz münasibətilə Sizi bir daha ürəkdən təbrik edirik! Sizə möhkəm can sağlığı diləyir, Azərbaycanımızın aydın gələcəyi, millətimizin rifahı və dövlətimizin davamlı tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar, ailə xoşbəxtliyi, atalıq və babalıq sevincləri arzulayırıq! Allah Sizi qorusun!

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə