Gəl nəfəsim ol

birgə gülümsəyək yaxınlaşan kədərə.

Göz yaşlarında gizlənmə,

gülüşlərimi alırsan əlimdən.

 

Gəl, dol gözlərimə

gülüşlərlə basdırım səni əllərimə

Gəl, nəfəsim ol

icazə verməyək uzaqlaşan gülüşlərin getməyinə.

Getmə, gəl,

gəl musiqidəki kədəri dinləyək,

həyatın ondan betər olduğunu anlayıb

qədəhləri toqquşduraq keçmişimizə.

Gəl küncdə dayanan körpə gözlərin

çirkli bədəninə ağlayaq.

Qəhərlənək

atasız qızın şəhvətlə atan sinəsinə ..

Başını aşağı salmayıb

bizə zillənən ehtiras gəlinciyinə

içək bu gecə.

Gəl o qızın ardında gizlənən

ağarmış saçlara baxaq.

“ Qızını döyməyən, dizini döyər “ deyib

anadan üz çevirənlərə baxaq .

Baxın ! BAXIN !

Gəl, getmə, vicdan, getmə

getsən, içdiyin qədəhlə

bataqlığa düşəcəksən .

Qapa gözlərini, o gəlincikləri görmə,

məzarda goru çartlayan

ataların cəmiyyətinə getmə, vicdan .

Bu gecə ..

Bu gecə çox qaranlıqdır ..

Qapını örtmə, nəysə fısıldayır dodaqlar sənə.

“ Bataqlığın cəmiyyətlə eyni anlam daşıdığını bilirdinmi ?! “

söyləyir sənə.

Gecə  bu gecə doğru söyləyir !

İnan, vicdan,

inan, bu dəfə ..

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə