Sevda dolu o anları,
Baharları, xəzanları,
O park, o xiyabanları
Sən də andın, mən də andım.
Biz sarvandıq, bu eşq karvan.
Bu karvanın yolu rəvan.
Xoşbəxtlikdir ən son ünvan,
Sən də sandın, mən də sandım.
Qoydu bizi gör nə hala,
Çapdı atını dördnala,
Çata bilmədik vüsala.
Sən tələsdin, mən yubandım.
Deyirdin “Dinlə, əzizim”
Bu eşqin bükülməz dizi.
Bir ölüm ayırar bizi.
Sən danışdın, mən inandım.
Dedilər: “Danış düzünü!”
Sordular sözün yüzünü.
“Onu sevirəm” sözünü,
Sən söylədin, mən utandım
Nələr çəkdik, kimsə bilməz.
Aşiq ölər, eşqi ölməz.
Eşqin yolu gedər-gəlməz,
Sən gedirdin, mən dayandım.
Leyli sən, Qeys Qaya imiş.
Dünya yalan, riya imiş.
Bu sevgi bir röya imiş,
Sən mürgülü, mən oyandım.