Haçansa könlümə bir həvəs gələr,
Əllərim uzanar sevgiyə sarı.
Haçansa evimə bir nəfəs gələr,
Bir az da uzanar eşqin yolları.
Sevinclə vurarıq başa hər anı,
Ağrıya, acıya gərərik sinə.
Bir gün də... unudub əhdi-peymanı
O qız dönük çıxar məhəbbətinə.
Qurbanı olarıq nifrətin, kinin,
Beləcə bir evin çırağı sönər.
Anıb günahını, anıb səhvini...
Yenə də o gözəl geriyə dönər.
Gözündən sel kimi yağar yağışlar,
Qəlbimlə ağlımın davası başlar.
Gəzib dolaşaram aranı, dağı,
Bir səs qulağıma gəlib çatacaq:
“De, mənim günahım bəs nədir axı?
Hardasan, hardasan, qayıt, atacan?!
Qayıt, ömrüm-günüm, qayıt, tez gəl sən,
Təzəcə alışan bir şamam mən, şam.
Atamın, anamın tutub əlindən
Hələ bu dünyanı tanımamışam.
Başqa fikirləri gəl başından at,
Mənim taleyimi bir düşün barı.
Gəl mənim üstümdə qanad ol, qanad,
“Qanada möhtacdı qız uşaqları”.
Bu səsdə ilahi bir duyğu yaşar,
Qəlbimlə ağlımın davası başlar.
Sonra bir gecənin aydınlığında
Kimsəsiz sahilə yan alacağam.
Bu tənha çağımda, qəmli çağımda
Oturub xəyala mən dalacağam.
Balıqlar tullanıb düşər min kərə,
Ləpələr gümüştək parıldayacaq.
Gözlərim zillənib uca göylərə
Baxıb ulduzları bir-bir sayacaq.
Xoş anlar “əlvida” deyəndə bizə,
Möhnətsiz bir heyrət çəkər fikrimi,
Bir durna ayrılıb düşər dənizə,
Durub qışqırarm mən dəli kimi.
Səsimə səs verər qayalar, daşlar,
Qəlbimlə ağlımın davası başlar!