Bu nə sirrdi? İnsanları tanımıram!..

Adamdımı, yoxsa kimdi yanımızda yaşayanlar?

Fikir versək - çoxlarının iki üzü,

çoxlarının min dili var.

 

Təpəgöz də şükürlüdür,

Çoxunun heç gözü yoxdu.

Çuval boyda ağız varkən,

danışmağa sözü yoxdu.

 

Ayaqları fil ayağı –

həqiqətin üstdən keçib tapdalayır.

Qarınları harınlıqdan partlayarkən,

neçə insan səfalətdə çabalayır.

Insafları deşik-deşik,

vicdanları döyənəkdi!

Əl yerinə - iki qarmaq,

baş yerinə - boş sənəkdi...

 

Nə dəhşətdi!

İstəyirlər

adamların arasında çoxalsınlar...

İstəyirlər adam kimi adamlardan çox olsunlar...

Kim açacaq bunca mənfur varlıqların paxırını?

Belə getsə,

belələri gətirəcək bu dünyanın axırını!

Dələduzlar “İnsan” adı arxasında gizlənərkən,

niyə gərək bu utancdan biz əriyək?

Bir düşünün,

axı bizə nə düşüb ki, onlara da

adam deyək?

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə