Mən heç bir vaxt axtarmaram,
Məndə ölən bir insanın
Hardadır deyə məzarını.
Həm də o insanın “ölümünə”
Mənəmsə səbəb.
Bilirəm ki,
Onun qəbri,
Vicdanımın baş ucunda bir yerdədir.
Nə qədər ki yaşayıram,
Onun yeri bir isimsiz məzar kimi
Elə mənim qəlbimdədir.
Gecələri rahat olmaz
Nə vicdanım,
Nə mənliyim.
Şübhə kimi pıçıltıyla ,
Ruhu rahat olsun deyə
Duaları oxuyaram.
Bəlkə belə günahımı
az da olsa azaltmaga çalışaram.
Hər səhər də,
Üstü şehli çiçəkləri
Doya-doya qoxlaram ki,
Çiçəkləri çox sevərdi.
Bəlkə ətri,
Qəlbimdəki məzarına gedib çata.
Durmaz ürək,
Sonra yenə bir dəstə də
“Od rəngində”olan güllər toplayaraq,
Göz yaşımın iz saldığı bir cığırla
Üz tutaram ,
Kimsəsizlər dəfn olunan məzarlığa.
Başdaşısız bir məzarın kənarında
Səssiz-səssiz ağlayaraq,
O məzarın sinə daşı üzərində
Bulud kimi leysan töküb,
Göz yaşımla yuyaram mən,
Tozda itən
Bir vaxt özüm həkk etdiyim bu cümləmi:
“Sən qəlbimdə öldüyün gün,
Bu məzarda dəfn elədim ürəyimi”